Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:41

Öz qızlarını neçəyə satdılar?..


Elə kitablar var ki, onları məşhur edən kitabın içindəkilərdən çox, onun ətrafında baş verən qeyri-adi hadisələr olur.

Norveç yazıçısı Osne Seyerstadın (Åsne Seierstad) “Kabıldən olan kitab taciri” romanını belələrinin sırasına aid etmək olar.

Osloda nəşr olunan bu kitab onun müəllifi ilə əsas qəhrəmanı arasında mübahisə yaratdı. (ƏFQANISTANDA QADINLARIN HÜQUQSUZLUĞUNDAN BƏHS EDƏN QALMAQALLI ƏSƏRDƏN PARÇANI AŞAĞIDA OXUYA BİLƏRSİZ).

BEYNƏLXALQ QALMAQAL

Qalmaqal böyüyərək artıq 7-ci ildir davam edən məhkəmə çəkişməsi həddinə qədər şişdi. Mübahisənin tarixçəsi isə belədir.

Dövlət televiziyasının müxbiri olan Seyerstad 2001-ci ildə NATO qoşunlarının Taliban rejiminə qarşı Əfqanıstandakı hərbi əməliyyatlarını işıqlandırmaq üçün regiona gedir.

Talibanın məğlubiyyətindən sonra Norveç hərbi hissələri ilə birgə Kabula gəlir.

Burada kitab dükanının sahibi Məhəmməd Şah Zair ilə tanış olur. Bu adamın şəxsiyyəti Seyerstanı o qədər maraqlandırır ki, onun haqqında kitab yazmaq fikrinə düşür.

Şah Zair etiraz etmir. Razılaşırlar ki, Seyerstad onun evində nə qədər istəyir qalıb öz müşahidələrini apara bilər.

DƏRD-SƏRLƏRİNİ JURNALİSTLƏ BÖLÜŞMƏYƏ RAZI OLDULAR

Osne Seyerstad
3 aya yaxın Şah Zairin evində yaşayan xanım Seyerstadı ailənin bir üzvü kimi qəbul edib bütün dərd-sərlərini onunla bölüşürlər.

Norveçə qayıdan yazıçı öz müşahidələrini qələmə alıb 2002-ci ilin avqustunda qəhrəmanların əsl adlarını dəyişməklə roman nəşr edir.

2003-cü ildə Kabildə ingilis dilinə tərcümə olunan romanın bir nüsxəsini Zahir Şaha təqdim edirlər. Kitabı oxuyan Zahir Şah hiddətlənir.

Onun fikrincə, kitabda hadisələrin qərəzli təqdimatı ilə yanaşı elə epizodlar təsvir olunur ki, birbaşa onun və ailə üzvlərinin həyatını təhlükə altına qoyur.

Çox keçmir ki, Zahir Şah yazıçının üzr istəməsi və ona dəyən mənəvi ziyanın ödənməsi tələbi ilə Norveç ədliyyəsinə müraciət edir.

Məhkəmə çəkişmələri davam etdikcə, hər ikisinin məhşurluğu davam edir, tərəflər bu diqqətdən tam həcmdə istifadə etməyə çalışırlar.

ƏSƏRİ 30 DİLƏ ÇEVRİLDİ

Seyerstadın əsəri 30 dilə çevrilir, bundan başqa yeni roman yazır, Zahir Şah isə özü yazıçılıq etmək qərarına gələrək “Kabilin kitab taciri”nin öz versiyasını – “Biri var idi, biri yox idi. Kabildə bir kitab taciri vardı” əsərini yazır.

Seyerstadın romanı Norveç cəmiyyətini də iki yerə bölür. Bəziləri hesab edir ki, kitab Zahir Şaha deyil, onun ailəsində qadın hüquqlarının pozulmasına həsr olunub.

Osne Seyerstadın "Kabildən olan kitab taciri" əsəri
Belələrinin fikrincə, gender münasibətlərinin bir nömrəli məsələ sayıldığı Norveç cəmiyyətinin nümayəndəsinin patriarxal Əfqanıstan haqda fikir yürütməsi obyektiv ola bilməz.

Bu fikirlə razılaşmayan Seyerstadın pərəstişkarları kitabı dolğun sənədli-bədii əsər sayır, hesab edilər ki, yazıçı gördüklərini, yaşadıqlarını yazıb, özündən heç nə əlavə etməyib.

QALMAQALLI "KABİLDƏN OLAN KİTAB TACİRİ" KİTABINDAN BİR PARÇANI TƏQDİM EDİRİK

Elçilik

Sultan Xan ikinci dəfə evlənmək qərarını versə də heç kim ona kömək etmək istəmirdi. Əvvəlcə anasına ağız açdı.

- Bir arvadın var, bəsindi. – deyə anası boyun qaçırdı.

Sonra böyük bacısının üstünə getdi. O da dedi:

- Üz vurma, birinci arvadın yaman ürəyimə yatır.

O biri bacılarından da eyni cavabı aldı. Xalası isə ümumiyyətlə özündən çıxdı:

- Şərifəni biabır eləmə! – dedi.

Sultana kömək lazım idi. Özü elçi gedəsi deyildi ki? Əfqan ənənələrinə görə elçilik qadın işi idi. Əvvəlcə gedib qıza baxardılar ki, təbiyəlidirmi, əlindən nə gəlir, sonra da qərar verilərdi: onu gəlin gətirməyə dəyər, ya yox. Amma Sultanın ətrafındakı qadınlardan heç kim elçilik işini öhdəsinə götürmək istəmirdi.

O yeni arvad almaq üçün artıq 3 namizəd də tapmışdı. Hamısı sütül və gözəl gənc qızlar idi, hamısı da onun öz tayfasından. Sultanın nəslində tayfadan kənar nikah nadir hallarda baş verirdi. Qızı qohum-qardaşdan alardılar, çalışardılar lap əmiuşağı, dayıuşağı olsun.

Sultan bəxtini əvvəlcə 16 yaşlı Sonyada sınamaq qərarına gəlmişdi. Onun düzgün biçimləri, qara badam gözləri, parıldayan zil qara saçları vardı. Eşitdiyinə görə işgüzar qız idi. Kasıb ailədən olsa da, Sultangilə yaxın qohum gəlirdilər. Qızın anasının nənəsi ilə Sultanın anasının nənəsi doğmaca bacı olublar.

Qadın qohumlarının köməyindən məhrum olan Sultan yeni kəbin planlarını götür-qoy edir, bu zaman evdə var-gəl edən arvadı Şərifənin ağlına belə gəlmirdi ki, ərinin fikirləri onların toyu olan ildə dünyaya gələn bir qızçığazın yanında dolaşır.

Üç oğlan və bir qız anası olan Şərifə artıq qocalmağa başlayırdı. Elə Sultan da - yaşı artıq 50-ni adlamışdı. Özünə yeni arvad tapmağın əsl vaxtı idi.

- Özün get də, - deyə nəhayət Sultanın qardaşı ona yol göstərdi.

Bir az da götür-qoy edəndən sonra Sultan belə nəticəyə gəldi ki, elə bircə əlacı budur və artıq ertəsi gün səhər qızın evinə üz tutdu.

Qızın valideynləri Sultan Xanı mehribanlıqla qarşıladılar. Sultan öz istiqanlığı ilə tanınardı, onun gəlişi qohum-qardaş arasında ancaq hörmət doğura bilərdi. Sonyanın anası su qaynadıb çay dəmlədi. Palçıq evin divarı boyu düzülən mütəkkələr üstündə oturub hal-əhval tutuandan sonra Sultan niyyətini dilə gətirdi:

- Mənim bir dostum var, Sonya ilə evlənmək istəyir.

Sonyanın valideynləri birinci dəfə deyildi ki, qıza gələn elçiləri qəbul edirdilər. Gözəl və işgüzar qız idi. Amma valideynləri hesab edirdilər ki, qız hələ çox gəncdir.

Sonyanın atası bir müddət idi ki, işləyə bilmirdi. Kiminləsə dava edəndə belindən aldığı bıçaq yarası sinirlərini zədələmiş, bədəni iflic olmuşdu. Qıza görə yaxşıca pul ala bilərdi. Amma hələ ki, Sonyaya görə təklif edilən başlıq onları qane etməmişdi. Qız gənc və gözəl idi, hesab edirdilər ki, daha artığına dəyər, ona görə də səbrlə oturub daha varlı elçiləri gözləyirdilər.

- Dostum varlıdı, - deyə Sültan sözünə davam etdi, - Mənim kimi kitab ticarətindədi. Ali təhsillidi, üç oğlu var. Arvadı qocalmağa başlayıb.

- Dişləri necədi? – deyə Sonyanın valideynləri tələsik onun yaşını dəqiqləşdirmək üçün soruşdular.

Sultan öz dişlərini göstərdi:

- Təxminən elə mənim dişlərim kimi, bax belə....

“Qocadır” – deyə qızın valideynləri ürəklərində dedilər.

Belə sövdələrdə yaş heç də əngəl deyildi, sadəcə qiyməti dəyişirdi. Bəy nə qədər yaşlıdırsa, valideynlərinin qıza görə aldıqları başlıq da o qədər çox ola bilərdi.

Sultan Xan qiyməti deyəndən sonra qızın valideynləri onun gözlədiyi cavabı verdilər:

- Qız hələ çox cavandır.

Başqa cürə ola da bilməzdi, qızı Sulatnın təsvir etdiyi həmin varlı kişiyə ucuz verəsi deyildilər. Belə hallarda qiyməti qaldırmaq üçün ilk təkliflə razılaşmaq olmaz. Həm də onlar əmindilər ki, Sultan bir də qayıdacaq. Axı Sonya gənc və gözəl idi.

Bir gün sonra Sultan Xan yenidən onlara gəlib təklifini təkrar etdi. Yenə dünənki söhbət, yenə dünənki cavab. Amma bu dəfə o Sonyanı da görə bildi. Sonuncu dəfə onu hələ balaca qız olanda görmüşdü.

Sonya yaşlı və hörmətli qohum kimi onun əlindən öpdü, Sultan isə öz növbəsində onun alnından. Sonya otaqdakı gərginlikdən şübhələnib, qonağın ona zillənən baxışlarından az qalırdı yerə girsin.

- Sənə varlı bir ər tapmışam. Nə deyirsən? – deyə Sultan soruşanda, Sonya ancaq gözünü yerə zillədi. Onun bu suala cavab verməsi adət-ənənəyə zidd olardı. Gənc qızlar elçilik məsələlərinə qarışmazdılar.

Üçüncü gün Sultan yenidən gəldi. Bu dəfə onun təkifi qəti idi: bir üzük, bir boyunbağı, bir qolbağ, bir cüt sirğa – hamısı qızıldan. Qızın ürəyi istədiyi qədər pal-paltar. Bundan başqa 300 kilo düyü, 150 kilo bitki yağı, bir inək, bir neçə qoyun və 15 milyon əfqani pul.

Sonyanın atası razıdan da razı qalıb bu qədər başlıq təklif edən təzəbəyi görmək istədiyini dedi. Doğrudur, Sultan onun tayfaya məxsus olduğunu demişdi, amma Sonyanın valideynləri ha baş sındırır, söhbətin məhz kimdən getdiyini heç cürə təxmin edə bilmirdilər.

- Sabah, - deyə Sultan cavab verdi, - kürəkəninizin fotosunu sizə göstərərəm.

Ertəsi gün Sultanın xalası əlində balaca bir bağlama müəmmalı təzəbəyin sirrini açmaq üçün Sonyagilə üz tutdu. Sultan Xanın fotosunu qızın valideynlərinə göstərib onun şifahi ismarıcını çatdırdı: “Bir saat ərzində qərar verin. Hə desəniz, məmnun olaram. Yox desəniz incimərəm. Bu mənasız get-gələ son qoyaq”

Valideynlərin razılığına bir saatdan da az vaxt lazım gəldi. Sultanın özü kimi onun cəmiyyətdəki yeri və var-dövləti də onların ürəyincə idi. Sonya isə bu vaxt çardaxda oturub ağlayırdı. Naməlum kürəkənin kimliyi aydın olandan və valideynlərin razılığından sonra Sonyanın əmisi yuxarı, qızın yanına qalxdı.

- Səninlə evlənmək istəyən Sultan əmin imiş. Nə deyirsən, razısan?

Qızdan səs çıxmadı. Sonya iki bükülüb, göz yaşlarını gizlətmək üçün üzünü baş şalının içinə soxmuşdu.

- Sənin atanla anan artıq öz halallıqlarını veriblər. Nə fikirləşirsənsə indi de, sonra gec olacaq.

Daşdan səs çıxardı, ondan yox. Qorxusundan oturduğu yerdə donub qalmışdı. Bircə onu bilirdi ki, o kişiyə ərə getmək istəmir. Amma onu da bilirdi ki, gərək valideynlərinin iradəsini yerinə yetirsin. Əlbəttə, Sultanın arvadı olsa, cəmiyyətdəki yeri bir neçə pillə yuxarı olacaq. Onun verdiyi başlıqla isə Sonyanın ailəsi maddi sıxıntıdan cıxa bilərdi. Valideynlərinin aldığı pula onun qardaşlarına yaxşı arvad almaq olardı.

Sonya susurdu. Bu sükut isə onun taleyini həll edirdi. Susmaq razılıq əlamətidir. Elçilik başa çatdı, toyun vaxtını müəyyən etdilər.

Sultan bu vacib xəbəri ailəsi ilə bölüşmək üçün evə tələsdi. Arvadı Şərifə, anası və bacıları bardaş qurub ispanaqlı plov yeyirdilər. Şərifə əvvəl elə bildi ki, əri zarafat edir. Ürəkdən gülüb, zarafata zaraftla cavab verdi. Anası da eləcə. Onun yuxusuna da girməzdi ki, Sultan anasının halallığı olmadan elçi gedib, qız alıb. Bacılarının da sanki nitqi qurumuşdu.

Heç kim ona inanmaq istəmirdi. Ta ki, Sultan sübut kimi qızın valideynlərindən aldığı meyvə qurusu və şirniyyatı onlara göstərdi – ənənəyə görə elçi gedənlərə “hə” cavabını bu yolla verərdilər.

Şərifə 20 gün dayanmadan gözünün yaşını tökdü:

- Axı mən nə qələt eləmişəm ki, məni biabır edir? Niyə mənimlə kifayətlənmir?

Sultan ondan xahiş elədi ki, özünü ələ alsın. Ailəsində - içi oğlanları da qarışıq - heç kim Sultanın tərəfini saxlamırdı. Bununla belə, ona qarşı bir kəlmə söz deyən də yox idi. Bu evdə Sultanın iradəsi qanun idi.

Şərifənin könlünü almaq olmurdu. Qadını ən çox yandıran o idi ki, əri onun üstünə savadsız, məktəbin heç birinci sinifini belə bitirməyən qız alırdı. Onun özü fars dili müəllimi təhsili almışdı:

- Axı onun nəyi var ki, ondan məndə yoxdu?! – deyə sual edən Şərifəni hıçqırıq boğurdu. Sultan isə onun göz yaşlarına məhəl qoymurdu, öz işində idi.

Nişan mərasiminə heç kim getmək istəmirdi. Amma Şərifə məcbur idi ki, özünü ələ alaraq bəzənib-düzənsin və nişana getsin.

- İstərdim hamı görsün ki, sən bu nikaha halallıq verib məni dəstəkləyirsən. Bundan sonra hamımız bir yerdə yaşayacağıq, ona görə sən Sonyayla mehriban davranmalısan. – deyə Sultan amiranə tərzdə ona tapşırmışdı.

Şərifə heç vaxt onun bir sözünü iki eləməmişdi. Bu dəfə də ərinin sözündən çıxa bilmirdi, baxmayaraq ki, öz halalca ərini başqasına verməliydi. Sultan hətta tələb edirdi ki, nişan üzüklərini şəxsən Şərifə onun və Sonyanın barmağına taxsın.

20 gündən sonra nişan apardılar. Şərifə bütün gücünü toplayıb özünü şux tuturdu. Qadın qohumları isə əllərindən gələni edirdilər ki, onun bu şuxluğunu darmadağın etsinlər. Kim yaxınlaşırdısa elə birucdan ona təsəlli verirdi:

- Ah, sən bir rüsvayçılığa bax...
- Ar olsun ona!
- Yəqin indi ürəyindən qara qanlar axır...

2 ay sonra, müsəlmanların Yeni il axşamı toy çaldılar. Bu dəfə Şərifə camaat içinə çıxmaqdan imtina etdi.

- Daha bacarmıram! - dedi ərinə.

Evdəki qadınlar da onunla həmrəy oldular. Heç kim toy üçün yeni bahalı paltar almadı. Adətən toy məclislərindən əvvəl bəzənən qadınlar, bu dəfə heç göz-qaşlarına sürmə də çəkmədilər. Hərdən dodaqlarını çatıb özlərini təbəssümə məcbur etsələr də, bütün toy boyu çiddi sifətləri ilə xəyanətə məruz qalan Şərifəylə həmrəy olduqlarını göstərirdilər.

Bu gündən Sultan Xan yatağını onunla deyil, qorxudan yarımcan halda onlara gətirilən yeni arvadı ilə bölüşəcəkdi. Yataqlar fərqli olsa da, onlar hamısı bir evdə yaşamalı idilər. Kəbin vədlərində deyildiyi kimi, ölüm bizi ayırana qədər...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG