Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:47

Sökülən binanın məhkəməsi oldu


«Qız qalasının qonşusu» kimi tanınan Neftçilər 95 -97 saylı bina

«Qız qalasının qonşusu» kimi tanınan Neftçilər 95 -97 saylı bina

Yanvarın 22-i Səbail Rayon məhkəməsi «Qız qalasının qonşusu» kimi tanınan Neftçilər 95 -97 saylı bina sakinlərinin şikayətinə baxıb. AzadlıqRadiosunun «Can Bakı» proqramına bu barədə danışan Tarix, Mədəni və Təbii İrsi Qoruma İctimai Nəzarət Komitəsinin əlaqələndiricisi Aytəkin İmranova ilk baxış iclasının ötən il dekabrın 28-də olduğunu xatırladıb:

«İkinci məhkəmə iclası yanvarın 22-nə təyin olunmuşdu. Amma iclaslararası müddətdə binanı sökdülər».

Hüququ pozulmuş sakinlərin ictimai müdafiəçisi olduğunu bildirən Komitə əlaqələndiricisi bu səbəbdən sakinlərin fakt qarçısında qaldığını söylədi: «Dedilər ki, artıq bina yoxdur. Gəlin kompensasiyadan danışaq».

A.İmranova sakinlərin maddi və mənəvi ziyanın ödənilməsi - 1 milyon kompensasiya verilməsi tələbinin də o dövrdə söküntünün qarşısını almaq, binanı yenidən su-qaz-işıqla təmin etməklə bağlı olduğunu dedi: «Vəsatət qaldırılmışdı. Amma məhkəmə bunu təmin etmədi».

QAZON ÖZƏL QAZONDUR…

İctimai müdafiəçi bina sakinlərindən 6 nəfərinin məhkəmə iclasında iştirak etdiyini vurğuladı. Mənzili dağıdılanların arasında bağda, yaxınlarının yanında yaşayanlar olduğunu, hətta sökülən binanın tələm-tələsik qazon döşənmiş sahəsində təzədən ev tikdirmək arzusunda olanların da tapııldığını söylədi:

«Qazon özəl qazondur. Deməli, orada ev tikə bilərik».

Məhkəmə iclasında Şəhər İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi olduğunu bildirən A.İmranova onların bu işdə yeni olduğunu bəhanə edərək suallardan yayındıqlarını da dilə gətirdi:

Aytəkin İmranova
«Axırda sakinlər etiraz etdilər ki, siz bilmirdiniz, bilən, cavab verən adam göndərərdilər».

50 TONLUQ BULDOZERƏ TAB ELƏDİ…

Sakinlərin məhkəmə iclasında iştirak edən rəsmilərə «Bina necə qəzalı vəziyyətdə idi ki, 50 tonluq bulldozer, ekskovator ikinci mərtəbəyə çıxanda ona tab gətirdi, necə qəzalı vəziyyətdə idi ki, sal daşları sökə bilmirdilər?» sualı da cavabsız qalıb:

«Binanı icarəyə götürənlərin xarici təşkilatlar olduğuna diqqət çəkən bina sakinləri onların heç vaxt qəzalı binada məkunlaşmağa risk etmədiklərini də dedilər».

A.İmranovanın bildirdiyinə görə, «Nəyin əsasında bu işi görmüsünüz, binanı sökmüsünüz?» sualı isə belə cavablanıb:

«Şəhər İcra Hakimiyyətinin məktubunu göstərdilər. Hakim də, mən də dedik ki, məktub hüquqi əsas vermir ki, bina sökülsün. O ancaq qəzalı vəziyyətdə olduğunu bildirir».

Binanın alqı-satqı olmadan söküldüyünə diqqət çəkən ictimai müdafiəçi, onun həm tarixi abidə, həm də İçərişəhər Dövlət Qoruğunun balansında olduğunu xatırlatdı:

«Bəs onda niyə bu işə Səbail rayonu qarışır?».

«Bina necə qəzalı vəziyyətdə idi ki, 50 tonluq bulldozer, ekskovator ikinci mərtəbəyə çıxanda ona tab gətirdi?»
Məhkəmədə bu suallar da cavabsız qalıb…

Məkəmə iclasında kompensasiya məsələsinə də toxunulub. Sakinlər bildiriblər ki, onlara ancaq şifahi təklif edilib. Heç bir sənəd göstərilməyib, xəbərdarlıq edilməyib.
Söküntü zamanı zərər çəkənlər də danışıblar.

Qədimi xalça dükanının sahibi söküntü zamanı bəzi mallarının oğurlandığını, Ərzaq dükanının sahibi Qurban Əliyev işıqların kəsilməsi səbəbindən külli miqdarda malının xarab olduğuna diqqətə çatdırıb.

Məhkəmə iclasında mənəvi ziyan alanlar - infarkt keçirən, göz damarı partlayan, şəkəri ağırlaşanlardan da söhbət gedib.

ŞƏKİLƏ BAXDI, DEDİ OXŞAYIR, AMMA TANIMADI…

Aytəkin İmranovanın bildirdiyinə görə, sonda Şəhər İcra Hakimiyyətinin nümayəndəsi söyləyib ki, artıq olan-olub, bina sökülüb. Gəlin, kompensasiyanı danışıb-razılaşaq ki, insanları bu vəziyyətdən çıxaraq:

«Amma xahiş etdi ki, bu sözlər protokola salınmasın».

Məhkəmə iclası iki saatdan çox çəkib.

Sökülən binanın sakinləri şəklini çəkdikləri, söküntüyə rəhbərlik edən şəxsin—İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzovun da növbəti məhkəmə iclasına çağırılmasını istəyiblər. Ancaq şəklə baxan Səbail Rayon İcra Hakimiyyətinin təmsilçisi nədənsə onu tanımayıb...

Növbəti məhkəmə iclası fevralın 26-na təyin olunub.

Mövzu diqqətimizdə olacaq.

Şərhləri göstər

XS
SM
MD
LG