Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10
“Biz dövlətdən heç nə tələb etmirik.

Ümumiyyətlə, yaradıcı insanın dövlətdən nəsə istəməsi ayıb və tərbiyəsizlikdir.

Dövlətdən ev, maşın, ümumiyyətlə mükafat istəmək yeni nəsil yazarlara – demokratlara yaraşmaz.

Amma mane də olmasınlar. Axı bu sistem, bu hakimiyyət bizə mane olur”.

Bunu Azadlıq Radiosunun “İşdən sonra” verilişində keçirilən müzakirədə yazıçı Əli Əkbər deyib. Ədəbiyyat adamlarının vəziyyətinə həsr olunan müzakirədə “Çap evi” nəşrniyyatının sahibi Şahbaz Xuduoğlu da iştirak edib.

Onun rəhbərlik elədiyi nəşriyyat gənc yazıçıların əsərlərini çap eləməyə başlayıb.

İndiycən gənc yazarların bir çoxu onlara çap olunmağa imkan verilmədiyini, kitab buraxmağa pul tapmadıqlarını deyirdi.

Əli Əkbər: Məncə, “Çap evi”nin gənc yazarların əsərlərini çap etmək təşəbbüsü digər nəşriyyatları da hərəkətə gətirəcək.

Əvvəl kitab çıxartmaq üçün sponsor axtarmaq lazım gəlirdi. Amma bu təşəbbüsdən sonra gənc yazarların, yeni nəslin artıq bəhanəsi qalmayıb. Buyurun əsər verin, çap olunsun.

Azadlıq: Şahbaz bəy, siz gənc yazarlara müraciət etdiniz ki, kimin hazır kitabı varsa, onu çap edə və yaya bilərsiniz. Nə baş verdi?

Ş.Xuduoğlu: Bu bütün dünyada belədi. Yazar öz yazdığının dəyəri barədə düşünməlidir.

Onun necə çap olunması barədə düşünməməlidir.

Biz də bu prinsipdən çıxış edib ən yeni ədəbiyyat seriyasını buraxırıq.

Artıq 2 kitab – Aqşinin və Pərvizin kitabları işıq üzü görüb.

3-cü –Sevinc Pərvanənin kitabı isə çapdadır.

Mən bu əsərlərin həqiqətən də ən yeni ədəbiyyat olmasına zərrə qədər şübhə etmirəm.

ƏDƏBİ MÜHİTDƏ “QAZINTI”

Azadlıq: Sizin bu işi görməyiniz də təbliğ edilməlidirmi ki, yazarların –sandığında hazır kitabı olan, amma onu harada çap etdirməyi bilməyənlərin də bundan xəbəri olsun?

Ş.Xuduoğlu: Düzdü, razıyam. O da təbliğ oluna bilər. Hələ ki bu mənim üçün ilk belə haldır.

Bir növ qazıntı aparıram və istəmirəm ki, ilk seriyada tanınmış yazarların imzası olsun, nə zamansa populyar olmuş ədəbiyyat yenidən bu seriyada çap edilsin.
Mənə lazımdır ki, yeni yazarlar olsun, hətta lap kiminsə ilk əsəri ola bilər.

Təbii ki, keyfiyyət standartlarına cavab vermək şərtilə.

Biz çap etdiyimiz kitabların təbliği ilə bağlı da əlimizdən gələni edirik.

Digər tərəfdən mənə elə gəlir ki, bu işlə yalnız biz yox, Azərbaycan fikrinə, dilinə və ədəbiyyatına hörmət edən hər kəs məşğul olmalıdır.

Azadlıq: Əsərləri çap etmək üçün seçim imkanı nə dərəcədə mövcuddur?

Ş.Xuduoğlu: Kifayət qədər müraciətlər var çap olunmaq üçün. İndi bizdə bu seriyadan 15 kitab hazırlanır. Və heç şübhəm yoxdur ki, bu kitablar oxucular tərəfindən yaxşı qarşılanacaq.

Azadlıq: Əli bəy, sizcə bölgü nə dərəcədə ədalətlidir?

Ə.Əkbər:
Şahbaz bəy yeni qələmləri kəşf etmək istədiyini deyir və bu bir niyyətdir.

Mən siyahını görmüşəm. Mətbuatdan, jurnallardan qələmi tanış olan yazarlardır.

Şahaz bəyin kifayət qədər ədəbi zövqü var və lazım gələrsə biz bərabər yığışıb bir əsərə qiymət verə bilərik.

Amma belə bir problem yoxdur. Yaxşı əsəri pis əsərdən ayırd etmək mümkündür.

"AZƏRBAYCANDA KİTAB QARA GÜNDƏDİR"

Azadlıq: Ayırd etmək mümkündür. Amma bölgələrdə elə yerlər var ki, orada heç İnternet də yoxdur ki, baş verənlərdən xəbər tutasan.

Belə yerlərdə yazanlar neyləsinlər, necə xəbər tutsunlar? Bəlkə səyyar nəsə təbliğat vasitəsi yaratmaq lazımdır?

Ş.Xuduoğlu: Əslində ümumi götürəndə Azərbaycanda kitab qara gündədir. Elə yenə də baxanda görürsən ki, ortada yazar var. Ancaq ortada nə kitab, nə kitab dükanı, nə də oxuyan var. Çox pis vəziyyətdir və onun içində bu ilk təşəbbüsdür. Tədricən də buna yeni ideyalar əlavə olunur.

Məncə tələsmək lazım deyil. Yerlərdən də qatılacaqlar və bu uzun bir seriyaya çevriləcək.

Biz indi həmin 12 yazarın əsərlərinin adlarını buraxdığımız kitabların səhifələrində qoymuşuq. Ondan sonra onların kitablarının təbliğatını, daha sonra yeni qatılacaq yazarların təbliğatını aparacağıq. Məqsəd odur ki, bu cəmiyyət tərəfindən özünə dəstək qazansın.

Ə. Əkbər: Biz dövlətdən heç nə istəmirik. Amma dövlət də bizə mane olmasın. Azərbaycanda normal, demokratik, sivil bir cxəmiyyət qurularsa, hər şey yoluna düşəcək.

İndiki halın səbəbi isə ölkədə xeyriyyəçilik, messenatlıq itnstitutlarının yaradılmasına imkan verilməməsi və ya sıradan çıxırılıb yox edilməsidir.

Azadlıq: Dövlət sizə nə ilə mane olur?

Ə. Əkbər: Öz varlığı ilə Mane olur. Məsələn, Gürcüstanda iş adamları, holdinqlər, hətta banklar bu sahəyə müxtəlif layihələrlə dəstək verirlər.

Mən inanmıram ki, Azəprbaycanda holdinq rəhbərləri və digjər imkanlı adamlar o qədər də qəddar, qəlbini pas tutmuşlar deyillər ki, yardım etmək istəməsinlər. Hamısı olmasa da müəyyən bir qismi bunu edər.

Amma qorxu içində yaşadıqları üçün edə bilmirlər.

"OXUMADAN QİYMƏT ALINIR DEYƏ KİTAB ALINMIR"

Azadlıq: Şahbaz bəy, sizə heç öz yardımını təklif edən olub bu işdə?

Ş.Xuduoğlu: Məncə bu yardımın hüquqi əsası olmalıdır.

Əgər rəsmi yardım edirsə, həmin məbləğ vergidən azad olunmalıdır.

Bu xarici ölkələrdə belədir. Amma imkanlı və varlı dövlət adlandırılan Azərbaycanda bu gün bir nəfər də rəsmi varlı adam yoxdur.

Əlbəttə varlı adamlar var.

Və əgər onlar bilsələr ki, yardımları hansısa təqiblərlə üzləşməyəcək, məmmuniyyətlə ədəbiyyata kömək edərlər.
Ancaq heç bu da lazım deyil.

Sadəcə ölkədə yaxşı təhsil olarsa, insanlarda kitaba maraq artar. Kitaba maraq olan yerdə ədəbiyyat da, çap, satış işləri də inkişaf edir. Təəssüf ki, hələlik bizim xalq oxumaq üçün yox, oxumamaq üçün pul verməkdə davam edir.

Yəni orta məktəbdən ali məktəbə qədər təhsil alan bilir ki, oxumadan qiymət almaq mümkündür ona görə də ədəbiyyat almır.

Ona görə də biz hoqqabazlıq edib guya ki, ədəbiyyat oxutmaq istəyirik. Eyni zamanda bura iş adamlarını da cəlb etmək istəyirik. Bu bizim arzularımızdan çox uzaqdadır.

Hər halda minimum imkanla bu işə başlamışıq. Və dəstəyi də kabinetlərdəki təbəqədən yox, metrolardakı təbəqədən alacağıq.

Ə.Əkbər: Mənsə qorxuram. Yaxşı təşəbbüslərin adətən yarıda qırıldığı bir ölkədə kitab oxuyan gəncliyin varlığında maraqlı olmayan rejimin bu işi də əngəlləyəcəyi təhlukəsindən qorxuram. Könül, ürək rahat deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG