Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:16
Dünya uşaqlarının sevimli cizgi, daha doğrusu, animasiya qəhrəmanları var. Rusların Styopa dayısı, Canavarı, Dovşanı, amerikalıların Siçan Mikisi, yəni Miki Mausu, Kasperi... Rusların “Nu, poqadi!” multfilminin qəhrəmanları ilə artıq neçə nəsil böyüyüb. Amerikalıların sevimli xəyalı, özünə dost arayan Kasperin isə nə az, nə çox düz 65 yaşı var. Artıq dünyada elə bir TV kanalı yoxdur ki, Kasperin sadəlövh suallarını eşitməsin, onun dostbulma macəralarından xəbər tutmasın. Kasper çoxdan dünya uşaqlarının sevimli qəhrəmanına çevrilib. Bəs Azərbaycan balaları? Onların milli, həm də sevimli qəhrəmanları varmı? Ümumiyyətlə, Ölkədə animasiya filmləri nə vaxtdan çəkilir? Necə çəkilir? Müstəqillik dönəmi bu prosesi əngəllədib, yoxsa dəstəkləyib? Bütün bu sualları cavablamaq üçün Azərbaycanda animasiya filmlərinin bilicisi və yaradıcılarından sayılan “Azanfilm”studiyasının direktoru Elçin Hami Axundovu “İz”ə qonaq çağırdıq. Proqramı elə bu səhifədə dinləyə də bilərsiniz.

-Elçin bəy, xoş gördük sizi! Çoxdandır ki, Sizi AzadlıqRadiosunun studiyasında görmək istəyirdim. Hər dəfə nədənsə ertələnirdi...

-Eybi yox, qismət bu günə imiş.

-Nədən başlayaq?

-Siz seçin.

-Vallah, o qədər danışılmalı yönlər var ki, heç bilmirəm nədən başlayaq...Hər halda yenə tarixə baş vuraq. Necə yarandı, niyə gec yarandı?
Almanlar sürgün olundu, animasiya da 33 il “konservləşdirildi”

-Azərbaycanda animasiya 1933-cü ildə yaranmışdı. Onda Bakı Kino Fabriki vardı, onun nəzdində iki alman rəssam işləyirdi. Onlar animasiyanı bilirdilər. İlk dəfə “Birinci çarter” filmində texniki animasiya verdilər. Yəni Bakıdan Moskvaya uçan təyyarənin marşrutunu göstərdilər. 1935-ci ildə bədii animasiya çəkildi—“Əhmədin bəlası”, orada da görkəmli rəssamlar Qəzənfər Xalıqov, Ənvər Mirzəyev, Cabir Zeynalov, Müslüm Naqomayevin atası Maqomed Maqomayev və dediyim iki rəssam işləyirdi. Həmin vaxt o iki almanı sürgün elədilər SSRİ-dən, onunla da çəkilişlər dayandı. Sonra müharibə başladı. Çətin illər gəldi. Bir də 60-cı illərdə bu iş bərpa olundu...

-Bəs niyə belə gec? Başa düşürəm ki, ölkə müharibədən çıxmışdı. Amma ruslar niyə çəkirdilər?

-Mütəxəssis lazım idi. İndi “3D”-də işləyən hər kəs deyir ki, mən animatoram. Animasiyaçılıq çox qəliz sənətdir. Biz 1966-cı ildə başladıq, 68-də tamamladıq. İki il o kursları tam keçdik. O kursların məğzi nədən ibarət idi? Canında artistlik olan cavan rəssamlar seçildi. Bax, bu mütləqdir. Animator rəssam aktyor-rəssamdır, yəni birinci aktyordur, sonra rəsssam...

-Doğrudanmı? Heç ağlıma gəlməzdi...

-Bəli, bəli. Mən bunu hər yerdə deyirəm...Aktyor-rəssam öz aktyorluğunu gərək rəsm vasitəsi ilə göstərsin. Əlbəttə ki, ekran vaxtı ilə. Saniyədə 24 kadr keçir, o bizim üçün əsasdır. Hər rəssam-animator yaradanda, hərəkətin 24-də birini yaradır. Bax, biz indi 10 dəqiqəlik filmlər çəkirik. Qaralama şəkillərlə götürsək, 55 min şəkil –rəsm lazımdır ona. Əlbəttə, bunu bir nəfər eləmir, bir qrup insan işləyir. Animasiya filmində belədir: tutaq ki, bir nəfər ssenarisini yazır,onun əsasında quruluşçu rəssam kadrlaşmanı verir. Sonra personajlarla iş başlayır. Bədii filmdən fərqli olaraq, animasiyaçı rəssam gərək personajın üzünün, profilinin, arxa tərəfin rəsmini göstərsin. Sonra...bu personaj necə ağlayır? Hər personaj, a...Məsələn, 5 personaj varsa, dediklərim hamısına aiddir. Rejissor ssenariyə əsasən müəyyənləşdirir ki, hansı hərəkətlər tələb olunur və rəssam buna uyğun eskizlər çəkir. Rəssamdan sonra animator, yəni aktyor gəlir. O, kadrlaşdırılanları böyüdür, salır ekran səviyyəsinə-- tutaq ki, A-4 formatına. O formatda başlayır işləməyə, daha doğrusu canlandırmağa.

-Bəs deyirlər kompüter çıxandan animasiyaçıların işi asanlaşıb?

-Kompüterdə müəyyən proqramlar var. Cizgi qolunu Animon proqramı var, onda işləyirik. Adobe premier proqramında işləyirik. Onsuz da əllə çəkirik kağıza, skaner vasitəsi ilə kompüterə köçürürük və fotoşop proqramında rəngləyirik, Premier proqramında da onları çoxaldırıq, hərəkətə gətiririk ardıcıl vəziyyətdə. Flaş proqramı var, o da qurama qolunu əvəz edib. Orada da çəkirsən başı, bədəni, qolu ayrı-ayrı, sonra həmin proqramda hərəkətə gətirirsən. Sonra kukla qolu var. Orada hər hansı bir personajın karkasını eləyirik, üstünə dəri verirlər, sifət, göz, faktura verirlər, işığını qoyub hərəkətə gətirirlər. Əvvəllər onu 3D və Maxi proqramında hərəkətə gətirirdilər, animator məşğul olurdu. Amma indi fikir verirəm ki, orada heç animasiya yoxdur. Həmin proqramlarda müəyyən personajı yaradırlar, sonra aktyorun bədənində 12-15 ötürücü cihaz (datçik) qoyurlar və kamera çəkir, aktyorlar rejissor dediyi hərəkətləri edirlər. Hərəkətlər keçir o proqramlarda yaranan personaja. Burada artıq animasiya yoxdur. Animasiyada hərəkəti bir kadr- bir kadr çəkmək üsulu ilə yaradırsan.

Cizgi filmi yox, animasiya deyilməlidir!

Qaldı ad məsələsi, çox vaxt deyirlər cizgi filmi, qabaqlar multiplikasiya deyərdilər, ruslardan götürmüşdük, anlayış düz deyil. Daha düzü, animasiyadır. Multiplikasiya—çoxaltmaq mənasındadır. Türklər qrafik işə cizgi deyirlər. Əsas adı—animasion—canlandırma, ruh vermə deməkdir.

-Elçin bəy, təşəkkür edirəm, belə geniş bilgiyə görə, məncə bu söhbəti oxuyan jurnalistlər də, adi oxucular da anladılar ki, cizgi filmi yox, animasiya filmi demək lazımdır. Söhbətə başlamazdan öncə siz mənə də söylədiniz ki, jurnalistlər yazılarında düzgün işlətmirlər bu sözü. Növbəti sual: İnternetdə sizin adınızı axtarışa verdim, məlum oldu ki, 34 animasiya filmi var bioqrafiyanızda...

-Yox, düz deyil. Keçən dəfə Film Fondunda araşdırırdıq. Gördüm ki, başqalarının da işini mənim adıma yazıblar. Ağa Nağı Axundov var idi-- animasiyanın babası, atası mənəmsə, babası odur--mənim müəllimim olub...Birinci “Cırtdan” filmini çəkdik. Rəssam assistenti işlədim, əsgərliyə getdim, qayıdandan sonra fazaçı rəssam, assistent oldum. Özümün də xoşuma gəlirdi. Animatorluqdan çox quruluşçu rəssamlıq ürəyimə yatırdı. Azərbaycanfilmdə Bərbərovların şirindən çəkilən filmin quruluşçu rəssamı da oldum. Müəllimim Ağa Nağı Axundovun təklifi ilə “Cücələrim” filmini çəkdik, Vaqif Mustafazadənin bir aranjirovkası vardı “Cücələrim”—onun əsasında. Orada da quruluşçu rəssamdım.

-Bu yaxınlarda sizin mediaya bir açıqlamanızı oxudum. Deyirdiniz ki, 10 dəqiqəlik filmlərlə bazara çıxmaq olmaz...

-Olar ey. Gərək toplu şəklində çıxasan, o da çətin olur. Məsələn Türkiyəyə mənim ixtiyarım yoxdur tam filmi göndərməyə. İki dəqiqəlik fraqmentlər göndərmişəm. İrana da həmçinin. Hələ cavab gəlməyib.

KADR, KADR, KADR!

- “Azanfilm”də vəziyyət necədir? Nəyə daha çox ehtiyacınız var?

-Ehtiyac? Kadr çatışmazlığımız var. Kadr, kadr, kadr! İllərdir hər yerdə bu barədə danışıram. Özümdən də zəhləm gedir ki, tutuquşu kimi eyni şeyləri təkrarlayıram...

