Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:07

«Heç kimin hünəri çatmazdı bunu prezidentdən gizlətsin»


Ələkbər Məmmədov
Ələkbər Məmmədov
«Rəsmi tərəf sadəcə öz sükutunu pozmaq üçün bəyanat verib». Bunu Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin rəhbəri Ələkbər Məmmədov AzadlıqRadiosunun «İşdən sonra» proqramında hərbi hissədəki qətllərlə bağlı Baş prokurorunun müsahibəsini şərh edərkən deyib:

«Bu məsələ rəsmi tərəf, dövlət orqanı kimi həvalə olunub Baş prokurora. O da bu cür formada ictimaiyyətə öz rəsmi fikirlərini bildirməklə yaranmış boşluğu doldurmuş olur. Sözsüz ki, məsələ prezidentə ərz olunub. Heç kimin hünəri çatmazdı ki, bunu prezidentdən gizlətsin. Prezidentə ola bilsin həmin gün bu xəbər çatdırılıb».

«ƏSGƏRDƏ SİLAH OLMAMALIDIR»


Baş prokuror müsahibəsində onu da deyib ki, günahlandırılan şəxslər əsgərlərə təmizlənmək üçün silah verilən zaman onları nəzarətsiz qoyublar:

«Bilirsiz, əsgərdə sözsüz ki, silah olmamalıdır. Əsgərə hər hansı bir hərbi əməliyyatda iştirak edərkən, hərbi postda dayanarkən ancaq silah və güllələr verilir. Silahı təmizləmə proseduru gedirsə, ona gündəlik vaxt verilir, amma güllə paylanılmır. Sözsüz ki, bu da hansısa zabitin nəzarəti altında həyata keçirilir. Orada da müəyyən qaydalar var, hansı formada təmizlənməlidir, bir-birinin üstünə tutmamaq şərtilə, yoxlanılmaq şərtilə».

Amma Məmmədov bu ittihamlarla diqqətin daha ciddi məsələlərdən yayındırıldığını düşünür:

«Baş prokurorun bununla əlaqədar cinayət aktı qaldırması yüngül bir şeydir. Sadəcə olaraq Azərbaycan ictimaiyyəti bilir ki, Azərbaycan ordusunda nə baş verir, hansı problemlər var. O problemlərin nəticəsidir ki, belə ağır nəticələrə gətirib çıxarır. Bu işi qaldırmaq deyərdim ki, bir balaca yüngül formadır, çaşdırıcı formadır. Göstərmək istəyirlər ki, orda bir şey olmayıb, komandirlər sadəcə düz işləməyiblər, əsgərlər də qaçıb».

«O DA GƏLİR DEYİR HEÇ NƏ YOXDUR»


O ki qaldı sui-istifadə ilə bağlı ittihamlara, bu, Ələkbər Məmmədovun fikrincə, çox geniş anlayışdır:

«Konkret olaraq necə? Nə üzrə sui-istifadə? Ola bilsin vəzifəsindən sui-istifadə edib, söyüb, evində işlədib, bu anlayış çox böyükdür. Şayiələrə son qoyulmalıdır, yazılır ki, bu məsələdə ola bilsin düşmən izi var, xarici kəşfiyyatın izi var. Bütün bunlara son qoyulmaq üçün rəsmi tərəf deməlidir nə olub. Təhqir etmə halları, işgəncə halları olubsa zabitləri öldürən əsgərləri o həddə çatdırma olubsa, kimliyindən asılı olmayaraq məsuliyyət olmalıdır».

Ələkbər Məmmədov onu da deyir ki, orduya yalnız sifarişli ictimai nəzarət var: «Deputatlardan ibarət, özlərinin yaratdığı QHT- lərdən ibarət nümayəndə heyətini, medianı göndərirlər, o da gəlir deyir heç nə yoxdur. Azərbaycan əsgərinin dərdini-sərini deyən bir kəs yoxdur».

SÖHBƏTİN TAM MƏZMUNUNDAN AGAH OLMAQ İSTƏYİRSİNİZSƏ, AUDİONU DİNLƏYİN

MÖVZU İLƏ BAĞLI FİKİRLƏRİNİZİ BURADA BİLDİRƏ BİLƏRSİNİZ
XS
SM
MD
LG