Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:58

Yeni başqanın köhnə davası


İsa Qəmbər
İsa Qəmbər
Müsavat Partiyası 2010-cu ilin dekabrında yeni – sayca 6-cı başqanını seçəcək. Partiya Divanı qərara alıb ki, bu məsələ ilə bağlı qurultay parlament seçkilərindən sonra keçirilsin.

Müsavat Azərbaycanda bir nəfərin iki dəfədən artıq başqan seçilməsi Nizamnamə ilə yol verilməyən tək siyasi partiyadır. Bu təklifi partiyanın 2001-ci ildə keçirilən qurultayında o zamankı və indiki başqan İsa Qəmbər irəli sürüb. İsa Qəmbər deyir ki, məqsəd ölkəyə demokratikləşmə nümunəsi göstərmək idi:

«BU, MÜSAVATLA ƏLİYEVLƏR REJİMİNİN FƏRQİNİ GÖSTƏRİR»

- Azərbaycanın siyasi fikrinə, siyasi praktikasına demokratiya ənənələrini XX əsrin başlanğıcından Müsavat Partiyası gətirib. Bu da həmin nümunələrdən biridir. Maraqlıdır ki, Müsavat Partiyası bu ideyaları cəmiyyətə təlqin etdiyi halda Azərbaycan hakimiyyəti prezidentlik məsələsində bütün dünyada olan prinsipi dəyişdirib bir şəxsin istənilən qədər prezident olmasına şərait yaratdı. Bu, demokratik dəyərlərə münasibətdə Müsavatla Əliyevlər rejiminin fərqini göstərir.

Artıq yerli mətbuat orqanlarında Müsavata kimin başqan seçilməsilə bağlı polemikalar başlayıb. Başqanlıq postuna real namizədlər sırasında Müsavatın İcra Aparatının başçısı Arif Hacılı da var. Baxmayaraq ki, Arif Hacılı özü başqanlığa yox, parlament seçkilərinə hazırlaşdığını deyir:

«BAŞQANLIQ UĞRUNDA KAMPANİYAYA QOŞULMAQ NİYYƏTİM HƏLƏ Kİ, YOXDUR»

- Uzun illərdir seçki proseslərində Müsavat Partiyasının seçki kampaniyalarına başçılıq edirəm. Bu il də bütün enerjimi parlament seçkilərində Müsavat Partiyasının və ümumilikdə demokratik düşərgənin uğur qazanmasına yönəltməyi düşünürəm. Ona görə də başqanlıq uğrunda kampaniyaya qoşulmaq niyyətim hələ ki, yoxdur.

«Media forum» saytı «Hansı müsavatçını partiya başqanı görmək istərdiniz?» başlığı altında sorğu keçirir. Bir neçə gündür davam edən sorğuya 40 faizlik göstərici ilə Arif Hacılını üstələyən başqanın iqtisadi məsələlər üzrə müşaviri Qubad İbadoğlu liderlik edir. Qubad İbadoğlu özü isə hələlik Müsavat başqanlığına namizədliyini irəli sürüb-sürməyəcəyini dəqiqləşdirmədiyini deyir:

«BAŞQANLIQ HƏDDƏN ARTIQ MƏSULİYYƏTLİ BİR İŞDİR»


Rauf Arifoğlu
- Müsavat Partiyasının başqanlığı həddən artıq məsuliyyətli bir işdir. Bu, həddən artıq böyük resurslar tələb edir. Bu gün həm Müsavat Partiyası, həm də bütünlükdə müxalifət üçün ən önəmli məsələ parlament seçkiləri olmalıdır. Müsavat Partiyası böyük bir missiyanın daşıyıcısıdır. Biz ideyalarımızın qalib gəlməsi uğrunda çalışmalıyıq. Ancaq eyni zamanda bizim mənəvi haqqımız yoxdur ki, partiya başqanlığı ilə bağlı məsələ Müsavat Partiyası, geniş mənada isə Azərbaycan müxalifəti üçün mənfi çalarlarla yadda qalsın.

İsa Qəmbərin bir neçə ay öncə təsisçiliyindən ayrıldığı «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə düşünür ki, bütün hallarda Müsavat yeni başqan seçməyə tələsib. Müsavatiçi konfliktlərdə adı ən çox hallanan şəxslər sırasında olan Arifoğlu yenə fərqli mövqeyi ilə seçilir:

PARTİYA ARZUOLUNMAZ SİTUASİYAYA DOĞRU GEDİR

- Partiya qurultayının vaxtını dəqiq təyin etmək yanlış addım idi. İndi ictimai müzakirələrə partiyanın parlament seçkilərindəki şansları deyil, başqanın kim olacağı mövzu olur. Bu baxımdan partiya arzuolunmaz situasiyaya doğru gedir. Bu haqda biz öncədən də proqnoz vermişdik. Çox təəssüf, bizim qurultayın parlament seçkilərinə yaxın ərəfədə təyin edilməsinin yanlışlığı ilə bağlı fikirlərimiz nəzərə alınmadı.

Ölkə mediası İsa Qəmbərin başqanlıqdan uzaqlaşsa da, Müsavata yenə də faktiki başçılıq edəcəyini yazır. Rauf Arifoğlu da bildirir ki, İsa Qəmbərin bu qurultayda başqanlığına son verməsi onun nə Müsavatdan, nə də siyasi aləmdən ayrılması anlamına gəlmir:

- İsa Qəmbər Azərbaycanda qatıldığı bütün seçkiləri de-fakto qazanmış siyasətçidir. 2003-cü ildə İsa Qəmbər prezident, 2005-ci ildə parlament seçkilərini qazanıb. Sadəcə, dünyanın demokratiya paytaxtlarının bu faktı təsdiq etməyə gücləri çatmayıb. Bu baxımdan kimlərinsə qələmə vermək istədiyi kimi İsa Qəmbərin siyasət meydanını məğlub kimi tərk etməsini düşünmək doğru deyil. Ancaq eyni zamanda, İsa Qəmbərin indiki halda başqanlıqdan getməsini də doğru addım saymıram.

Rauf Mirqədirov
Siyasi şərhçi Rauf Mirqədirov da İsa Qəmbərin başqanlıqdan getmək jestini onun ölkəiçi demokratiyaya töhfə verməsi kimi dəyərləndirir. Mirqədirov deyir ki, İsa Qəmbər başqanlıqdan ayrılsa da, onun Rusiyada Putinin, Azərbaycanda isə Etibar Məmmədovun praktikasında olduğu kimi, yenidən partiyaya liderlik edəcəyini gözləyir:

«MÜXALİFƏT İQTİDARIN ASTAR ÜZÜDÜR»

- Azərbaycanda partiyalar, o sıradan müxalifətçi partiyalar müstəsna demokratiklikləri ilə seçilmirlər. Müxalifət iqtidarın astar üzüdür. Bir ölkədə iqtidar necədirsə, müxalifət də o cürdür. Siyasi arenanın oyun qaydalarını iqtidar diqtə edir. İqtidarın müəyyən oyun qaydaları müxalifət partiyalarının quruluşlarını, fəaliyyətlərini də müəyyənləşdirir.

Rauf Mirqədirov avtoritar rejimlərə qarşı yalnız demokratik metodlarla mübarizə aparmağın mümkünsüzlüyünü düşünür. Onun fikrincə, dekabrda Müsavat başqanı dəyişsə də, yeni başqan elə köhnə başqanın «dava»sını davam etdirəcək.
XS
SM
MD
LG