Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:26

Yeni Haiti yaratmaq şansı


Haitinin dağılmış paytaxtının zəlzələdən sonra ümumi görüşünü, 20 yanvar 2010
Haitinin dağılmış paytaxtının zəlzələdən sonra ümumi görüşünü, 20 yanvar 2010
Haiti hökuməti dağıdıcı zəlzələdən sonra aparılan xilasetmə və axtarış əməliyyatlarını artıq sona çatdırıb. Bu məlumatı BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsi yayıb. Məlumatda deyilir ki, beynəlxalq axtarış və xilasetmə qruplarının səyi nəticəsində dağıntılar altından bu günədək 132 insan sağ-salamat çıxarılıb.

7 ballıq zəlzələdən 10 gün sonra - cümə günü Haitinin paytaxtı Port-o-Prensidə 84 yaşlı qadın və 22 yaşlı oğlan dağıntılar altından sağ çıxarılıb.

Amma təbii fəlakət 100 mindən çox insanın həyatına son qoyub. Hazırda 1,5 milyondan çox haitili evsiz-eşiksizdir.

DÜNYA ŞÖHRƏTLİ ULDUZLARDAN HAİTİYƏ YARDIM

BMT-nin Haitidə fəlakət riskini azaltmaq üçün müəyyən etdiyi nümayəndəsi Marqarit Valstrom Cenevrədə deyib ki, bütün dünya təhlükəsiz Haitini bərpa etməlidir.

İnformasiya agentliklərinin məlumatına görə, hazırda yardım işləri daha çox evsizlərə yönəldilib. İndi çoxsaylı haitililər paytaxt da daxil zəlzələdən çox ziyan çəkmiş yerlərdən adanın daha təhlükəsiz, zərbə almamış yerlərinə köçürülürlər.

Haitililərin köməyinə dünya şöhrətli ulduzlar da qalxıb. Məşhurlar Haitiyə yardım fondu üçün xeyriyyə telemarafonu keçiriblər.

Xeyriyyə tədbirinə aktyor Corc Kluni ev sahibliyi edib, 100-dən çox Hollivud ulduzları və musiqiçilər də «İndi Haiti üçün ümid» adlı konsertdə iştirak ediblər.

MTV Networks kanalının yayımladığı şou ABŞ və Haitinin müxtəlif şəhərlərindən canlı yayımlarla iki saat davam edib. Şou həmçinin ABŞ-ın əksər aparıcı telekanallarında və YouTube portalında da yayımlanıb.

«BU XALQIN ƏLİNDƏ MƏNİM BU GÜNƏDƏK GÖRMƏDİYİM ÇOX YAXŞI BIR ŞANS VAR»

Yardıma qoşulanlar arasında zəlzələdən sonra Haitiyə səfər etmiş ABŞ-ın keçmiş prezidenti Bill Klinton da olub. O, haitililərin gələcəyi barədə danışaraq deyib ki:

«İnsanlar onu bilməlidirlər ki, indi bu xalqın əlində mənim bu günədək görmədiyim çox yaxşı bir şans var. Bu şans onların öz tarixlərindən azad olmaları və uşaqlarının layiq olduğu bir ölkəni yenidən qurmaq şansıdır”.

DÜNYA BİRLİYİ HƏMRƏYDİR

Nyu-York rəsmilərinin dediyinə görə, BMT-nin 575 milyon dollar yardıma ehtiyacla bağlı təcili müraciəti nəticəsində 334 milyon dollar vəsait toplanıb.

BMT-nin baş katibi Ban Ki Mun deyib ki, nadir hallarda bu cür fəlakətlə üz-üzə qaldıqda dünya birliyi belə həmrəylik göstərir.

Amma Haitinin prezidenti Rene Preval ispan qəzetlərindən birinə deyib ki, onun ölkəsinə edilən maddi yardımlar ümumi koordinasiya olmadan həyata keçirilir.
XS
SM
MD
LG