Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:27

Dövlət vətəndaşa borclu qalıb


Baş Məşğulluq İdarəsində 2009-cu ilin oktyabrından işsiz kimi qeydiyyata düşən Zaur Nəcəfov işləmədiyi aylara görə müavinət ala bilmir:

«Məşğulluq Mərkəzi mənə hələ də müavinət verməyib. Səbəb də göstərilir ki, dövlətin pulu yoxdur. Mənə deyiblər ki, sənə minimum düşür, yəni ayda 55 manat alacağam. Baxmayaraq ki, nazirliyə ərizə ilə müraciət etmişəm. İstədikləri sənədləri, məsələn, vergi arayışını, mənzil istismar sahəsinin arayışını və s. onlara təqdim etmişəm».

Sahib Məmmədov
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, məşğulluq mərkəzində pul həmişə məhdud miqdarda olur:

«ƏKSƏR HALLARDA BELƏDİR»

«Bütün işsizlərin tələbatını ödəyəcək miqdarda pul olmur. Həm də orda bürokratik maneələr, korrupsiya var. Bəzən, doğrudan da, pulları olmur. Bu başqa məsələ ki, müraciət edənlər çoxdur, onlar da onu seçirlər, burda tanışlıq, qohumluq, korrupsiya məsələləri də ortaya çıxır. Mən demirəm ki, bütün alanlar bu cür alır, amma əksər hallarda, təəssüf ki, belədir».

Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov isə deyir ki, işsizliyə görə müavinət almayan təkcə Zaur Nəcəfov deyil. Rəsmən işsiz statusu olan 5687 vətəndaşın heç biri 2009-cu ilin avqust ayından bəri müavinətini almır:

«VƏSAİT OLMADIĞINA GÖRƏ, MÜAVİNƏT GECİKDİRİLİB»

«Avqust ayından Dövlət Sosial Müdafiə Fondu müavinətə ayrılan vəsaiti bizə ödəməyib. Onların vəsaiti olmadığına görə, müavinət gecikdirilib. Vətəndaşın müavinət almadığı ayların pulu da fevral ayından veriləcək. Hazırda yeni dövlət proqramımız hazırlanır. Proqram təsdiq olunub, vəsait ayrılan kimi onların keçən ilki borcunu ödəyəcəyik».

Baş Məşğulluq İdarəsinin vətəndaşlara borclu qalmağı birinci hal deyil. İdarə rəsmisi deyir ki, quruma ayrılan vəsaitin vaxtından əvvəl qurtarmasının səbəbi 2008-ci ildə yığılan borclara görədir:

Şahbaz Xələfov
«Əvvəlki ilin borcunu ödədik, pulumuz tez qurtardı. Sosial Müdafiə Fondu da bizə əlavə vəsait ayırmadı. Ona görə də pul qaldı bu ilə. Bu ilki vəsaitlə də keçən ilki borcu ödəyəcəyik, yeni gələnlər də yenə həmin vəziyyətlə üzləşəcək».

Bəs onda bunu necə tənzimləmək olar ki, belə vəziyyət təkrarlanmasın?

Şahbaz Xələfov: «Tənzimləmək üçün biz gərək yaya qədər məktub yazaq. Dövlət büdcəsi haqqında qanun qəbul olunana qədər gərək təkrar məktub yazaq ki, bizə Sosial Müdafiə Fondundan əlavə vəsait ayrılsın».

Dövlət Sosial Müdafiə Fondundan isə suallarımızı cavablandıran tapılmadı.

İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, Fondda vəsaitin qurtarmağı bəhanədir. Ekspert sual verir ki, necə olur, birdən-birə vətəndaşların qaz borclarının silinməsi adı altında Dövlət Neft Şirkətinə vəsait ayıra bilirlər,
Azər Mehtiyev
amma işsiz əhalinin müavinətlərini ödəyə bilmirlər?

«BÜDCƏDƏ HƏR ZAMAN EHTİYAT VƏSAİT VAR»

«Əgər ölkədə bu istiqamətə yönəldilən vəsait lazım olduğundan az olubsa, büdcəni proqnozlaşdıranlar kimlərdirsə, onlar məsuliyyət daşıyırlar. Ancaq bütün hallarda zəruri vəsait yenidən ayrılmalıdır. Çünki büdcədə hər zaman ehtiyat vəsait var. Qanuna görə, bu istiqamətə sərf olunan vəsaitlərin qurtarmasından danışmaq mümkün deyil».

Azər Mehtiyev deyir ki, problemin həlli üçün hər hansı yeni mexanizm düşünməyə ehtiyac da yoxdur. Mövcud qanunvericiliklə bunu aradan qaldırmaq olar, yetər ki, istək olsun.

Rəsmi rəqəmlərə görə, respublika üzrə işsizlərin sayı 41100 nəfərdir. 2009-cu ildə Baş Məşğulluq İdarəsində işsiz statusu alanların sayı 5086 nəfərdir.

Şərhləri göstər

XS
SM
MD
LG