Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:16

Elçin: “Mən belə diktaturanın tərəfdarıyam”


Baş nazirin müavini, xalq yazıçısı Elçin “Day.az” portalına verdiyi müsahibədə bədii şuraları bərpa etməyə çağırır, Azdramanın “yeni nəfəsə” ehtiyacı olduğunu deyir, tənqidçilərin azlığından gileylənir.

- Elçin müəllim, son vaxtlarda teatr aləmində - teatrlarda, xüsusən Azdramada rəhbərliyin bir adamın əlində cəmləşməsi ilə bağlı məsələlər müzakirə edilir. Yəni deyilir ki, bir adam həm direktor olsun, həm də bədii rəhbər, yaxud baş rejissor. Sizcə, bu, teatrlarda diktaturaya gətirib çıxarmaz ki?


- Bilirsiz, bu, insanın özündən asılıdır. Əgər o, teatrın maraqlarını müdafiə edən əsl professionaldırsa, istedad sahibidirsə, heç bir diktatura olmayacaq. Yaxın keçmişdə rus teatrlarına baxın. Əgər Tovstoqonov, Lyubimov, Zaxarov kimi rejissorlar öz rəhbərlik etdikləri teatrlarda diktator idilərsə, onda mən belə diktaturanın tərəfdarıyam!

Hər şey şəxsiyyətdən asılıdır. Həmin adamlarsa şəxsiyyət idilər. Əgər bizim teatrlardan danışırıqsa, uzun illər Azdramaya rəhbərlik edən Adil İsgəndərovu götürək. Əgər o, diktator olubsa, mən belə diktaturanı alqışlayıram. Niyə? Çünki Adil İsgəndərovun vaxtında teatrda sənət qanunları hökmran idi.

- Həmin sənət qanunları inzibati idarəetmədən nəylə fərqlənir?

- Onunla fərqlənir ki, sənət qanunlarında ilk sırada insanların bir-birinə hörməti dayanır, inzibati qanunlara hörmət isə bundan sonra gəlir. Adil İsgəndərova hörmət necə deyərlər, intizamın və qayda-qanunun təməlində dayanırdı. Ona görə ki, Adil müəllim əsl professional idi, insanlara peşəkar və şəxsi yanaşmaları dəqiq fərqləndirirdi. Bu da teatrın işini yüksək peşəkarlıq və sənət səviyyəsində saxlamağa imkan verirdi. Bu, istedadın diktaturası idi.

- Siz onun Ələsgər Ələkbərovla uzun illər davam etmiş münaqişəsini nəzərdə tutursuz?

- Tamamilə doğrudur. Onlar çox görkəmli şəxslər, peşəkarlar idilər. Bəlkə də elə buna görə tez-tez aralarında konflikt baş verirdi. Amma buna baxmayaraq Adil İsgəndərov heç vaxt Ələsgər Ələkbərovu qısnamırdı və ona teatrda ən yaxşı rolları etibar edirdi. Məsələn, Otellonu. Hətta tanınmış yazıçı Mehdi Hüseyn onun pyesindəki baş rolun Ə.Ələkbərova verilməsini eşidəndə çox təəccüblənmişdi. O bunun səbəbini soruşanda Adil müəllim belə cavab vermişdi: “Bu, teatrdır, bizim şəxsi münasibətlərimiz peşəkar kimi münasibətlərimizə təsir etməməlidir”.

- Elə isə, siz nə təklif edirsiniz?

- Teatrda bədii şuranı bərpa etmək lazımdır. Mən bunu hələ 5-6 il qabaq demişdim. Təəssüf ki bəziləri bunu senzuranın bərpası kimi başa düşmüşdü. Əlbəttə ki bu belə deyil. Məsələn, Azdramada bədii şura yaratmaq olar. Qoy həmin şura teatrın strategiyasını müəyyən etsin. Hökm deyil ki, bədii şurada teatr aktyorları təmsil olunsun. Orada alimlər, yazıçılar, bəstəkarlar təmsil oluna bilər. Bədii şuraya rəhbərliyi isə baş rejissor, yaxud teatrın başqa bir əməkdaşı həyata keçirə bilər.

- Bəs bir müddət əvvəl sevimli teatrınızın 17 xalq artisti sizinlə görüşərkən nə təklif etmişdi? Onlar da teatrın rəhbərliyində şəxsiyyətin yoxluğundan gileyləndilər?

- Əvvəla mən gördüm ki, teatrda müəyyən gərginlik var. Bu, teatrın müxtəlif əməkdaşlarının KİV-ə verdikləri müsahibələrdə aydın sezilirdi. Bundan başqa həmin 17 aktyordan bəziləri mənə müraciət edərək görüşməyimizi xahiş etmişdilər. Çünki məni teatrın yaxın dostu sayırlar. Və mən düşündüm ki, teatrın bütün xalq artistlərini bir yerə toplayıb onları mədəniyyət və turizm naziri ilə görüşə dəvət etmək yaxşı olardı. Azdramanın rejissoru və direktoru həmin görüşdə iştirak etmirdilər. Bu ondan ötrü idi ki, aktyorlar özlərini sərbəst hiss etsinlər və tələblərini, təkliflərini rahat ifadə edə bilsinlər.

- Nəticə necə oldu? Kadr dəyişikliyini gözləmək olarmı?

- Bilirsiz, zəif quruluşlar və sönük aktyor oyunundan tutmuş teatr əməkdaşları arasında münaqişələrə qədər – teatrların bütün problemləri teatr tənqidinin olmamasından irəli gəlir. Vaxt varıydı, bir premyeradan sonra mətbuatda teatr tənqidçilərinin 5-6 materialı dərc olunurdu. Səhnədə çıxış edən aktyor bilirdi ki, zalda onun öz rolunu necə ifa etməsini qiymətləndirən tənqidçilər əyləşib. Bu onu daim formada olmağa vadar edirdi. Rejissorlar haqqında da bunu demək olar.

İndi faktiki olaraq belə tənqidlər yoxdu, teatr tənqidi ilə barmaqla sayılacaq qədər adam məşğul olur.

- Sizin 17 aktyorla görüşünüzdən sonra teatrda hansı dəyişikliklər baş verəcək?

- Hesab edirəm ki, mütləq nəsə baş verməlidir. Sadəcə hər bir aktyora fərdi yanaşmaq lazımdır. Ən azı Azdramaya yeni nəfəs gələcək. Teatrın buna böyük ehtiyacı var. Xüsusən də belə geniş miqyaslı təmirdən sonra. Orada təkcə texniki təmir yox, bədii-estetik yenilənmə də baş verməlidir. Həm aktyorlar, həm də rejissorlar arasında.

Ədəbiyyat portalımızda həmçinin oxu

Öz qızlarını neçəyə satdılar?..
Prezidentin verdiyi "xalq artisti" adını almadılar

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG