Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:08
Binəqədi rayon Məhkəməsi yaşayış evində baş verən partlayışda təqsirli bilinən «Azəriqaz»ın 7 saylı qaz istismar sahəsinin rəisi Xalid Ağakərimovu və sahənin nəzarətçi çilingəri Rəşad Məmmədovu mühakimə edib. Binəqədi rayon Məhkəməsindən AzadlıqRadiosuna verilən məlumata görə, səhlənkarlıqda təqsirləndirilən «Azəriqaz» işçiləri 1 il 6 ay müddətinə məhkum olunublar.

MƏRHUMLARIN ÖVLADLARI EKSPERTİZA RƏYİ İLƏ RAZILAŞMIRLAR

Məhkəmə yolu ilə müəyyən edilib ki, partlayış ötən ilin yanvarında Binəqədi qəsəbəsi, I mədən, 10-cu korpus, 16 saylı evdə baş verib. Partlayış nəticəsində ev sahibi Hüseynov Mikayıl Ədil oğlu və onun həyat yoldaşı Hümbətova Zərifə Əsgər qızı həlak olublar. Ailənin iki üzvü isə yaralanıb. Hadisənin qaz sızması nəticəsində baş verdiyi müəyyən edilib və məsələ ilə əlaqədar «Azəriqaz» işçiləri Xalid Ağakərimovla və Rəşad Məmmədov həbs olunub.

Mərhumların övladları məhkəmədə bildiriblər ki, onlar partlayışın mənzildəki məişət qazından baş verməsi ilə bağlı ekspertiza rəyi ilə razılaşmırlar. Mərhumların övladları partlayışın fəaliyyəti dayandırılan yaxınlıqdakı neft quyusundan sızan səmt qazından, ya da evin altından keçən orta təzyiqli magistral qaz kəmərindən qaz sızması nəticəsində baş verdiyini iddia ediblər.
Mərhumun qızı Elnarə Həsənzadə bildirib ki, partlayış baş verən mənzili alarkən evin altından qaz xətti keçməsini bilməyiblər:

«SONRADAN BİZƏ QONŞULAR DEDİ Kİ, EVİN ALTINDAN QAZ XƏTTİ KEÇİR»

«Atam həmin evi Kərimov Rəşid Qəmbər oğlu adlı şəxsdən alıb. O, makler kimi Binəqədi bələdiyyəsi ilə əlbir işləyir. Binəqədi bələdiyyəsi ona torpaq ayırır, o da evi tikib satır. Biz evi alarkən onun altından magistral qaz xəttinin keçməsini bilməmişik. Sonradan bizə qonşular dedi ki, evin altından qaz xətti keçir, 2007-ci ildə həmin qaz xətti partlayıb və yanğın törədib.

Binəqədi qaz istismar sahəsinin işçiləri isə ora yamaq vuraraq üstünü örtüblər».

Elnarə Həsənzadə hadisəyə görə məsuliyyət daşıyan şəxslərin məsuliyyətdən yayındırıldıqlarını iddia edib: «Ekspertiza cinayətin əsl səbəbini gizlədib».

Zərərçəkmiş bildirib ki, partlayış baş verən mənzilin ərazisi Dövlət Neft Şirkətinə aiddir. Binəqədi kənd bələdiyyəsi həmin torpaqları satarkən orada yaşayacaq insanların təhlükəsizliyini nəzərə almayıb. Altından qaz xətləri keçən hazır tikililəri alan müştərilərə tikililərin altından qaz xətti keçməsi barədə məlumat verilməyib. Bu səbəbdən də məhkəmə «Azəriqaz» işçilərini yox, əslində bələdiyyə sədrini mühakimə etməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG