Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:36

İranda daha doqquz mitinqçini edam edəcəklər


İranda Musəvi tərəfdarlarının etiraz aksiyası. Tehran, 27 dekabr 2009

İranda Musəvi tərəfdarlarının etiraz aksiyası. Tehran, 27 dekabr 2009

İranın məhkəmə sistemindən verilən məlumata görə ötən iyunda keçirilmiş mübahisəli prezident seçkisindən sonrakı mitinqlərə görə tutulmuş məhbuslardan daha doqquz nəfəri yaxın vaxtlarda edam ediləcək.

Rəsmilər onların inqilab əleyhinə fəaliyyətdə və islam rejiminin dəyişdirilməsinə çalışan qruplarla əlaqədə ittiham olunduqlarını bildirirlər.

Bu məhbuslar haqqında edam hökmü yanvarın 28-də çıxarılıb. Həmin gün müxalifət fəallarından iki nəfəri asılmışdı.

«HAKİMİYYƏT İCTİMAİ ETİRAZLARI AZALTMAĞA ÇALIŞIR»

Parisdə yerləşən siyasi təhlilçi Əli Keştqar AzadliqRadiosunun fars xidmətinə - «Fərda» radiosuna müsahibəsində bildirib ki, bu günlər edam qərarları ilə hakimiyyət daha çox müxalifətin fevralın 11-ə təyin etdiyi mitinqin qarşısını almağa çalışır. Hökumət fevralın 11-də 1979-cu il İslam İnqilabının 31-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Müxalifət də həmin günə hakimiyyət əleyhinə növbəti mitinq təyin edib:

«11 fevral mitinqi ərəfəsində bu edamlarla adamları həmin aksiyadan çəkindirməyə cəhd göstərirlər. Bununla hakimiyyət ictimai etirazları azaltmağa çalışır».

Artıq edam edilən iki mitinqçidən biri 37 yaşlı Məhəmməd Əli Rza, digəri isə 19 yaşlı Araş Rəhmanpurdur. Daha 11 mitinqçi ilə birlikdə onları «Allahla müharibə cəhdi»ndə və qanunsuz silahlı qruplarla əməkdaşlıqda ittiham ediblər.

Hələlik, edam ediləcək qalan doqquz nəfərin də «Allahla müharibə cəhdi»ndə ittiham edilən həmin 11 nəfərlik müxalifətçi dəstəsindən olub-olmadığı hələlik məlum deyil.

Mahmud Əhmədinejadın təzədən prezident seçildiyi mübahisəli seçkidən sonra müxalifətin keçirdiyi etiraz aksiyalarında tutulan 100 nəfərə qədər adam məhkəməyə çıxarılıb.

İndi İranda Əhmədinejadın tərəfdarları olan mühafizəkarlar tutulan daha çox müxalifətçinin edam edilməsini mitinqlərə son qoyulmasını tələb edirlər. Amma ölkənin Ali Məhkəməsinin sədri Sadiq Laricani fevralın 1-də bildirib ki, «bu tələblər siyasi mahiyyətlidir və Şəriət qaydalarına ziddir». O, həm də əlavə edib ki, bu fikirləri gələcəkdə qanunu pozanlara qarşı edam cəzasının verilməyəcəyi demək deyil.

İNDİKİ REPRESSİYALAR NƏYİ NÜMAYİŞ ETDİRİR?

Prezidentliyə namizəd olmuş və seçkinin saxtalaşdırıldığını deyən keçmiş baş nazir Mirhüseyn Musəvi bildirib ki, indiki repressiyalar 1979-cu ilin İslam İnqilabının öz məqsədlərinə çata bilmədiyini nümayiş etdirir. Musəvinin internet saytında yayılan müsahibəsində müxalifət lideri deyir: «İndiki tiraniya və diktatorluq İranda Şah dövrünün qalıqlarının hələ davam etdiyini göstərir».

Musəvi hakimiyyətin təzyiqlərinə baxmayaraq, insanların hüquqları uğrunda mübarizəni davam etdirəcəyini bildirib. O, əlavə edib ki, dinc mitinqlər keçirmək insanlara qanunla verilmiş hüquqdur.

İran hakimiyyəti fevralın 1-dən İslam İnqilabının 31-ci ildönümü üçün bayram şənliklərinə başlayıb. 10 gün davam edəcək bayram fevralın 11-də hakimiyyət tərəfdarlarının mitinqi ilə başa çatmalıdır. Amma həmin gün – fevralın 11-də müxalifət də öz tərəfdarlarını mitinq keçirib prezident seçkisinin sxatalaşdırılmasına etiraz etməyə çağırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG