Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:10

Antiqlobalist Əliyev Davoslara nəyə gedirmiş?


Prezident İlham Əliyev Davos iqtisadi forumunda, 28 yanvar 2010
Prezident İlham Əliyev Davos iqtisadi forumunda, 28 yanvar 2010
Gündəmi izləyən bloqçuların sayı günü-gündən artır. Bu dəfə Daşkəsənin N saylı hərbi hissəsində hərbçilərin öldürülməsi olayı bloqların əsas müzakirə mövzusudur. Bakıya ilk qarın düşməsi, qarın gətirdiyi problemlər, prezidentin Davos görüşü barədə düşüncələr və s. bu həftənin bloq icmalında. Başlayaq ...
Əli Kərimli yazır ki, atəşkəs illərində orduda ölənlərin sayı minlərlədir, bu qətllərin baş verməsində isə həm iqtidar, həm müxalifət məsuliyyətlidir:

«Məsələyə bir az geniş yanaşsaq orduda bərqərar olmuş ölüm konveyerinə görə əslində hamımız məsuliyyət daşıyırıq. Hakimiyyət, bu kriminal rejimi qurduğu, bəslədiyi üçün təqsirlidir. Hər gün üzləşdiyimiz eybəcərliklərin memarı onlardır. Müxalifət olaraq bizlər, neçə illər ərzində bu ölüm konveyerini durdura bilmədiyimiz üçün, cəmiyyəti səfərbər edib xalqı bu kriminal və korrupsioner hakimiyyətdən hələ də xilas edə bilmədiyimiz üçün məsuliyyət daşıyırıq. Polis, prokuror, hakim hər yerdə zor və qəddarlıq toxumu səpdiklərinə, zorakılığı həyat normasına çevirdiklərinə, minlərlə zorakılıq hallarına göz yumduqlarına görə təqsirlidir. Vəzifəli şəxs, anti-insani rejimin bir vinti olduğuna görə, korrupsiya və rüşvətin bu qədər adiləşib, həyat tərzimizə çevrilməsində iştirakına görə məsuliyyət daşıyır. Hətta müəllim belə hüquqsuz və savadsız şagirdlər yetişdirdiyinə görə günahkardır…»

***
Araz Önər bu günlərdə Müdafiə naziri Səfər Əbiyevə ordudakı xidmətlərinə görə «Şöhrət» ordeni verilməsini xatırlayır.

«Azərbaycanda hər şey yalan olduğu kimi ordenlər də yalançıdır. Sanki ucuz çin malıdır. Kimi qaldırırsan yerindən orden çıxır. Təbii ki, əgər Vasif Talıbova bu orden verilirsə deməli Səfər Əbiyevə də verilməliydi. Çünki bunlar igidlikdə bir-birlərindən geri qalmırlar. Bənənyardakı hadisələrin arxasında Vasif Talıbov dayanırdısa, Azərbaycanda baş verən hadisələrin arxasında ən birinci Səfər Əbiyev dayanır. Ordu xalqı istənilən təcavüzdən qorumalıdır, təkcə erməni təcavüzündən yox... Aydındır ki, bu 2 əsgər yuxarıdakı 4 hərbiçin və onlarla yaralanan hərbiçilərin davranışlarından bezib bu qərara gəliblər. İndi siz təsəvvür edin bu davranışlar nə səviyyədə ölüb. Zorlamamı olub, döyülmələrmi olub, təhqirlərmi olub, onu artıq deyə bilmərəm. Onu bilirəm ki, ələ silah alıb, komandirlər və qərargah rəisini güllələmək üçün yetərli səbəbin olmalıdır və məncə bu uşaqlarda bu səbəb olub...»

***
Natiq Cəfərlinazirlərə, dövlət rəsmilərinə orden verilməsini düzgün hesab etmir. Səbəbi barədə yazır:

«Bu ölkədə kim pis işləyirsə, kimin işindən insanlar, cəmiyyət narazıdırsa, onlara orden, medal, fəxri adlar verilir. Misir Mərdanov, Vasif Talıbov, Səfər Əbiyev….

Məğlub bir ölkənin müdafiə nazirinə, bir qarış torpağımızı belə geri ala bilməyən bir generala, «Şöhrət» ordeni verilə bilərmi?

O nazirə ki, orduda olan korrupsiyanın, «dedavşinanın», olması ilə bir başa məsuliyyət daşıyır, o nazirə ki, ordusunda əsgərlər bir birini, öz zabitlərini qırır, orden yox, ORDER verilər, prokuraturanın ORDERİ!»

***
Antiqlobalist Əliyev Davoslara nəyə gedirmiş?

İlqar Məmmədovun son postu Azərbaycanın qloballaşma anlayışı barədədir.

«Ramiz Mehdiyev gecə-gündüz qloballaşma haqqında kərpic-kərpic müdrik cildlər kəsir, İlham Əliyev bir dənə də Davos Forumunu buraxmır ki, «qloballaşan dünyada mən də varam», amma dünən Ernst&Young-ın Davos forumunda yaydığı hesabata görə, 1995-dən bu yana Azərbaycan qloballaşma baxımından ən geridə qalan ölkələr sırasındadır.

Nəinki geridədir, həm də geriləyir. 60 ölkədən cəmi beşi bu siyahıda geriləyib: Venezuela -0,20; Azərbaycan -0,17; İndonezya -0,15; Argentina -0,07; Malayzya -0,03;

Belə görünür, prezidentimiz Davosa bütün bu illəri əylənməyə gedirmiş, görüb-götürməyə yox. Qarlı dağlarda xizək sürmədiyi adam qalmadı...”

***
Axtarılır...

Maybachın bloqundandır bu şəkil.

Şəklə gələn şərhlərdən biri belədir: «Təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın belə oğullara ehtiyacı var! Rəsulzadə lazımdır bu gün Azərbaycana! Azərbaycanı Azərbaycan etmək üçün...!»

***
Qar yağdı sevinək ya üzülək
Leyla qarın yağmasından sevinməyənlərdəndir. Səbəbi də qar yağan kimi problemlərin peyda olmasıdır:

«Marşrut düz 30 dəqiqə gecikdi, qar yağdı yerdə bir qarış qar yox palçıq var, qar yağdı kanalizasiya aşdı daşdı, qar yağdı yol kənarlarından keçmək mümkün deyil, evdə işıqlar sönüb və s. və ilaxır...»

***
Natiq Cəfərli də qara aid yazıb, üstəlik bloqunda Bakı meri Hacıbala Abutalıbova müraciət də yerləşdirib:

«Cənab Hacıbala müəllim, əgər səhv etmirəmsə, son 3 ildə dövlət büdcəsindən qar və buz təmizləyicilər almaq üçün, qum və başqa tədarüklər üçün ümumiyyətlə, Bakını qışa hazırlamaq üçün təqribən 50 milyon dollar pul ayrılıb. Bu gün şəhərə bir balaca qar yağdı, bir azca şaxta oldu, şəhər nəqliyyatı iflic oldu. Bəs hanı o texnikalar?

Hə, yeri gəlmişkən, mən ümumən şəhərdən danışıram a, tək prezident və başqa məmurların işə gedib-gəldikləri küçələrdən yox. Yəni, Hacıbala müəllim, şəhər ki var ha, Bakı şəhərini deyirəm, Sizə nə qədər qəribə gəlsə də böyük bir ərazidən ibarətdir! Buranın Günəşlisi var, Yasamalı var, Bayılı var. Kim Sizə deyibsə ki, şəhər ancaq mərkəzdən, və «trasdan» ibarətdir, səhv edib, inanmayın ona. Bax inansaz, heç vaxt şeytanları mələklərə çevirə bilməyəcəksiniz…»

***
Vətənpərvər uzun müddətdir bloqunu yeniləmirdi, nəhayət azərbaycanlı idmançıların uğurlarından yazıb. Sonuncu postu da İsraildə Pankrat döyüş növü üzrə yarışda idmançıların qələbəsinə həsr olunub.

***
Azərbaycanlılar və qadın
Xaqani Haas hesab edir ki, Azərbaycan qadını heç vaxt indiki zamanı ilə yaşamır, həmişə öz gələcəyinin keçmiş zamanını yaşayır. Təbii razılaşmayanlar ola bilər. Bloqçu isə belə bir qənaətdədir ki:

«Ailə azərbaycanlı əxlaqsızlığının mənbələrindən biridir. Evli azərbaycanlı kişi subay kişiyə nisbətən daha çox əxlaqsızlığa meyllidir. Bir ailəni «dolandırmaq» üçün, şübhəsiz ki, daha çox yaltaqlıq, daha intensiv riyakarlıq tələb olunur. Ailə azərbaycanlı kişinin ikiüzlülüyünün, qorxaqlığının, riyakarlığının, yaltaqlığının, qısası, hər növdən əxlaqsızlığının hərəkətverici qüvvəsi kimi çıxış edə bilir. O, susmalıdır, çünki ailəlidir, yaltaqlanmalıdır, çünki «arvad-uşaq yiyəsidir», boyun əyməlidir, çünki «dörd qarına baxır», vicdansızlıq etməlidir, çünki atadır. Azərbaycanlı qadın ərinə təkcə uşaq doğmur, ona həm də ləyaqətsizlik və şərəfsizlik doğur».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG