Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:54

«21-ci əsrdir, evimizi təzəklə qızdırırıq»


«Camaat nə etsin, qaz yoxdur. Bizim kəndin 10-12 min əhalisi var, amma qaz yoxdur»
«Camaat nə etsin, qaz yoxdur. Bizim kəndin 10-12 min əhalisi var, amma qaz yoxdur»
Neftçalanın Yeni Qışlaq kənd sakinləri istilik vasitəsi kimi təzək və kərmədən (təzəyin bərkimiş, preslənmiş forması) imtina edib, kəndlərinə qaz çəkilməsini istəyirlər. Deyirlər bunun üçün prezidentə müraciət də hazırlayıblar. Amma imza toplayıb müraciəti prezidentə göndərmək ərəfəsindəymişlər ki, bunun qarşısı alınıb. Bir neçə nəfər polisə çağırılıb, onlardan izahat alınıb. Polisə aparılanlardan biri, kəndin elektriki Təvəkkül Abbasov deyir ki, 21-ci əsr olmasına baxmayaraq, onlar keçmiş dövrlərdə olduğu kimi, evlərini isitmək üçün hələ də kərmə və təzəkdən istifadə edirlər:

«Bu dəqiqə 19-cu əsrdəki kimi camaat kənddə kərmə yandırır. Kəndin qızları, gəlinləri 500-600 metr aralıda neft quyularının ətrafındakı mazut gölməçələrindən mazutu butulkalarla yığıb gətirib onu yandırırlar».

Təvəkkül Abbasov deyir ki, pensiya ümidinə yaşayan kənd sakinləri üçün evlərini elektrik enerjisilə isitmək çox baha başa gəlir. Ona görə də istəyirlər ki, kəndin yaxınlığında havaya axıdılan səmt qazı kəndin qazlaşdırılmasına yönəldilsin:

«Orda heç bir şey yox idi. Cənab prezidentə yazmışdıq ki, kəndimizin yaxınlığında 400-500 metrlik məsafədə neft–qaz çıxarma idarəsi qazı havaya buraxır. Xahiş edirik bir sərəncam verəsiz, bəlkə həmin idarə bizə qaz versin».

PREZİDENTƏ MÜRACİƏTƏ GÖRƏ ADAM NİYƏ POLİSƏ APARILMALIDIR?

Polisə çağırılan başqa bir kənd sakini Rahim Məmmədov isə deyir ki, ona hələ də aydın deyil ki, prezidentə müraciətə görə niyə adam polisə aparılmalıdır:

«Bizim müraciətdə prezidentin gördüyü işlər təriflənib, yəni həmin müraciətdə hər hansı artıq-əskik söhbətlər olmayıb».

Kənd sakinlərinin dediyinə görə, polisin məsələyə müdaxiləsindən əvvəl onların prezidentə müraciətini kənd icra nümayəndəsi Malik Rəcəbov araşdırıb və elə polisə də siyahını o təqdim edib.

Amma Malik Rəcəbov adamların polisə çağırılmasını, hətta kəndin qazlaşdırılması ilə bağlı prezidentə müraciətlə bağlı deyilənləri təkzib edir:

«Mən heç vaxt nə polislə təmasda olmuşam, nə də məndən kimisə soruşublar. Heç kimi polisə çağırmayıblar. Mən namaz qılan adamam, həmişə Allahnanam, heç kimə güldən ağır söz deyilməyib».

İCRA NÜMAYƏNDƏSİ RAYONUN ƏN ÇOX HÖRMƏT OLUNAN MÜƏLLİMİNDƏN ŞÜBHƏLƏNİR


Amma bir qədər söhbətdən sonra kənd icra nümayəndəsi etiraf etdi ki, o müraciət müəlliflərindən birilə Tanrıverdi Hüseynovla bu barədə danışıb və ondan xəbərsiz prezidentə müraciət edilməsinin düzgün olmadığını bildirib. İcra nümayəndəsi deyir ki, o hətta kəndin qazlaşdırılması ilə bağlı layihəni müraciət müəlliflərinə göstərib:

Zaqatala rayonunun kəndlərinə qazın verilməsi, 23 dekabr 2008
«Dedim mən də bu kəndin balasıyam, mənə də deyin, gedək həmin layihəni sizə göstərim, hörmətli başçımızın stolunun üstündədir. Layihə təsdiq olunub, trubalar gəlib bu saat iş gedir. Nə mənası var, biz imza toplayırıq? Prezidentimizin Allah canın sağ eləsin, onun bu gün gördüyü iş hamının gözü qarşısındadır».

İcra nümayəndəsi bu işin təşkil olunmasında rolu olan bəzi qüvvələrdən şübhələndiyini də gizlətmir. Dediyinə görə, bu, onun ən çox hörmət bəslədiyi və rayonun ən hörmətli, camaatın da çox sevdiyi müsavatçı Tanrıverdi Hüseynovdur.

Tanrıverdi Hüseynov isə icra nümayəndəsinin qərəzli danışdığını deyir. Deyir ki, o nə həmin müraciətə imza atıb, nə də müraciətə qoşulması üçün kiminsə qapısına gedib. Tanrıverdi Hüseynova görə, burda məsələni siyasiləşdirməyə, kimdənsə şübhələnməyə yer yoxdur, kənd sakinləri kəndə qaz çəkilməsini istəyirlər.

GÜNƏŞLİ KƏNDİ VƏ TƏZƏK YAPILAN QAZ TRUBALARI


Cəlilabad rayonunun Günəşli kəndindən olan jurnalist Famil Cəfərli deyir ki, doğulub boya-başa çatdığı kənddə adamlar hələ də Neftçala kəndlilərinin imtina etmək istədiyi kərmə və təzəkdən geniş istifadə edirlər:

«Camaat nə etsin, qaz yoxdur. Bizim kəndin 10-12 min əhalisi var, amma qaz yoxdur». Sovet dövründə var idi. Trubalar çəkilib bütün evlər qazlaşdırılmışdı. Sonuncu dəfə kənd sakinləri Elçibəy dövründə qaz görüb. İndi bilirsiz camaat nə edir? Küçə boyu gedən qaz trubalarının üstünə təzək yapırlar. Bir dəfə mən qadınlardan soruşdum ki, niyə belə edirsiz? Dedilər trubanın üstündə təzək daha tez quruyur, bir yandan dəmirin istisi, bir yandan da havanın istisi. Mən sizə bir detal deyim ki, payıza dönəndə Biləsuvar bazarında təzək satırlar».

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycanda qazlaşmanın hardasa 85 faiz təşkil etdiyini bildirib. Amma o, belə bir faizə böyük şəhərlər hesabına nail olunduğunu deyib.

Prezident deyib ki, rayonlarda, rayon mərkəzləri və rayon mərkəzlərinə yaxın kəndlər qazlaşdırılıb, qalan kəndlərdə qaz yoxdur. İlk növbədə, bu məsələlər həll edilməlidir.

Neftçala rayonu Yeni Qışlaq kəndinin sakinləri deyirlər ki, onları prezidentə müraciət etməyə ruhlandıran da elə dövlət başçısının özünün çıxışı olub.

Prezidentə müraciətin qəbahətli iş olmadığını bildirən kənd sakinləri polisə çağrılmalarına baxmayaraq, yarımçıq qalan imzatoplama kampaniyasını yenidən davam etdirəcəklər. Kənd sakinləri deyirlər ki, onların evlərinin yaxınlığından keçən və min kilometrlərlə uzağa gedən Azərbaycan qazının istisinə onlar da qızınmaq istəyirlər.
XS
SM
MD
LG