Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:13

«Azərbaycanda hər 5 nəfərdən biri yoxsuldur»


Səidə iki ildir Astaradan gəlib, xadiməlik etməklə ailəsini dolandırır
Səidə iki ildir Astaradan gəlib, xadiməlik etməklə ailəsini dolandırır
- Mənim kimi yaşayan ola bilməz, deyirəm bəlkə də yoxdur. Yatmaq, durmaq, üzümüzü də burada yuyuruq, ayaqqabımızı içəridə qoyuruq. Pulsuzluğa görə hər şey bu bir otaqdadır. 200 manata kirayəyə ev var, mənim aldığım pul da 200 manatdır. Mən onu evə verim, bəs çörəyi nə ilə alım?

Səidə iki ildir Astaradan gəlib, xadiməlik etməklə ailəsini dolandırır. Yaşamaq üçün bir ev də kirayələyiblər. Əslində, buna ev də deməyə adamın dili dönmür. Yol kənarında tikilmiş, hava çəkən bu otaqda məskunlaşan 4 nəfərin yalnız bir çarpayısı, bir oturacağı var. Nə televizor, nə hamam gözə dəymir:

- Tualet çöldə, hamam da bu biri başda. Hamamın da açarını ev sahibi həftədə bir dəfə verir. Ya verir, ya vermir. Uşaqlar da məndən narazıdırlar. Deyirlər ana, sən bizi, parka, bulvara aparmırsan, televizor almırsan. Beləcə yaşayırıq. İmkanım yoxdur bunu etməyə, yeməklərini, geyimlərini güclə çatdırırıq.

Səidənin ailəsi kimi regionlardan-paytaxta iş arxasınca gələnlərin dəqiq statistikası yoxdur. Ancaq rəsmi rəqəmlərə inansaq Azərbaycanda yoxsul hesab olunanların sayı azalıb.

YOXSULLUQ 6 İLDƏ 5 DƏFƏ AZALIB

2009-cu ilin yekunlarına dair Nazirlər Kabinetində keçirilən müşavirə
Prezident İlham Əliyev 2009-cu ilin yekunlarına dair yanvarın 18-də Nazirlər Kabinetində keçirilən müşavirədə deyib ki, ötən il ərzində 74 min yeni iş yeri açılıb. Onun sözlərinə görə, bu sosial bəlanın böyük hissəsi həll olunub, son 6 ildə 840 min iş yerinin yaradılması yoxsulluğun azalmasına səbəb olub:

- 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrin sırasındadır. Bunu əyani surətdə göstərmək üçün sadəcə bizim iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir. 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9.3 faiz artmışdır. Hesab edirəm ki, bu, tarixi nailiyyətdir. Bu bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır.

İlham Əliyev onu da deyib ki, 6 il əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün isə bu göstərici 11 faizdir. Prezidentin sözlərinə görə, «hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb. Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar».

«YOXSULLUĞUN AZALMASINI İDDİA ETMƏK MƏNTİQLİ GÖRÜNMÜR»

Ancaq dövlət başçısının optimist baxışlarını iqtisadçılar bölüşmür. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri
Qubad İbadoğlu
Qubad İbadoğlu hesab edir ki, xüsusilə böhran ilində yoxsulluğun azalması real görünmür. Belə ki, 2009-cu ildə iş yerlərinin itirilməsi, xaricdən, xüsusilə azərbaycanlıların daha çox yaşadığı Rusiyadan pul transferlərinin həcmində azalma müşahidə olunub:

- Son illər ərzində yoxsulluq dinamikasını qəbul etmək olar. Ola bilər onun tempi ilə bağlı mübahisə aparaq ki, belə sürətlə azalma real görünmür. Xüsusilə 2009-da böhranın təsirlərinin müşahidə olunduğu, bir çox sektorlarda tənəzzülün baş verdiyi halda yoxsulluğun azalmasını iddia etmək məntiqli görünmür.

Qubad İbadoğlu hesab edir ki, Azərbaycan əhalisinin 20 faizdən çoxu, yəni hər 5 nəfərdən biri yoxsuldur.

Gündəlik adambaşına gəliri 2.15 dollardan aşağı olan adam yoxsul sayılır.

İqtisadçılar hesab edirlər ki, yoxsulluğu müəyyənləşdirən metodologiyanı dəyişməyə, onun yalnız gəlirlərə deyil, həm də xərclərə əsaslandırılmasına ehtiyac var. Çünki ay ərzində 60 dollara yaşamaq real deyil.
XS
SM
MD
LG