Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:46

Neft pulları müxalifətin birləşməsinə mane olur?


«Müxalifətin birləşmək istəyi imitasiyadan başqa bir şey deyil. Onun fikrincə, müxalifət ölkəyə neft pulları gələnə qədər birləşə bilərdi».

«Müxalifətin birləşmək istəyi imitasiyadan başqa bir şey deyil. Onun fikrincə, müxalifət ölkəyə neft pulları gələnə qədər birləşə bilərdi».

Parlament seçkiləri ərəfəsində müxalifətin birləşməsi məsələsi yenidən gündəliyə gəlib. Ancaq müxalifətin keçmişə xas bir ənənəsi - qarşılıqlı şərtlər təşəbbüslərin ciddi səmərə verəcəyinə şübhələri getdikcə artırmaqdadır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir ki, müxalifətin birləşməsi həm cəmiyyətin seçkilərə marağını, həm də bu düşərgənin proseslərə ümumilikdə təsirini artıra bilər.

AXCP HAKİMİYYƏT DƏYİŞİKLİYİNİ İSTƏYƏN QÜVVƏLƏRİN BİRLİYİNƏ ÇALIŞIR

Ə.Kərimli deyir ki, onlar hakimiyyət dəyişikliyini istəyən və bu istiqamətdə çəkinmədən fəaliyyət göstərən qüvvələrin birliyini istəyir. Onun ifadəsi ilə desək, «psevdo müxalifət»lə birləşməyin heç bir əhəmiyyəti yoxdur.

Ə.Kərimli təəssüflə qeyd edir ki, indi Azərbaycanda mövqeyini dəyişən insanlar çoxdur. Odur ki, o, hökumətin heç bir təsir imkanının olmayacağı və fikirlərin tamamilə üst-üstə düşəcəyi formatın tapılacağına tam əmin deyil.
Əli Kərimli
Bununla belə, ümid edir ki, hökumətə münasibətdə mövqeləri nisbətən yaxın qüvvələrin birliyinə nail olmaq mümkündür:

ƏSAS MÜXALİFƏT «TROYA İLXISI»NA QARŞI

- Obrazlı desək, hökumətin Troya atlarından xilas ola bilməsək də, «Troya ilxısı»ndan xilas olaq. Yəni, heç olmasa bir nəfər, iki nəfər bu birliyə düşə bilər. Ancaq heç olmasa birlikdə öz mövqelərini hökumətlə koordinasiya edən qüvvələr əksəriyyət təşkil etməsin.

Əli Kərimli deyir ki, onlar bu birliyin nüvəsində «Azadlıq» bloku ilə Müsavat Partiyasını təsəvvür edirlər.

Ancaq Müsavat Partiyasında isə bir qədər fərqli düşünürlər. Bu partiyanın Ali Məclisinin sədri Sülhəddin Əkbər deyir ki, onlar birliyi yalnız özləri ilə Azərbaycan Xalq Cəbhəsi və Klassik Azərbaycan Xalq Cəbhəsi partiyaları arasında görürlər:

MÜSAVAT NƏDƏN AXCP VƏ KAXCP-YƏ ÜSTÜNLÜK VERİR?


- Biz niyə AXCP və KAXCP ilə birliyə üstünlük veririk? Çünki bu qüvvələr birgə mili azadlıq hərəkatında iştirak ediblər, tarixin sınaqlarından birgə çıxıblar. Demokratik prinsiplərə də daha sədaqətlidirlər. Bir də psixoloji cəhətdən onlarla daha asan uyum saxlamaq mümkündür.

Sülhəddin Əkbər
Ancaq belədə isə gərək Azərbaycan Xalq Cəbhəsi Partiyası «Azadlıq» blokundakı müttəfiqlərindən – Liberal və Vətəndaş və İnkişaf partiyalarından imtina edə.

AXCP sədri Əli Kərimli isə hesab edir ki, yeni birlik müxalifətə güc qatmalıdır. Əksinə mövcud birliyin dağılmasına yol vermək olmaz.

Müxalifətdən olan millət vəkili Pənah Hüseyn isə daha geniş birlik təklif edir. O hesab edir ki, nəinki «Azadlıq» bloku ilə üstəlik, Demokratiya Uğrunda İttifaqla da əməkdaşlığa getmək lazımdır.

Yeri gəlmişkən, P.Hüseynin üzv olduğu «Xalq» Partiyası da 5 siyasi partiyanın birləşdiyi Demokratiya Uğrunda Hərəkata daxildir.

P.Hüseyn hesab edir ki, nə Əli Kərimli, nə də Demokratiya Uğrunda Hərəkata daxil olan Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəloğlu öz müttəfiqlərini atasıdır. Onun fikrincə, artıq təmsil olunduğu ittifaqda 90-dan çox dairə üzrə namizədlərini müəyyən ediblər. Əgər birlik alınmasa, onlar ayrılıqda seçkilərə getməli olacaqlar:

Pənah Hüseyn
- Hakimiyyət qəsdən seçkilərə qədər partiyaların maliyyələşməsi məsələsini ortalığa ata bilər. Yəni, parlamentdə qazandıqları yerdən asılı olaraq partiyalara maliyyə ayrılması məsələsini. Gör onda hər bir partiya ayrılıqda parlamentə necə can atacaq.

NEFT PULLARI MÜXALİFƏTİN BİRLƏŞMƏSİNƏ MANE OLUR?

«Alma» qəzetinin baş redaktoru İsrail Musayev isə düşünür ki, müxalifətin birləşmək istəyi imitasiyadan başqa bir şey deyil. Onun fikrincə, müxalifət ölkəyə neft pulları gələnə qədər birləşə bilərdi. Artıq hakimiyyət istədiyi siyasi qüvvəni parlamentə gətirib, istədiklərini kənarda saxlamaqla müxalifətin birləşmək təşəbbüslərini asanlıqla alt-üst edə bilir:

- Mən bunu dəfələrlə müxalifətçilərə demişəm. Neftin pulu gələnə qədər birləşə bilərdiniz. Neftin pulu gələndən sonra hakimiyyət istədiyini edəcək.

İsrail Musayev düşünür ki, müxalifət indi birləşsə belə, onun hakimiyyət dəyişikliyinə gücü çatmaz. Bu, olsa-olsa onlarda müqavimət gücünü artıra bilər.

Şərhləri göstər

XS
SM
MD
LG