Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:36

Hərbi hissə komandiri məhkəməyə verilib


Əvvəllər Müdafiə Nazirliyinin Hava Qoşunları və Hava Hücumundan Müdafiə Qüvvələrində çalışmış 12 zabit məhkəməyə müraciət edib. Bu barədə AzadlıqRadiosuna Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyinin üzvü Telman Əbilov məlumat verib. Onun sözlərinə görə, zabitlər Qaladakı N saylı hərbi hissənin komandiri Əliş Əliyevin onların ailələrinə qarşı qanunsuz hərəkətlərinin qarşısının alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıblar: “Zabitlərin mənzillərinə verilən işıqları kəsirlər, zabitləri və onların ailə üzvlərini yaşadıqları hərbi şəhərciyə buraxmırlar, bu yolla da psixoloji təsir göstərirlər ki, zabitlər bezib ev-eşiklərini atıb getsinlər”.

Müdafiə Nazirliyinin hüquq idarəsinin əməkdaşı mayor Emin Əzimzadə bildirib ki, hərbi hissənin ərazisindəki hərbi şəhərcikdə yaşayan zabitlər hazırda digər qoşun növlərində xidmət edirlər. Buna görə də onlara yaşadıqları mənzilləri boşaltmaq barədə xəbərdarlıq edilib. Hüquqşünasın sözlərinə görə, Müdafiə Nazirliyi də həmin zabitlərin mənzillərdən çıxarılması üçün məhkəməyə müraciət edəcək: “Bu insanlara qarşı hüquqi müstəvidə məsələnin həlli üçün məhkəməyə müraciət olunması zəruridir və güman edirəm ki, bu tədbirlər görüləcək”.

Yanvarın 21-də Əzizbəyov rayon Məhkəməsində hakim Rəşad Həsənovun sədrliyi ilə iddiaya dair məhkəməyə hazırlıq iclası keçiriləcək.

XS
SM
MD
LG