Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:57

Anar: “Bir oyun qurdular, vaxtı gələndə açılacaq”


Lent.az-ın “Persona” rubrikasının qonağı Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, ssenarist, tərcüməçi Anardır. Anar müəllim bizimlə söhbətdə həyat yolundan, yaradıcılığından, ailə həyatından danışdı...

- Anarın həyatı nə dərəcədə rəvan, yaxud çətin olub? Məsələn, övladlarına belə bir həyat arzulayarmı?

- Övladlarıma öz həyatlarını yaşamağı arzulayardım. Bir həyat digərinə oxşamır, hərənin bir qisməti olur, hərə bir dövrdə, mühitdə yaşayır. Öz həyatıma gəlincə, əlbəttə, həyatımda çətinliklər də, rəvan vaxtlar da, mürəkkəb vaxtlar da olub.

Yəni 72 il ömür sürmüşəmsə, 72 ilin qışı da, yazı da, yaxşı günləri də, pis günləri də olub.

"18 YAŞIM OLANDA XRUŞŞOV STALİNİ İFŞA ETDİ"

- Həyatınızdakı dönüm nöqtələri hansı dövrləri əhatə edir?

- Dönüm nöqtələri çox olub. Çünki biz elə bir dövrdə yaşamışıq ki, dövrün özü ara-sıra çox kəskin dönüşlər edib. Məsələn, 1956-cı ildə, mənim 18 yaşım olanda Xruşşov Stalini ifşa etdi.

Stalin dövrü ilə bağlı bilmədiyimiz bir çox həqiqətlər üzə çıxdı. Amma elə həmin il sovet qoşunları Macarıstana daxil oldu, oranı dağıtdı. Stalin dövrünün həqiqətlərinin üzə çıxması bizim üçün maraqlı idi, digər tərəfdən, Macarıstan hadisələri bizə böyük təsir etdi. Bir ölkənin azadlıq istəyini boğdular.

1968-ci ildə sovet qoşunları Çexoslovakiya girəndə bizim üçün böyük sarsıntı oldu. Bu, ümumən sovet dövrünə aid dönüm nöqtələridir. Azərbaycana aid dönüm nöqtələri isə 1990-cı ilin qara yanvarıdır.

İstiqlal qazanmağımız fərəhli hadisələrdəndir. Xocalı soyqırımı isə yenə də kədərli hadisədir. Bütün bu tarixi hadisələr mənim tərcümeyi-halımda da dönüş nöqtələridir.

- 50-ci illərdən söz düşmüşkən, Mircəfər Bağırov sizin ailənizin taleyində necə rol oynayıb?

- Ümumiyyətlə, Mircəfər Bağırovun Azərbaycan tarixindəki rolu ziddiyyətlidir. Son vaxtlar üzə çıxan materiallardan məlum olur ki, o, müəyyən məqamlarda, məsələn, Cənubi Azərbaycan məsələsində Azərbaycanın maraqlarını çox böyük əzmlə müdafiə edib.

Eyni zamanda, 1937-ci il hadisələrində ziyalılarımızın ən yaxşı nümayəndələrini qurban verib. Düzdür, bu, bütün SSRİ-də gedən bir proses idi. Ukraynada Xruşşov birinci katib idi, orada buradan da betər repressiyalar olub. Hər halda, biz öz dərdimizə yanırıq.

Bizim ailəmizə gəlincə, atam Rəsul Rza onun vaxtında nazir işləyib, ilk kino naziri olub. Mircəfər Bağırovla münasibətlərinin yaxşı, həm də çox sərt olduğu vaxtlar olub. Rəsul Rza söz götürməyən bir insan idi, hətta bir məclisdə Mircəfər Bağırovla deyişmiş, söz qaytarmışdı. Atam Yazıçılar İttifaqının sədri idi, elə vaxt olub ki, sədrlikdən uzaqlaşdırılıb və hər yerdə “qara siyahılar”a salınıb.

"O VAXT BELƏ RƏY YARATMIŞDILAR Kİ, AZƏRBAYCANLILAR VURUŞA BİLMİR"

1940-cı illərdə Moskvada dekada olanda nəinki özünü aparmayıblar, heç kitablarının da aparılmasına imkan verməyiblər. Müharibə illərində atam könüllü cəbhəyə getdi. Cəbhədə azərbaycanlıların qəhrəmanlığı haqqında oçerklər yazırdı.

O vaxt belə rəy yaratmışdılar ki, azərbaycanlılar vuruşa bilmir, qorxaqdırlar.

Ona görə də belə oçerklərin böyük əhəmiyyəti vardı, Mircəfər Bağırov da bunları oxuyurdu. Mircəfər Bağırov demişdi ki, Rəsul müharibədən qayıdanda onu qəbul edərəm. Yəni ona qədər münasibətləri çox gərgin idi.

1942-ci ildə Krım almanların əlinə keçəndən sonra atam müharibədən qayıdır. Atam Krımda hərbi qəzetdə işləyib. Atamı Mircəfər Bağırov qəbul edib.

Atam deyib ki, cəbhədə azərbaycanlılara “yeldaşı” deyir, təhqir edir, rus dilini bilməyən azərbaycanlıları mühakimə edir, onlara rus dilində casus olduqlarını söyləyir, azərbaycanlılar da dili bilmədiklərindən bunu təsdiqləyirlər.

Nəticədə azərbaycanlıları güllələyirlər. Atam danışırdı ki, Mircəfər Bağırov mənim yanımda Moskvaya zəng etdi, mən deyənlərin də üstünə beşini qoyub hansısa böyük bir adamla danışdı. Yəni belə vaxtlar da olub.

Amma elə vaxt da olub ki, bütün nazirlərin deputatlığa namizədliyini irəli sürüb seçsələr də, onun namizədliyini verməyiblər. Mircəfər Bağırov da deyib ki, bütün nazirləri deputatlığa verdik, səni vermədik, səni cəzalandırırıq. Nəyə görə? Qəzəbə keçmişdi.

Amma bizim ailənin taleyində Mircəfər Bağırovun ən böyük xeyirxahlığını da deyim. Daxili İşlər Komissarlığında müavin postunu tutan Xaren Qriqoryan Mircəfər Bağırova təqdimat verib. Həmin sənədlər durur.

Təklif olunmuşdu ki, Nigar Rəfibəyli və anası sürgün olunsun, çünki bunlar müsavatçı ailəsidirlər, Nigarın qardaşı Kamil bəy sovet hökumətinin əleyhinə işləyir. Bu, yalan idi, amma yazmışdı. Mircəfər Bağırov isə dərkənar qoyub ki, yox, saxlansınlar. O dərkənar olmasaydı, indi ailəmiz olmayacaqdı, ailəmiz dağılacaqdı.

"MİRZƏ CƏLİLİN MƏNİM YARADICILIĞIMA BÖYÜK TƏSİRİ OLUB"

- Bəs yaradıcılığınıza hansı şəxsiyyətlərin yaradıcılığı təsir göstərib? Atanızın təsiri nə dərəcədədir?

- Əlbəttə, yaradıcılığıma atamın təsiri olub. Atam yenilikçi bir insan idi, məndə də o yenilik hissi var. Amma Rəsul Rza şair idi, onun mənə bilavasitə təsiri ola bilməzdi.

Atamın da, anamın da ümumi ədəbi təsiri olub. Mən uşaqlıqdan şeir, kitab, mütaliə mühitində böyümüşəm və bunun da təsiri olub. Amma bilavasitə yarıdıcılıq təsirinə gəlincə, mən bunu həmişə deyirəm. Mirzə Cəlil Məmmədquluzadənin yaradıcılığıma böyük təsiri olub, indiyə qədər də bu təsir davam edir.
- Bəs yaradıcılığı Anara çörək qazandırıbmı? Başqa sözlə, Anar yaradıcılığı ilə dolana bilibmi?

- Səviyyə başqa şeydir, dolandırmaq imkanı başqa şey. Mən özüm haqqında deyə bilmərəm. Ola bilər ki, çox yüksək səviyyəli əsərlər yazılır, amma o əsərlər satılmır, alınmır. Satılmayan insanlar olduğu kimi satılmayan kitablar da olur. Həyatın qanunudur.

