Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:22
Azərbaycan hökuməti 2008-ci ildə Parisdə dünya mədəniyyət incilərinin saxlandığı «Luvr» muzeyinə 1 milyon avro dəyərində yardım edib. Fransanın «Fiqaro» qəzetinin yaydığı xəbəri Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də təsdiqləyir. XİN-in sözçüsü Elxan Poluxov:

- Bu məbləğ «Luvr»dakı xalçaçılıq ekspozisiyasının təkmilləşdirilməsinə yönəldilib. Məqsəd indiki ekspozisiyanın genişləndirilməsinə, onların saxlanma şəraitinin yaxşılaşdırılmasına yardım ayırmaqdır.

UMACAQ

Rəhman Bədəlov
Kulturoloq Rəhman Bədəlov əhalisi böyük sosial problemlər məngənəsində yaşayan bir ölkənin «Luvr»a yardım etməsini varlı iqtidar və aciz xalq yaşayan ölkənin reallığı sayır:

- Ona görə də bu normaldır. Onlar varlıdırlar, onlar hamıya kömək edə bilərlər. Çünki sabah onları orada təmtəraqla qəbul edəcəklər. Biz isə acınacaqlı durumdayıq. Onlarla bizim aramızda böyük uçurum var. Bu isə bizim günahımızdır. Hakimiyyətin harasa vəsait bağışlaması onların şəxsi planları ilə bağlıdır. Bu planlar təbii ki, bizə bəlli deyil. Ancaq mütləq onlar nəsə udacaqlar ki, bu addımı atıblar.

SEVİNC VƏ KƏDƏRDƏN O YANA

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi isə Azərbaycanın «Luvr»a 1 milyon avroluq dəstəyinə birmənalı qiymət verməyə çətinlik çəkdiyini deyir:

- Bütün dövlətlərarası əməliyyatlar kimi burada da siyasi aspekt var. Eyni zamanda hakimiyyətdəkilərin imic yaratmaq məqsədi də aşkar görünür. Həm də burada savab iş var. Kimsə deyə bilər ki, bizim muzeylərimiz filan durumdadır, əgər artıq pul varsa, elə ora versinlər.
Niyazi Mehdi
Ancaq hakimiyyət də ortaya statistika qoya bilər ki, on illər muzeylərə filan qədər para xərclənib. Bu aksiya imkan vermir ki, onu birbaşa pisləyəsən. Eyni zamanda tərifə də hər hansı yer qoymur. Bu, kəskin sevincdən və kəskin qəzəbdən dışarıda olan bir aksiyadır. Görünür, dövlətin təbliğat məsələlərinin içində belə məsələlər də olur. Yəqin hakimiyyət öz imicini yaradır, özünü incəsənətin qayğıkeşi kimi göstərir. Ancaq bütün hallarda xalça bizim üçün çox önəmli məsələdir.

3 MİLYON AT, 200 MİN EŞŞƏK, 1 MİLYON «LUVR»

Filosof Ağalar Məmmədov isə bu məsələni bir neçə yöndən dəyərləndirir. Ancaq bütün hallarda o, Azərbaycan hökumətinin səxavətinin mental məsələlərlə daha çox bağlı olduğunu deyir:

Ağalar Məmmədov
- Azərbaycanın klassik ədəbiyyatında da varlılarn öz övrətlərini pendirlə dolandırıb, Sonyalara pul xərcləməsi var. Hakimiyyətdəkilər dünyaya göstərmək istəyir ki, pulumuz o qədər çoxdur, dünyaca ünlü muzeylərə yardıma da vaxt tapırıq. Bu, lap qədimi toylarda oynayanın başına şabaş atmağa bənzəyir. Dərd odur ki, xalq öz mülkiyyətinə sahib çıxmır. Oliqarxlar, hakimiyyəti ələ keçirmiş qüvvələr ölkənin bütün varını-pulunu özlərilə götürüb başqa yerə getsə, bu xalq elə onların arxasınca deyinməklə yetərlənəcək. Hakimiyyətdəkilər 3 milyon verdlər at aldılar, 200 min verib eşşək aldılar, indi də «Luvr»a pul verirlər.

Ağalar Məmmədova görə, əgər orada Azərbaycan xalçaçılıq sənətinin nümunələri olsaydı, bu məsələyə hər halda don geydirmək mümkün olardı. Ancaq indiki halda bu, hakimiyyətin xaricdə özünə layiq olmadığı imici yaratmaq üçün sıradan bir jestidir.

Şərhləri göstər

XS
SM
MD
LG