Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:55

«Terrorçu» məktəb direktoru azadlıqdan məhrum edildi


Yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şəmkirin Çənlibel kənd məktəbinin direktoru Hidayət Hüseynova hökm oxunub. Polisə və Fövqəladə Hallar Nazirliyinin «qaynar xətti»nə direktoru olduğu məktəbə bomba qoyması barədə xəbər verməkdə təqsirləndirilən Hidayət Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, ötən il oktyabrın 17-də Hidayət Hüseynov iş otağından Şəmkir rayon Polis Şöbəsinə və Fövqəladə Hallar Nazirliyinin 112 zəng xidmətinə zəng edib. Kənd məktəbinə bomba qoyduğunu və bir neçə dəqiqə ərzində partlayış baş verəcəyini deyib.
Hər iki qurumun əməkdaşları dərhal hadisə yerinə gəliblər. Şənbə gününə təsadüf etdiyindən məktəbdə yalnız müəllim heyəti olub ki, onlar da məktəb binasından kənarlaşdırılıblar.

Araşdırmalar nəticəsində bomba xəbəri təsdiqini tapmayıb. Polisə gələn zəng araşdırılarkən məlum olub ki, bomba həyəcanını yaşadan elə həmin məktəbin direktoru imiş. Məktəb direktoru polisə dəvət edilərkən bəlli olub ki, o, sərxoş vəziyyətdədir.

Hidayət Hüseynov məhkəməyə verdiyi ifadəsində özünü təqsirli bildiyini və hadisəni anlaqsız (sərxoş) vəziyyətdə törətdiyini, əməlindən peşman olduğunu bildirib.

Məktəb direktoru Cinayət Məcəlləsinin terrorla hədələmə maddəsi ilə mühakimə olunub.
XS
SM
MD
LG