Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:04

Nuridə Atəşi «Can Bakı»nın qonağı olacaq


Nuridə Atəşi
Nuridə Atəşi
Yanvarın 28-i Almaniyada yaşayan soydaşımız Nuridə Atəşi AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olacaq.

Yaradıcılığa Vətəndə başlayan, 1995-ci ildən yaşadığı Almaniyada davam etdirən şair xanım hər zaman öz soyadına sadiq qalıb, getdiyi yad elləri atəşlə yandırıb yaxıb, ölkəni xaricdə layiqincə təmsil edibdir.

Onun sözlərinə alman, türk və Azərbaycan bəstəçilərinin qoşduğu mahnılar artıq dünyanı dolaşır. Məncə, birini xatırlatmaq yetər. İlhamə xanımın oxuduğu «Neylərsən» mahnısının sözləri şairə xanımındır.

Şeirləri ingilis, fransız, fars və rus dillərinə tərcümə olunub. Ən maraqlısı, o, üç dildə--Azərbaycan, türk və alman dillərində şeirlər yazır.

Nuridə xanım tərcüməçilik fəaliyyətini də sürdürür. Alman şairlərinin şeirlərini «Orijinaldan tərcümələr» adı ilə nəşr etdirib. Eyni zamanda Azərbaycan şair və yazıçılarının əsərlərini alman dilinə çevirib.

N.Atəşi həm də araşdırmaçıdır. 3 il öncə çıxan «Əsəd Bəy - Yüz ilin sirləri» kitabı Azərbaycan yazıçısı Qurban Səidin müəmmalı həyatına işıq salır. Nuridə xanım bununla bağlı bir sıra işlər görüb ki, bu işlərin nədən ibarət olduğunu ancaq öz dilindən duymaq maraqlı olacaq...

Nuridə xanımın ən son araşdırması Amazon qadınlarının Vətəninin Qafqaz, xüsusilə Azərbaycan və Qarabağ olmasını iddia etməsidir. Təbii ki, sübutlar da görüş günü qonağımızın öz dilindən səslənəcək.

Nuridə Atəşi yaşadığı ölkədə ictimai fəaliyyətindən də qalmır. Azərbaycanı Almaniyada təbliğ edir, ölkənin problemlərini, Qarabağ həqiqətlərini Almaniya və Avropa ictimai fikrinə çatdırmağa cəhd edir. Yaşadığı ölkədə «Qarabağımız-Qara bağrımız» adlı kitabı da çıxıb.

Nuridə xanım 15 kitab müəllifidir.

2002-ci ildən Nizami Gəncəvi adına Mədəniyyət İnstitutunun rəhbəridir. İki dildə - alman və Azərbaycan dillərində çıxan «Yeni körpü» dərgisi də bu təşkilatın orqanıdır.

Məncə, yetər. Qoy bir az da Nuridə Atəşiylə söhbətə qalsın...

Hə, bəs siz Nuridə xanımdan nə soruşmaq istərdiniz? Əslində, bütün yazdıqlarım əvvəl-axır bu sualla bitmək üçündür.

Suallarınızı yanvarın 28-i saat 13-ə qədər bizə yollayın. Qonaqla söhbət yanvarın 28-i saat 12-dən 13-ə qədər AzadlıqRadiosunun studiyasında gerçəkləşəcək.

Qarlı, çovğunlu Bakıda özünüzdən muğayat olun.

Görüşənədək. Həm Nuridə xanımla, həm də sizlərlə!
XS
SM
MD
LG