Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:21

Özəl notarius kimi işləmək istəyən çoxdur, amma...


Bakının mərkəzində yerləşən notarial kontor, 15 yanvar 2010

Bakının mərkəzində yerləşən notarial kontor, 15 yanvar 2010

Hüquqşünas Namizəd Səfərov hesab edir ki, Ədliyyə Nazirliyi Azərbaycanda fəaliyyətə başlayacaq özəl notariat kontorları öz inhisarında saxlayacaq.

11 il əvvəl «Notariat haqqında» Qanuna xüsusi qaydada notariat fəaliyyətinin həyata keçirilməsinə dair müddəalar əlavə olunub. Həmin müddəalara görə, Azərbaycan vətəndaşı olan istənilən hüquqşünas müvafiq qaydalar əsasında xüsusi notarius kimi fəaliyyət göstərə bilər. Lakin 11 ildə qanun icra olunmayıb.

YAXIN VAXTLARDA ÖZƏL NOTARİUSLARIN FƏALİYYƏTƏ BAŞLAMASI BAŞ TUTACAQ

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov deyir ki, yaxın vaxtlarda özəl notariusların fəaliyyətə başlaması baş tutacaq. Özəl notarius kimi fəaliyyət göstərmək istəyənlər üçpilləli imtahanların ikisini başa vurublar və hazırda sonuncu – peşə hazırlığı imtahanına hazırlaşırlar:

«Uğur qazanandan sonra onlara 5 il müddətinə şəhadətnamələr veriləcək. İmtahanlar başa çatdıqdan sonra respublika ərazisində iş yükü böyük olan şəhərlərdə özəl notariat kontorlarında fəaliyyətə başlayacaqlar».

İdarə rəisi qanunun 11 il gecikməsini belə əsaslandırır:

«Bunun üçün hələ baza yaratmaq lazımdır, yetişmək lazımdır. Hesab edirsiniz ki, özəl notariat fəaliyyətə başlayan kimi bizim vətəndaşlar dərhal ora müraciət edəcəklər? Bizdə adətən dövlət orqanlarına daha böyük etibarlılıq var».

Mehman Soltanov özəl notariat kontorların özlərini maliyyələşdirəcəyinə inanmır:

«Sabah özəl qaydada fəaliyyət göstərəndə bunlar özləri özlərini maliyyələşdirməlidirlər. Bizim bugünkü dövlət rüsumu ilə onların özlərini maliyyələşdirməsi asan başa gəlməyəcək. Ucqar rayonlarda əməliyyatların sayı o qədər aşağıdır ki, heç adi kommunal xərclərin ödənməsi də mümkün olmayacaq».

Hüquqşünas Namizəd Səfərov isə idarə rəisinin narahatlığına əsas görmür. O fikirləşir ki, özəl notariusla məşğul olmaq istəyənlərin sayı həddindən artıq çoxdur.
Namizəd Səfərov
Bu isə o deməkdir ki, sahə heç də idarə rəisinin dediyi kimi, uğursuz sahə deyil, əksinə, pullu sahədir:

«ONLARA İMKAN VERMƏYƏCƏKLƏR İŞLƏMƏYƏ»

«Bizim ölkədə notariat hərəkətlərinin aparılmasına görə rüsumlar kifayət qədər yüksəkdir və o notariat kontorunun özünü maliyyələşdirməsi üçün istəyir dağ rayonunda olsun, istəyir Bakıda, özünü saxlamağa qadirdir».

Hüquqşünas hesab edir ki, özəl notariusların fəaliyyətə başlaması dövlət notariuslarına sərf etmir. Namizəd Səfərov deyir ki, idarə rəisi onların maliyyə uğursuzluqlarını proqnozlaşdırmaqla gələcək özəl notariusları ruhdan salmaq istəyir. Hüquqşünas ümumiyyətlə, gələcəkdə özəl notariat kontorlarının Ədliyyə Nazirliyinin inhisarında olacağını deyir:

«Onlara indidən imkan verməyəcəklər işləməyə».

Namizəd Səfərov deyir ki, özəl notariat kontor yaratmaq baha başa gəlir və bu, hər hüquqşünasın əl ata biləcəyi sahə deyil. O, özəl notarius kimi fəaliyyət göstərmək üçün imtahan verən namizədlərə də şübhə ilə yanaşır:

«Mənim şübhəm var ki, ora savadlı adamları yığıblar. Sadəcə olaraq müraciət edənlər içərisində kim ki Ədliyyə Nazirliyini qane edir, onları imtahanlardan keçiriblər. Çünki artıq cəmiyyətdə də söz-söhbət gedir ki, xüsusi notarius kimi fəaliyyət göstərməyin qiyməti dəvənin belinə qalxıb».

Hüquqşünas İntiqam Əliyevsə notariat sahəsinin ümumilikdə özəl sahəyə çevrilməsinin tərəfdarıdır:

İntiqam Əliyev
«Necə mühasibatlıq, hüquq və digər xidmətlər göstərirsən, notarius da elə bir xidmətdir. Onun dövlətin nəzdində olmasına ehtiyac yoxdur».

Hüquqşünasın sözlərinə görə, hazırda notariusların fəaliyyətində kifayət qədər qüsurlar mövcuddur:

BU SAHƏDƏ İNHİSARÇILIQ, KORRUPSİYA VAR

«Ümumiyyətlə, dövlət orqanlarına xas olan bütün qüsurlar, çatışmazlıqlar Azərbaycanın notariuslarına da xasdır. Bu sahədə inhisarçılıq, korrupsiya var. İnsanlardan qanunla müəyyən olunmuş rüsumlardan qat-qat çox rüsumlar alınır».

İntiqam Əliyevin fikrincə, dövlət notariat kontorları rüşvət mənbəyi olduğuna görə, özəl notariusların yaradılması dövlət kontorları üçün arzuolunmazdır.

AzadlıqRadiosuna zəng vuran Daşqın adlı dinləyici isə notariat kontorlarından şikayət edir. Deyir ki, sənədləşmə işinə görə ondan 5 manat pul alıblar, ancaq qəbz verməyiblər:

«Qəbz istədim, qadın dedi ki, bizdə qəbz olmur. Təbriz küçəsindəki notariat kontorunda isə mənə məlum oldu ki, həmin sənədləşmənin rüsumu 60 qəpik imiş».
XS
SM
MD
LG