Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:32

«Əsgər yoldaşımı mən yox, ermənilər öldürüb»


Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri Elmar Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Əsgər ötən ilin mayında xidmət etdiyi Cəbrayıl rayonunun Cocuqmərcanlı kəndindəki hərbi hissədə xidməti avtomat silahı ilə əsgər yoldaşı Rza Mehdiyevi qətlə yetirməkdə təqsirləndirilir.

Elmar Sadıqov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, ötən il mayın 17-də Rza Mehdiyevlə döyüş postunda olarkən aralarında yaranmış şəxsi münaqişə zəminində sonuncunu qətlə yetirib. Cinayətin izini itirmək üçün öz ayağına da atəş açıb. Sonra səs-küy yaradaraq əsgər yoldaşlarını əraziyə çağırıb. Ermənilərin posta atəş açdığını və atəş nəticəsində əsgər Rza Mehdiyevin həlak olduğunu bildirib.

Məhkəmədə ifadə verən əsgər özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, ayaqyoluna getmək üçün postdan ayrılıb. Lakin atəş səsləri eşitdiyindən geri qayıdıb və görüb ki, əsgər yoldaşı səngərdə aldığı güllə yarasından ölüb. Təqsirləndirilən şəxs öz silahı ilə ayağına atəş açmasının səbəbini məhkəməyə izah edə bilməyib.

Elmar Sadıqova verilən digər ittiham isə bundan ibarətdir ki, əsgər yoldaşı Ramiz Daşdəmirov onun posta dəbilqəsiz və zirehli gödəkcəsiz gəlməsi ilə bağlı bölük komandirinə məlumat verib. O da «xəbərçiliyə» görə əsgər yoldaşını döyməklə cəzalandırıb və zorlamaqla hədələyib.
Lakin təqsirləndirilən şəxs bu ittihamı da qəbul etməyib və qurama olduğunu bildirib.

Proses davam edir.
XS
SM
MD
LG