-Kim hazırlamalıdır kadrı?

-Mən. 1989-cu ildə, sovet dövründə SSRİ Dövlət Kino Komitəsi maliyyələşdirmişdi, kurs açmışdıq. O kursları mən aparırdım. 80-dən çox adam yazılmışdı. Aralarında cürbəcür sənət sahibləri var idi. Həvəsli və istedadlı adamlar idi. Seçim oldu. Bilirsiniz, bu iş çox çətin işdir, gəlib işin mahiyyətinə varanda, görürdülər yox...Nə isə, yarısı qaçdı. 30 nəfər seçib işlədik. Moskvadan da dəyərli bir mütəxəssis gəlmişdi—Arsentyev ustad dərsləri keçirdi. Ondan əlavə, musiqi dərsləri keçirdik. Mən özüm kinonun texnologiyasından dərs deyirdim. Aktyor sənətindən dərs alırdılar. Çox sanballı animatorlar çıxmışdı o kursdan. Aralarında 10 nəfər animator vardı. Qalanları fazaçı rəssam, assistent işləyə bilərdi—bunlar da lazımdır, axı.

Hazırladığımız kadrlara başqaları sahib çıxdı.

Sonra 90-cı illər gəldi, maliyyə məsələləri çətinləşdi və bu animatorlar səpələndi dünyaya...İki nəfər—Nanazaşvili və Bekker İsrailə getdilər, orada öz studiyalarını açıblar. Polşaya, İstanbula, Ankaraya səpələndilər. Çünki dünyada elə bir institut, akademiya yoxdur ki, animator hazırlasın. Animatorları studiyalar özləri kurslar vasitəsi ilə hazırlayırlar. Hər 5-6 ildən bir. Öz işçilərini, kadrlarını cavanlaşdırmaq məqsədi ilə. Hə, bizim kursdakı kadrlardan biri indi Disney studiyasında işləyir. Cahangir Sankt-Peterburqdadır, onun da öz studiyası var və s. Beləcə, həmin kadrlar dünyaya dağıldılar...Onlar qalsaydı, indi bizdə animasiya çox böyük inkişafda olardı. İldə iki yox, 10 film çəkə bilərdik.

-Yəni o kursdan indi heç kəs qalmayıb?

Mənim yanımda o kursdan cəmi 3 nəfər var. Hərdən deyirəm ki, Disney studiyası bilsə ki, bizdə 3 animator var, onları da aparar...Düzdür, kompüter proqramları var. Ancaq kompüter proqramı mənim nökərimdir. Əsas aktyordur. Kompüterdə işləyən, onu zor bilən adamlar var, gəlirlər ki, Elçin müəllim, bizə rəssamlığı öyrədərsən? Öyrədərəm ey, meymuna da çəkmək öyrətmək olar. Rəssamlıq gərək adamın canında olsun. Onlar rəsssamlığı bilmirlər deyə, çox proqramlarda, ələlxüsus kitab tərtibatında nə qədər zəiflik var?! Onların estetik səviyyəsi çox aşağıdır. Yeganə bəyəndiyim Tərlan Qorçudur. “Tutu” jurnalını buraxırdı, gözəl kitablar buraxırdı. Ağıllı adamdır, həm də gözəl rəssamdır. Seçirdi, Azərbaycanın qaymaq rəssamlarını bu işə cəlb edirdi. Onun Marionet Teatrı vardı, orada hazırladığı “Arşın mal alan” tamaşası vardı, estetik səviyyəsi dünya səviyyəsindən 5 qat artıq idi.

-Baxmışam o tamaşaya. Təxminən 10 il öncə. Çox gözəldi. Geyimlər göz qamaşdırırdı, kuklalar da onun kimi, musiqi də həmçinin...

-Əfsuslar olsun ki, maliyyə çətinliyi ucbatından başqa tamaşalar qoya bilmədi. Amma teatrın 20 yaşı var...

-Elçin bəy, yaxşı, dövlət Marionet Teatrına dəstək olmur, animasiyaya gərəkli dəstəyi vermir. Bəs uşaqlarımız nə etsinlər? Elə ətrafa boylana-boylana qalsınlar?

-Mən indiyə qədər qəzetlərdə, radio-televiziyalarda bəlkə 50 dəfə müsahibə vermişəm. Həmişə də bu barədə danışıram ki, bizə kadr hazırlamaq lazımdır. Yenə sağ olsun Mədəniyyət və Turizm Nazirliyi. Əvvəllər bir film sifariş verirdi, indi iki verir. Amma mənim gücüm çatmır, 3 animator, 3 fazaçı rəssam, 3 cizgiçi ilə nə etmək olar?

-Ən son işiniz hansıdır?

-Ən son işim—rejissor işim “Qızıl” filmi oldu. 2002-ci ildə “Cavanşir” filmini tamamladım. “Cavanşir”in də tarixçəsi belədir: 1992-ci ildə Qarabağ savaşında 10 yaşlı bir oğlan döyüşlərdə iştirak edib həlak olmuşdu. O hadisə mənə elə təsir etdi ki, 3 gün içində ssenari yazdım. 92-dən yazılan ssenarini 97-də çəkməyə başladım. Bir ay çəkdim, pul qurtardı...Filmi konservasiya elədim. “Azanfilm”ə direktor gələndən sonra başladım davamını çəkməyə. 2002-də işi bitirdik. Hərbi-vətənpərvərlik ruhundadır. Tamaşaçıların reaksiyasından görürəm ki, təsiredici gücü var. “Qızıl” filmində, ssenarisi Yusif Şeyxovundur, qaçqınlar mövzusunu qabarıq verdim, eyni zamanda müasirləşdirdim mövzunu. 2004-də onu tamamladıq. 2005-də animatorlara şərait yaratdım ki, onlar da film çəksinlər. Rauf Dadaşov “Qarğa balasl-özgə yuvası” adlı yaxşı bir filmlə debüt etdi. Firəngiz Quliyeva “Ayna” filmini çəkdi. Aleksandra Şirinova “Cəsur təyyarə” filmini çəkdi. Gülşən Tofiq qızının ssenarisi ilə 3 film çəkdik. Ancaq yenə deyirəm, əsas kadr məsələsidir. İndi pul lazımdır ki, kurs açaq.

Hər şey pulun başındadır!

-Kurs açmaq üçün nələr lazımdır?

-Birincisi, yerin icarəsi. İkincisi, heç olmasa, 20 nəfər olacaq, onların hər birinə stol və kompüter gərəkdir. O stoldan başqa animasiya stolu olmalıdır, işıqla və s.işləmək üçün. Sonra ştiftlər (öncədən bəlli və az miqdarda yükü ötürmək üçün silindr və ya konusşəkilli hissəcik-S.İ.) dünya standartlarına uyğun olmalıdır. Gərək Kanadaya sifariş verək. Biz gələcəkdə başqa studiyalarla birgə işlər görə bilərik. Texniki avadanlığımız dünya standartlarına uyğun deyil. Belə məsələlər var. Hər şey də pulun başındadır! Bu, sovet dövründə Pionerlər Evində qurulan dərnək deyil, sanballı studiya olmalıdır. Bunlar ali kurslardır. Mən ora Akademiya bitirən rəssamlar götürəcəm. Bəlkə də, təhsilsiz, fitri istedadlı rəssam da ola bilər. Yəni hərdən belə də olur. Sözüm ondadır ki, bu kurslar olmalıdır. Mən hələlik sağam, allah ömür verib, gərək bununla məşğul olam. Mənim ağzımı bəzən bağlayırlar, deyirlər, bəsdir, nə qədər danışdın? Yox, mən bu barədə danışacağam. Düzdür, bayaq dediyim kimi, öz özümdən zəhləm gedir, tutuquşu kimi eyni şeyləri təkrarlayıram, ancaq istəyirəm buna reaksiya olsun.

“Animasiyaya diqqət ayırın!”

Ya da gedim Nazirlər Kabinetinin qabağında, bir Bayraqdar vardı ha..(Gülüşmə)

-Elman Bayraqdar...

-Hə, onun kimi, yazım, əlimdə tutum ki: “Animasiyaya da diqqət ayırın!”... Uold Disney rəhmətliyin bəşər uşaqlarına verdiyini heç kəs uşaqlara verməyib. Disney animasiya ilə başlamışdı. Onun filmlərində heç vaxt nanəcib, naxələf kadrlar görməzsən. Hamısı tərbiyəvi filmlərdir. Sonra Disney başladı 40-cı illərdə bədii filmlər çəkməyə, uşaq filmləri çəkməyə. Operatorlarını göndərdi dünyanın hər yerinə. Təbiət haqqında, heyvanat haqqında filmlər çəkməyə. Uşaqlar üçün edirdi bunun hamısını. Və nəhayət, “Disney-Lend” yaratdı. Düzdür, naşı, səviyyəsiz filmləri də var. Bizim bəzi filmlərimiz ondan yaxşıdır. Amma onlar tammetrajlı filmlər çəkirlər. Baxırsan, bədən durdu, ağız danışdı, hərəkət elədi və s.. Saat yarımlıq film çəkir, bazarda da gedir. Teleşirkətlər öz ekranlarını doldururlar o filmlərlə...

-Elçin bəy, təşəkkür edirəm, ümid edirəm ki, bu bizim son görüşümüz olmayacaq.Yolunuz açıq olsun-deyirəm.

-İnşallah!

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG