Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:19
Yanvarın 29-u tarixin ən böyük yazıçılarından biri olan Anton Çexovun anadan olmasının 150-ci ildönümüdür.

Çexov dünyada əsərləri ən çox tərcümə olunan və səhnələşdirilən yazıçılardan biridir. Onun pyesləri Tokiodan tutmuş Santyaqoya kimi dünyanın bütün şəhərlərinin səhnələrində tamaşaya qoyulur.

Çexovun əsərləri onlarla dilə, o cümlədən suahili kimi nadir dilə tərcümə olunub. Hətta Merkuri planetində kraterə onun adı verilib.

1904-cü ildə vərəm xəstəliyindən ölməmişdən bir neçə ay əvvəl Çexov demişdi ki, əsərləri hələ 7 il yaddaşlarda qalacaq. Ancaq o, bu təxminlərində yanılıb, 7 il nədir, bir əsrə yaxındır ki, o, xatırlanır.

Odessada anadan olmuş, hazırda Berlində yaşayan teatr rejissoru Yuri Alşitz Rusiyanın Yelets şəhərində konfrans təşkil edib. Konfransın adı da Çexovun məşhur əsəri olan «Qağayı»nın şərəfinə «Qağayı» adlanır. Alşitz deyir ki, Çexovun əsərləri yeni nəsillər üçün həmişə aktualdır:

«Çexovun seçdiyi mövzular təkcə bir əsrə sığmır. Düşünürəm ki, onun əsərləri bundan yüz illər sonra da səhnələşdiriləcək. Onun əsərləri Şekspirin əsərləri kimi, həmişəyaşar, aktualdır. Çexovun mövzuları sadədir. Ancaq hər bir adam bu sadə mövzuların içində çoxlu problemlər, həm də öz problemlərini görür».

Çexovun məşhur əsəri olan «Qağayı» ilk dəfə 1898-ci ildə Moskva Dövlət Teatrında səhnəyə qoyulub.

Rusiyanın məşhur ədəbi tənqidçisi Vladimir Veydle Çexovun «Üç bacı» əsərinə uşaqlıqda baxıb. 1973-cü ildə bu haqda AzadlıqRadiosuna bunları demişdi:

«Bu əsərdə leytenant Verşininin Maşayla sağollaşdığı bir yer var. Leytenant rolunu əfsanəvi Stanilavski oynayırdı. O, Maşadan ayrılıb gedəndə onu qucaqlayır. Bu an haradasa bir dəqiqə çəkir. Adama elə gəlirdi ki, bu bir dəqiqə heç vaxt bitməyəcək. Hamı ağlamaqdan özünü zorla saxlayırdı. Bu səhnəni xatırlayanda həmişə qəhərlənirəm».

Peşəkar həkim olan Çexov tibbi «həyat yoldaşı», ədəbiyyatı isə «sevgilisi» adlandırıb.

Bu həftə Rusiyada ən sevimli yazıçısının xatirəsinə tamaşa festivalı başlayıb. Bu festival 6 ay davam edəcək. Festivalda təkcə Çexovun yox, ondan ilhamlanıb yazanların əsərləri də səhnələşdiriləcək. Tamaşaları isə müxtəlif ölkələrdən - Almaniya, Çili, Kanada, İsveçdən olan truppalar oynayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG