Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:36

Adam oğruları yenidən fəallaşır?


Cinayətlərin 90-95 faizi isə məlumatlar əsasında açılır

Cinayətlərin 90-95 faizi isə məlumatlar əsasında açılır

Son bir ayda Azərbaycanda bir neçə insan oğurluğu hadisəsi baş verib. Bunlardan birini Bakıda müvəqqəti yaşayan Çin, digərlərini isə Azərbaycan vətəndaşları həyata keçiriblər. Çinlilər Bakıda yaşayan öz həmvətənlərini oğurlayaraq onun azadlığa buraxılması üçün yaxınlarından 300 min dollar istəyiblər. Amma əməliyyatçılar çinliləri həbs ediblər. Digərini isə Vadim və Limberq adlı Bakı sakinləri həyata keçiriblər. Onlar 25 yaşlı Timur Əliyevi oğurlayaraq valideynlərindən bir milyon manat pul tələb ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, adam oğruları Timur Əliyevin qaytarılması üçün onun atasından 1 ədəd «Mitsbushi Pajero», 1 ədəd VAZ-2107, 33 min manat pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları alıblar. Dəstə üzvləri oğurlanan gəncin atasından əlavə 30 min manat alarkən yaxalanıblar. Girov götürülən gəncin valideynləri sonuncu 30 min manatı verənə qədər bu məsələ barədə hüquq-mühafizə orqanlarına məlumat verməyiblər.

HACI MƏMMƏDOVUN YOXLUĞU HİSS OLUNMUR?

Hüquq müdafiəçisi Vidadi İsgəndərli deyir ki, 2005-ci ilin yazında DİN-in Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsi zərərsizləşdiriləndən sonra Azərbaycanda müəyyən sakitlik yaranmışdı.
Vidadi İsgəndərli
Bir ay ərzində insan oğurluğu ilə bağlı üç hadisənin baş verməsini ciddi bir hal sayan hüquq müdafiəçisinə görə, görünür, insan oğurluğu ilə məşğul olan cinayətkar qruplar yenidən fəallaşıblar.

Vidadi İsgəndərli həm də Hacı Məmmədovun məhkəmə prosesindəki çıxışını xatırlayır. Onun sözlərinə görə, həmin vaxt Hacı Məmmədovun özünü bu sahədə xırda bir fiqur sayması barədə söylədikləri belə deməyə əsas verir ki, azadlıqda hələ daha iri fiqurlar var:

- Məhkəmə prosesində Hacı Məmmədov dəfələrlə demişdi ki, mən böyük bir cinayətkar dəstənin balaca üzvüyəm, balinalar isə çöldə qalıb.

UŞAQLARI OĞURLANANLAR NİYƏ POLİSƏ MÜRACİƏT ETMƏKDƏN ÇƏKİNİRLƏR?


Qaldı ki, girov götürülən şəxsin yaxınlarının hüquq-mühafizə orqanlarına gec xəbər verməsi və ya istənilən məbləği tez-tələsik ödəməsinə, Vidadi İsgəndərli bunu bir neçə məsələ ilə izah edir:

- Birincisi, qorxurlar ki, girov götürülən adam öldürülə bilər, ikincisi isə adamlar ehtiyatlanırlar ki, ola bilər həmin məsələdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının əli olsun. Üçüncüsü isə, açığını deyim ki, Hacı Məmmədovun işindən sonra adamlarda hüquq-mühafizə orqanlarına qarşı müəyyən inamsızlıq yaranıb.

Hüquq müdafiəçisi deyir ki, elə bu sadaladığı məsələlərə görə yaxınları girov götürülən adamlar hansı vəsaitin bahasına olursa-olsun məsələni sakit şəkildə özləri həll etmək istəyirlər.

Sabiq polis rəisi Mahmud Hacıyev də deyir ki, bu məsələdə adamların öz yaxınlarının taleyindən narahat olaraq polisə xəbər verməmələri başa düşüləndir. M.Hacıyevə görə, əslində adam oğruları zərərçəkən tərəfi əvvəlcədən xəbərdar edirlər ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilməsi onların yaxınlarının həyatı bahasına başa gələ bilər:

Mahmud Hacıyev
- Xəbər göndərirlər ki, biz əlimizdə olan şəxsə xətər yetirə, fiziki zor tətbiq edə və ya öldürə bilərik. Bu, əsas rol oynayır. Bir də bu, hüquq-mühafizə orqanlarına olan inamsızlıqla bağlıdır. Adamlar inanmırlar ki, onlar çox yaxşı bir əməliyyat keçirib girovluqdakı şəxsi azad edə bilərlər.

Mahmud Hacıyev deyir ki, hüquq-mühafizə orqanları vətəndaşlardan və müxtəlif qurumlardan alınan informasiya əsasında işləyəndə, baş verənlərə daha tez reaksiya verə bilirlər. Vaxtilə Azərbaycanda hüquq-mühafizə orqanlarının daha çox elə bu üsulla işlədiyini deyən sabiq polis rəisinə görə, indi adamlar polislə əlaqədən çəkinirlər. Adamlar qorxurlar ki, hansısa hadisə barəsində hüquq-mühafizə orqanlarına məlumat versə, cinayəti törədəni buraxıb ondan yapışacaqlar. Yəni adamlar ağrımayan başlarını ağrıtmaq istəmirlər:

AĞRIMAYAN BAŞIN AĞRILARI…


- Adamlar bu baxımdan həm şikayət etməkdən, həm də polisə kömək etməkdən çəkinirlər. Cinayətlərin 90-95 faizi isə məlumatlar əsasında açılır. İndi adamlar polisə heç bir məlumat ötürmür, elə ona görə də gizli şəraitdə baş vermiş cinayətlər bağlı qalır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə adamların polisə inamsızlığı üzündən belə hadisələrin baş verməsilə razılaşmır. Onun dediyinə görə, bu ilin yanvar ayında üç insan oğurluğu hadisəsi baş verib və vətəndaşların müraciətindən dərhal sonra Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları girovları azad edib. Bütün cinayət iştirakçıları da həbs edilib.

Ancaq bəzi ekspertlər də hesab edirlər ki, adam oğurluqları ilə bağlı cinayətlər bəzən heç statistikaya düşmür.
XS
SM
MD
LG