Mənim dolanışığıma gəlincə, əlbəttə, sovet dövründə yaradıcılıqla dolanırdım.

Filmlərim çəkilirdi, qonorarını alırdım. SSRİ Cenevrə anlaşmasına imza atmışdı. Ona görə də Qırğızıstanda da mənim bir hekayəm çapdan çıxırdısa, onun qonorarını göndərirdilər. Onu demirəm ki, xaricdə çıxan kitablarımın hamısının qonorarını alırdım.

Tamaşalarım gedirdi, tamaşalarımdan faizlər gəlirdi. Deyə bilmərəm ki, çox zəngin adam idim, amma hər halda normal dolanırdım. İndiki dövrdə isə təbii ki, mən yaradıcılıqla dolana bilmərəm.

Əvvəla, ona görə ki, əsərlərim az çap olunur. İkincisi, çap olunanın da pulunu vermirlər. Bəzən elə olur ki, öz təqaüdüm hesabına öz kitabımı çap etməli oluram. Allah prezidentimiz Heydər Əliyevə rəhmət etsin, açıq deyirəm ki, mənə prezident pensiyası kəsməsəydi, dolana bilməzdim. Mənim ayrı bir gəlir mənbəyim yoxdur.

"MƏN NEÇƏ İLDİR Kİ, BİR BİOQRAFİK ƏSƏR ÜZƏRİNDƏ İŞLƏYİRƏM"

- Həyatda hansı addımları atmısınız ki, indi düşünürsünüz ki, o addımları atmamağınız yaxşı olardı?

- Mən neçə ildir ki, bir bioqrafik əsər üzərində işləyirəm. Ömrümün məqamlarını bir-bir nəzərdən keçirəndə utanmır, çəkinmirəm. Mənim utandığım, peşman olduğum elə bir məqam yoxdur.

Çünki heç bir vaxt nə yalan danışmışam, nə vicdanımın əleyhinə getmişəm. Amma müəyyən hərəkətlər olub ki, bəlkə də gərək onları etməyəydim. Bəlkə indi elə hərəkətlərim olur.

Məsələn, bağışlayın, bir az kobud çıxır, mənə deyirlər ki, niyə hər uşaq-muşağa cavab verirsən. Bəlkə də düz deyirlər, gərək cavab verməyəm. Amma görəndə ki, ağ yalan deyirlər...

Cavab verməsəm, axı bu ağ yalan mənim üzərimdə qalar. Ona görə də məcburam ki, bunları təkzib edim. Yaxın, dost insanlar da deyirlər ki, sən nahaq onlara cavab verirsən, sənin cavab verməyin elə insanlar üçün böyük şərəfdir.

- Yeri gəlmişkən, əsl-nəcabət, ailə bir insanın taleyində hansı rol oynayır və şəxsən sizin taleyinizdə hansı rolu oynayıb?

- Əlbəttə, əsl-nəcabət də çox vacibdir. Mənim taleyimdə də ədəbi ailədən olmağımın rolu var, babalarımın da ziyalı olublar, mən bunu danmıram. Amma mən elə adam tanıyıram ki, çoban ailəsində anadan olub, amma özü ən böyük Azərbaycan ziyalısıdır.

Yəni öz daxili mədəniyyəti, biliyi, elmə, ədəbiyyata, sənətə həvəsi etibarilə tam bir ziyalı və kübardır. Elə adamlar da tanıyıram ki, ziyalı ailəsində anadan olublar, amma tamam çürük adamdırlar.

Çürük bir adam kimi yetişib və heç bir mənəviyyatı yoxdur. Yəni əsl-nəcabətin, ailənin təsiri də var. Amma bu əsil-nəcabət kökləri olmayanda belə insanın fitri, Allahdan gələn bir vergisi olur ki, o da əsil-nəcabətli ailənin nümayəndəsi kimi əsl-nəcabətə malik olur.

- 2005-ci il parlament seçkilərində iştirak etdiniz, millət vəkili olmadınız. Sarsıntı keçirdinizmi?

- Yox. Heç bir sarsıntı keçirmədim, çünki 18 il deputat olmuşam. Azərbaycanda yeganə adamam ki, 3 parlamentin - həm Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin, həm SSRİ Ali Sovetinin, həm də Milli Məclisin deputatı olmuşam.

Həm də Milli Məclisin ilk iclasını açmaq şərəfi də mənə nəsib olub. Ona görə də necə deyərlər, parlament həyatından doymuşam.

Doğrudur, deyə bilərsiniz ki, o halda namizədliyinizi niyə verirdiniz?

Təklif olundu, mən də dedim ki, madam ki, təklif olunub, namizədliyimi verdim. Sonra bir oyun qurulmuşdu. İndi istəmirəm, vaxtı gələndə açılacaq. Hələ mən özüm də tam bilmirəm ki, nə səbəbdən və niyə oldu.

Bir oyun qurdular və bu oyun nəticəsində mən seçilmədim. Seçilmədim deyəndə, bu, sırf şərti termindir.

Çünki orada çox maxinasiyalar, dələduzluq oldu. Səsləri azaltdılar, mənim səslərimi başqasına verdilər. Bu, keçib gedən bir mərhələdir.
Əgər bu oyunu quranlar düşünürlərsə ki, bununla mən sarsılacam, həyatdan küsəcəm, inciyəcəm, çox səhv düşünürlər. Tam səmimi deyirəm ki, bu, demək olar ki, vecimə olmadı, əvvəlki kimi işimlə məşğulam.

XALQ YAZIÇISI MƏSƏLƏSİNƏ MÜNASİBƏTİ

- İnkişaf etmiş, demokratik ölkələrdə “xalq yazıçısı” titulu yoxdur. Amma o ölkələrin elə yazıçıları var ki, onları bütün dünya tanıyır. Azərbaycanda “xalq yazıçısı” titulu olmasaydı, necə olardı?

- Olmasaydı, çox gözəl olardı. Əslində bu adları bərpa etməmək də olardı. O vaxt bu adı mən almamışdım. Keçmişdə bu adı alanlar deyirdilər ki, zəhmətləri, əməkləri ilə bu adları alıblar.

Mən də dedim ki, kim indiyə qədər, yəni sovet dövründə bu adı alıb, halal xoşu olsun, bundan sonra bu adları bərpa etmək lazım deyil. Ordenlər, mükafatlar bütün ölkələrdə var, amma Xalq şairi, Xalq yazıçısı heç bir yerdə yoxdur.

Mən bir neçə dəfə bu məsələni qaldırmışam. Amma nəsə lazım bildilər ki, bu adları bərpa etsinlər. Mənə də bu adı verəndən sonra dilim bir qədər qısa oldu. Çünki deyərlər ki, özü alır, amma özgələrinin bu adı almasını istəmir. Ona görə də bu sözləri indi demirəm. Lakin yenə də o fikirdə qalıram ki, bu adları verməmək də mümkündür.

Çünki 5-i bu adı alanda, 15-i inciyir.

Dünyada tanınmağa gəlincə, bunun müxtəlif yolları var. Dünyada tanınmaq üçün birinci, gərək böyük əhatə dairəsi olan dildə, yəni ingilis, rus, ispan dillərində yazasan. Azərbaycan dilində yazanda da gərək bu, tərcümə olunsun.

Məsələn, Türkiyənin 70 milyon əhalisi var, amma 1-2 yazıçısı dünyada tanınır. O cümlədən Orhan Pamuk Nobel mükafatı aldı. Nazim Hikməti, Yaşar Kamalı tanıyırlar. Azərbaycan yazıçılarını da demək olmaz ki, tanımırlar.

Ən azı Rusiyada, Türkiyədə, İranda, Şərqi Avropa ölkələrində tanıyırlar. Amma dünyaya da o şəkildə çıxmağa təəssüf ki, dilimiz imkan vermir. Tərcümələr də bəzən keyfiyyətli olmur.

Amma əsas fikrim odur ki, yazıçı gərək birinci xalqının içərisində tanınsın, ondan sonra dünyada tanınsa, lap yaxşı olar. Dünyada tanınmasa da, bu, faciə deyil.

"ƏDƏBİYYATDAN DANIŞMADIM, XALQIN PROBLEMLƏRİNDƏN, QARABAĞDAN DANIŞDIM"

- Dünyada tanınmış yazıçıların sözü ictimai rəyə ciddi təsir edir. Azərbaycanda necə, tanınmış yazıçıların, xalq yazıçılarının sözü ictimaiyyət üçün əsasdırmı?

- Əlbəttə, əsasdır. Müstəqillik hərəkatı başlayanda ön sırada yazıçılar gedirdi, onların sözləri eşidilirdi. Mən ancaq rəhmətliklərin adını çəkəcəm: Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Məmməd Araz, Xəlil Rza. Amma hazırda sağ olan yazıçıların da çoxu bu hərəkatda aktiv iştirak edirdi və aparıcı qüvvə onlar idi.

O başqa məsələdir ki, sonra başqa müəyyən qüvvələr yazıçıların şöhrətlərini qısqanmağa, onları pisikdirməyə, uzaqlaşdırmağa başladılar. Çox yazıçı ondan sonra buradan uzaqlaşdı. Uzaqlaşdı deyəndə, o mitinq natiqlərinin çörəyini əllərindən almaq istəmədi. O vaxt ki, heç bir partiya yox idi, ictimai fikrin mərkəzi Yazıçılar Birliyi idi, insanlar bu gəlirdi.

Qaçqınlar da, narazılar da bura gəlirdi və biz imkanlarımız daxilində hamının problemlərinin həllinə kömək etməyə çalışırdıq. Sonra partiyalar, siyasi qüvvələr meydana çıxdı. Ondan sonra Yazıçılar Birliyi ancaq yaradıcılıq məsələləri ilə məşğul olur. Amma bu o demək deyil ki, xalqımızın həyatında taleyüklü məsələlərə biganəyik. Lazım olanda sözümüzü deyirik, bəyanatlar veririk.

Bu günlərdə Azərbaycan-Rusiya forumunda mən çıxış etdim. Orada da ədəbiyyatdan danışmadım, xalqın problemlərindən, Qarabağdan danışdım. Çünki gələn qonaqlara məhz onu eşitdirmək lazımdır.

- Uzun müddətdən sonra belə bir auditoriyada yazıçıların ilk dəfə belə çıxışları oldu...

- Mən belə çıxışları Moskvada Ali Sovetdə edirdim. Ali Sovetin iclaslarındakı çıxışlarımın bəziləri çap olunub.

O çıxışlarda bundan da kəskin fikirlər söyləyirdim, çoxu bura gəlib çatmırdı. Bu çıxışım ona görə diqqət çəkdi ki, Bakıda oldu, camaat gördü. Yaxud Moskva mətbuatında, “Literaturnaya qazeta”da, “İzvestiya”da, “Pravda”da çox kəskin məqalələrim çıxmışdı. Yəni həmişə sözümüzü deyirdik. Bu səfər eşitdilər, sağ olsunlar.

- Həyatınızda qalxa bilmədiyiniz bir 6-cı mərtəbə varmı ki, indi də ona qalxmağa çalışırsınız?

- Ancaq yaradıcılıq mərtəbəsinə qalxmaq istəyirəm. İstəyirəm ki, indiyə qədər yazdıqlarımdan daha yaxşı bir əsər yazım.

- Şəxsi həyatınızla bağlı da bir neçə sual vermək istərdik. Həyat yoldaşınızla bağlı seçiminizə ailəniz nə dərəcədə təsir göstərib?

- Yox, bu, mənim öz seçimim olub. Həyat yoldaşımla birinci sinifdən 10-cu sinfədək bir sinfidə oxumuşuq. Məktəbi qurtarandan sonra görüşməyə başlamışıq, sonra da nişanlanmışıq, evlənmişik. Bu, həm o, həm də mən tərəfdən müstəqil seçim olub.

- Övladlarınızdan nə dərəcədə razısınız?

- Göz dəyməsin, çox razıyam. Çünki ikisi də istedadlı insanlardır, qabiliyyətləri var, təmiz insanlardır. İndiki cavanlara baxıram, bəziləri yollarından çıxırlar. Bunlarda heç vaxt ərköyünlük olmayıb. Ancaq öz əllərinin zəhməti ilə qazanıblar, indi də qazanırlar. Mən övladlarımdan razıyam.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG