Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:08

Qleb Oleqoviçlə qısa söhbət...


Qleb Pavlovski
Qleb Pavlovski
Qleb Pavlovski keçmiş sovet dissidentidir. O, hazırda Rusiya Prezident Administrasiyasının siyasi müşaviridir.

AzadlıqRadiosuna müsahibəsində Pavlovski Rusiyanın siyasi mənzərəsini verir. Müsahibənin bəzi yerlərini təqdim edirik:

- Sizi «Vladimir Putinin Karl Rouvu» adlandırırlar, ABŞ-ın keçmiş prezidenti Corc Buşun əsas siyasi strateqinin adıyla. Siz bu titula necə baxırsınız?

- 15 ildir mən Prezident Administrasiyasının müşaviriyəm. Diqqət edin - Prezident Administrasiyasının müşaviri, prezidentin yox. Prezidentin müşaviri rəsmi vəzifədir və mən bürokrat deyiləm. Karl Rouvla müqayisəyə gəldikdə, məncə, bu, şişirdilib və hətta indi bir az adamı nüfuzdan salır.

- Vladimir Putinin prezidentliyi dövründə ən böyük uğurları nə olub?


- Putin Rusiya vətəndaşlarına dövlət institutlarını tanıtdırıb. Demokratiya quran istənilən ölkə üçün vətəndaşların dövləti tanıması çox vacibdir. Buna nail olandan sonra irəliləmək olar. Putinə parçalanmış bir ölkə qalmışdı. Ancaq o, özündən sonra möhkəmlənmiş bir ölkə qoydu. Rusiyanı indi həm vətəndaşları, həm də bütün dünya tanıyır.

- Bəs uğursuzluqları nə olub?


- Putinin ən böyük uğursuzluğu «azlıqlar»la bağlı olub. Mən intellektualları, yaradıcı qrupları, innovatorları nəzərdə tuturam. O, çoxluq yaratmaqda maraqlıydı. Ona görə də kiçik sahələrə fikir vermir, onlara dialoqa getmirdi. Bu da nəticədə radikallaşmaya, təhlükəsizlik və hüquq-mühafizə orqanlarında qeyri-rəsmi strukturların yaranmasına səbəb oldu. İndi bu, problemə çevrilib.

- Bəs Dmitri Medvedevin uğurları və uğursuzluqları nə olub?

- Belə demək mümkünsə, Medvedev hələ də qarmaqdadır. Onun birinci prezidentlik müddəti qısadır - dörd il, artıq bu müddət yarı olmaqdadır. Bu vaxt ərzində nə qazanıb? Özünü ölkədə, rəsmi dairələrdə tanıtdırıb. Bu, asan iş deyildi. Çünki vəzifəyə Putinin tövsiyəsi ilə gəlmişdi. Bu da təhlükəli vəziyyət idi. İndi müstəqil ad qazanıb. Bu da dərhal baş vermədi - Gürcüstan-Osetiya müharibəsiylə başladı. Məncə, indi o, dövlət aparatında yaxşı oturub, bu da 2012-ci il seçkisi qabağı mühümdür. Əsas problemi cəsarətsizliyi, ehtiyatlılığıdır. Ondan gözləntilər əslində uğurlarından çoxdur və o, özü də bunu başa düşür.

- 2012-ci ildə Vahid Rusiya Partiyasının prezidentliyə namizədi barədə nə düşünürsünüz?

- İdeal ssenari odur ki, Putin və Medvedev üçüncü fiqur yaradaraq ona yol açsınlar. Bu, cəmiyyətdə lazım olan dinamikanı artıracaq. Ancaq bu, mümkün deyil. Məncə, müsbət ssenari belə ola bilər: Medvedev elita, ictimaiyyət arasında dəstək qazanır, Putin da bunu artıq fakt kimi qəbul edir. Belə də olmalıdır. Çünki sonda Putin onsuz da getməlidir. Ancaq bir şərtlə ki, Kremldə fəlakət olmasın, Medvedevin siyasəti büdrəməsin. Bu il böyük böhran olmasa, Medvedev prezidentliyə növbəti namizəd ola bilər, özü də çox yaxşı udmaq şansı ilə.

- Sizcə, Rusiya xaricdə nüfuz dairəsini gücləndirmək istəmir?

- Biz həmişə bu maraqlar barədə danışırıq, ancaq onlar çox az hallarda izah olunur. Odur ki, partnyorlar üçün maraqlarımız əsasında bizimlə münasibət yaratmaları çox çətindir. Çox vaxt bilmirlər ki, biz kimik. Rusiyanın Ukraynada maraqları konkret nədən ibarətdir? Qaz tranzitindən danışırıqsa, bu, çox konkret məsələdir. Ukraynanın rusdilli əhalisindən danışırıqsa, onların maraqlarını müdafiə etmək bizim nəzərimizdə çox nəcib işdir. Ancaq başa düşməliyik ki, əvəzində heç nə almayacağıq. Bu, sırf humanitar fəaliyyətdir...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG