Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:17

Şagirdini zorlayan müəllim bu səhnəni mobil telefonu ilə çəkirmiş


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Qaradağ rayonunda 294 saylı orta məktəbin müəllimi, 50 yaşlı Şahin Yusifovun məhkəməsi keçirilir. Məhkəmə iclası qapalıdır.

MÜƏLLİM ŞAGİRDİNİN ANASI VƏ AZYAŞLI QARDAŞI İLƏ DƏ CİNSİ ƏLAQƏDƏ OLURMUŞ

İttiham aktına görə, Şahin Yusifov müəllim işlədiyi məktəbin şagirdi və eyni zamanda qonşuluğunda yaşayan 14 yaşlı T.-nı zorlamaqda təqsirli bilinir.

Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsinə görə, o, 9 ildir ki, 294 saylı orta məktəbdə müəllim işləyirmiş. 14 yaşlı şagirdlə isə 3 il əvvəl «münasibət qurub».

İttiham aktına görə, müəllim qonşuluğunda yaşayan şagirdinin evdə tək olmasından istifadə edərək onlara qonaq gedir və qıza qarşı seksual hərəkətlər edirmiş. İstintaq müəyyən edib ki, müəllim şagirdinin anası və azyaşlı qardaşı ilə də cinsi əlaqədə olurmuş. Ötən il isə Şahin Yusifov şagirdinə qarşı seksual hərəkətlər edərkən bu səhnəni öz mobil telefonunun videoyaddaşına yazıb. Bu vəziyyət 3 il davam edib.

Ötən il avqustun 24-də növbəti dəfə sərxoş vəziyyətdə şagirdinin yaşadığı evə gələn müəllim qızın xalasının qəzəbinə tuş gəlib. Xala müəllimin hərəkətlərindən Qaradağ rayon Polis İdarəsinə şikayət edib. Şahin Yusifov şikayət ərizəsi əsasında saxlanılıb.

MÜƏLLİMİN HƏRƏKƏTLƏRİNDƏN HAMI XƏBƏRDAR İMİŞ

İbtidai istintaqda şahid qismində dindirilən T.-nın ailə üzvlərinin və qonşularının ifadələrindən məlum olur ki, müəllimin hərəkətlərindən əslində hamı xəbərdar imiş. Sadəcə, adamlar müəllimin hərəkətlərindən polisə yox, nədənsə onun müəllim işlədiyi məktəbin direktoruna şikayət edilərmiş. Məktəb direktoru isə şikayətçilərdən sübut tələb edirmiş.

Qonşuları istintaqa bildiriblər ki, 3 il davamlı şəkildə şagirdinin evinə gəlib-gedən Şahin Yusifov bu imkansız ailəni öz əsarəti altında saxlayıb. İçki aludəçisi olan müəllim vaxtaşırı bu evdə dava salır, qızı və anasını amansızcasına döyürmüş.

Müəllim Cinayət Məcəlləsinin zorlama maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetirilərsə, onu 8 ildən 15 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG