Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:21

Böyü, buzovum, böyü!


"Əyalətdən məktublar"

Azər Əli "Böyü, buzovum, böyü!" (FELYETON)

"Gör nə qədər bədbəxtik ki, heyvanlar bizə zamin dayanır".

Mənə vacib pul lazım idi, özü də nə az, nə çox- düz 500 manat. Elə fikirləşməyin ki, bələdiyyə üzvlüyünə namizədliyimi irəli sürmüşdüm və borc-xərclə təbliğat-təşviqat işlərimi təşkil etməyə, seçiciləri ələ almaq üçün işlərə (yollara qum-çınqıl tökmək, mal kəsib ətini kasıb-kusuba paylamaq və s.) vəsait sərf etmişəm.

Yox, belə deyil. Heç təzə kitab çıxarmaq eşqinə də düşməmişəm.

Bildiyim, bacardığım bir alış-veriş işi də yoxdur ki, ona sərmayə tapıb qoyum. Onda soruşa bilərsiniz: pul mənim nəyimə gərəkdir? Deyim də…

Kəndimizə telefon çəkiləndə bəlkə hamıdan çox mən sevindim. Ki, artıq elə kasıb daxmamın pəncərələri dünyaya açıla bilər. Əlbəttə, əgər komputerim və İnternetə qoşulmaq üçün zəruri olan əşyalarım olsa.

Təbii ki, Telekommunikasiya Qovşağı ilə müqavilə də bağlamaq gərək. Bu yandan da İnternet xərclərinin ucuzlaşması barədə gəzən söz-söhbətlər məni həvəsləndirirdi.

Doğrusu, payız girəndən ta havalar qızana qədər yollarımız elə bərbad vəziyyətə düşür ki, adam heç rayon mərkəzinə gedə bilmir. Günün də bir qarış amanı yox. Yazılarımı orda-burda yığdırmaqdan bezmişdim, üstəlik bu, filan qədər xərc aparırdı.

Heç deyim ki, əyalətdə mətn yığımı xidməti göstərən düz-əməlli yer də yoxdur. Nə başınızı ağrıdım, dedim komputer alsam, mən də ağ günə çıxaram: həm yazılarımı özüm yığaram, həm də İnternetdə yaradıcı axtarışda bulunaram.

Paytaxtda olduğu kimi, artıq əyalətlərdə də çeşidli komputerlər satılır, lap kreditə də verilir.

Dəyərini ödəməyə nəqd pulum olmadığından, təbii ki, ikinci üsulla almağa çalışdım.

Dükanlardan dedilər ki, biz kreditə malı işləyən, aybaay maaş alan şəxslərə veririk, üstəlik başqa bir işləyən şəxsin də zəmanəti gərək. Əks təqdirdə, əmlak zəmanəti olmalıdır. Və bütün bu sənədləşmələr bankda aparılır.

Üz tutdum banka. Orada ilk əvvəl işləyib-işləməməyimi soruşdular, sonra maraqlandılar ki, nəyim var: dövlət reyestrində qeydə alınan daşınmaz əmlak (ev, dükan, qaraj və s.), avtomobil, zinət əşyası?

Dedim bu sadaladıqlarınız məndə yoxdur, amma yay şumum var- düz 3 hektara yaxın. Gülüşdülər: “Ona köhnə kişilərin dövründə inanıb borc veriblər. İndi sənin şumun kimə lazımdır?” Təəccüblənmədim. Səbəbini demək üçün gərək haşiyə çıxım.

Hökumətimiz qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının dirçəldilməsi üçün səylər göstərdiyini desə də, kənd yerlərində yaşayanların hamısı ucdantutma “fermer” adlansa da, hər sadə kəndliyə (oxu: fermerə) aqrar kredit verilmir və elə bu səbəbdən əliyalın adamlar torpağını əkib-becərə bilmir.

Əslində bu sahəyə ayrılan vəsaitlər də monopoliyadadır. Məsələn, bu ilin yayında, lap dəqiq deyim, iyunun 30-da Lent.az məlumat yaymışdı ki, bəs Salyanda sahibkar Nizami Hüseynova 1,5 milyon manat güzəştli kredit verilib.

Ki, ol cənab rayonun Çuxanlı kəndində kənd təsərrüfatı məhsullarının (pomidor, xiyar, üzüm və s.) saxlanılması üçün müasir soyuducu və avadanlıqlarla təchiz edilən soyuducu kamera tiksin. Salyanda olarkən o xoşbəxt sahibkarın kimliyi ilə maraqlandım, dedilər filankəsin oğludur.

Zənnimcə şərhə ehtiyac yoxdur. Amma belə baxanda hökuməti də qınamaq olmur, bilir pulu kimə vermək lazımdır- Nizami bəy qaytara bilməsə, atasından tutub alacaqlar. Bir də pulu elə pulu olana verərlər.

Yaxşı bilirlər ki, bu saat camaat acdır, xəzinənin qapağını azacıq aralasalar, ölkə əhalisinin yarıdan çoxu töküləcək üstlərinə. Kredit alanların yadına kənd təsərrüfatı, pomidor, xiyar, qoyun, keçi… düşməyəcək, hamı bu vəsaiti dərd-sərinə sərf edəcək, ya da elə basıb yeyəcək. Sonra da gəl lütdən, “ayaq üstə 40-ı çıxandan” pul istə…

Nə isə, qayıdaq bankdakı sorğu-suala. “Yaxşı heç olmasa, maldan-qaradan nəyin var?”

Bunu eşidən kimi tez sevincək dilləndim: 5 aylıq buzovum var. Dedilər: -Sən nə danışırsan, heç buzov da komputerə girov ola bilər? Dedim pulu (yaxud malı) 1 illik verirsiniz, o vaxta qədər buzovum böyüyüb dana olacaq.

Bu arada oxuculara tam aydınlıq olsun deyə daha bir zəruri haşiyə çıxım. Söhbət ev heyvanı kimi saxladığımız inəkdən, daha doğrusu onun balasından gedir. Yetkin yaşa çatanadək inək balası müxtəlf adlar daşıyır.

Belə ki, o, doğulandan 6 aylığınadək südəmər olub buzov, təxminən 24 aylığınadək isə dana adlanır. Dişi dana cütləşəndən sonra düyəyə çevrilir, onun erkək yaşıdı isə cöngə olur. Qaramalın yetkin dişisi inək, döllük erkəyi buğa, axtalanmış erkəyi isə öküz kimi tanınır.

...Ağıllarına batdı, amma dedilər sənə hörmətlə, etibarla cəmi 500 ABŞ dolları qədər kredit verə bilərik. Amma gərək elə zamin tapasan ki, onun aylıq maaşı elə bu qədər olsun. Başladım özümə zamin axtarmağa.

Əvvəl qohum-qardaşlarıma, yaxın dost-tanışlarıma ağız açdım. Kimi dedi özüm də kredit almışam, kimi dedi başqasına zamin durmuşam, bu işdə tövbəli olduğunu dilə gətirənlər də oldu.

Belədə vəzifəli şəxslərdən münasibətim olanlara “qirmaq” atdım. Və məlum oldu ki, sən demə bu yazıqlar “krupniy summa”ların altında imiş. Biri sirr gəldi ki, Prezidentin rayona gəlmək ərəfəsi səkilərin rənglənməsi, ağacların əhənglənməsi ona tapşırılıbmış, 10 min manat kredit götürüb verib əhəngə, boyaya, hələ də borcu ödəyib qurtara bilmir.

Bir başqası dedi ki, mənə hansısa seçki məntəqəsini təmir etdiriblər. Biri göynəyə-göynəyə maliyyə müfəttişlərini “yola salmağını” xatırlatdı. Üstəlik məsləhət gördü ki, filankəsin də yanına getməyim, o da bunun gündədir. Biri and içdi ki, 5 min dollara guşə düzəltmişəm (amma xahiş etdi ki, nə guşə olduğun yazmayım).

Biri ufuldadı ki, prokuror bu yaxında oğlunun cibindən kibrit qutusu, onun da içindən nəsə tapıb və 8 min manatını “çəkiblər.” Lap təzə işə duran da ağladı: “Bura təyinat almağa verdiyim “başlıq” kreditlə olub.”

Yazılarımı oxuyub bəyənən deputatlardan birinə utana-utana dərdimi dedim. Nə cavab versə yaxşıdır: “Bu, mənim səlahiyyətimə aid deyil.” Qərəz, nəhayət biri tapıldı., amma onun da etirafı qəribə oldu:

“Keçən dəfə məndən yazdın, gəlib soydular. Bilirəm “yox” desəm, gedib yenə yazacaqsan. Mənim daha verən pulum da yoxdur, gərək onda həmin bankdan kredit götürüb üstümə göndərdiyin adamları yola salam. Sərfəlisi elə sənə zamin durmaqdır...”

Kişi sözü verdim ki, bu kreditin ödənişi ilə bağlı ona söz deyən olmayacaq. Beləcə onunla birgə getdik banka.

Çıxarıb özü və baş mühasibinin birgə təsdiq etdiyi əmək haqqı barədə arayışı, şəxsiyyət vəsiqəsinin surətini təqdim etdi, əlavə bir-iki yerə də qol çəkdirdilər. Elə bilirdim pulu (yaxud kompüter dəstini) bu saat mənə verəcəklər.

Güldülər: “Hələ adına “delo”nu indi açırıq.” Dedilər yaşayış yerindən arayış, ailə tərkibi haqqında arayış, özünün və arvadının şəxsiyyət vəsiqəsinin, habelə nigah müqavilənizin surətini də təqdim etməlisən. Üstəlik həyat yoldaşın da bu işə razılıq verməlidir. Cin vurmadımı təpəmə, dedim verdiyiniz 500 dollardır, şəxsi işlərimə də qarışırsınız.

Başa saldılar ki, buzov ərlə arvadın birgə mülkiyyəti hesab edildiyindən, o girov qoyularkən hər ikinizin razılığı tələb olunur. Baxdım vallah kişilər düz deyir. Üstəlik etiraf edim ki, buzovu heç mən almamışam, qaynatam bizə bağışlayıb.

Nə isə, çar-naçar getdim evə, “komandir”i dilə tutdum ki, gəl bu işə qol qoy. Əvvəl məni qınadı ki, adam damazlıq heyvanı da girov qoyar? Sonra birtəhər razılaşdı ki, təki sən də adam ol.

Nə başınızı ağrıdım, tələb olunan sənədlər düzəldi və krediti verdilər. İndi komputerim var.

Düzdür, son vaxtlar düz-əməlli işıq üzü görmürük. Amma olanlara şükür! Əslində vətəndaşına heyvanın zamin dayandığı dövlətdən bundan artıq da nəsə gözləmək olmaz.

Bəli, səhv başa düşmədiniz: mənə bu rahatlığı və imkanı dövlətim deyil, ala buzovum yaradıb. Və yəqin ki, razılaşarsınız: gələcəkdə böyük uğurlar əldə etsəm, ilk növbədə ona minnətdar olmalıyam.

Hələ ürəyimdə kifsəyən bir çox arzularımın həyata keçməsi də birbaşa ondan asılıdır. Böyü, buzovum, böyü! Dana ol, düyə ol, inək ol.

Bəlkə hesabına mən də adam ola bildim. Südünü içib saflıq tapacam, peynin torpağıma bərəkət gətirəcək, qışın soyuğunda kərmənlə qızınacam. İndən belə tək sənə sığınacam.

Bu dövlətdən,- onun iqtidarından da, müxalifətindən də, qohumdan, tanışdan, yaddan, hamıdan, hər şeydən əlimi üzüb bütün ümidlərimi tək sənə bağlamışam...

Azər Əli
İmişli rayonu,
Bəcrəvan kəndi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG