Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:46
Bu pyes Azərbaycan ədəbiyyatı üçün “daimi olan bir mövzu”dadır. Kim dəli, kim ağıllı? Kim sağ, kim ölü? Kim pak, kim günahkar? “Obyekti” əlindən alınıraq türməyə atılan biznesmen, yoxsa onu şərləyən polis rəisi? Qarabağda döyüşüb kontuziya almış dəli məhbus, yoxsa onu dostunun üzünə durğuzmaq istəyən müstəntiq?

PYESİN ƏVVƏLİNİ BURDA OXU

2-ci hissə

İkinci pərdə

İştirak edirlər:

1-ci MƏHBUS – 55-60 yaşlarında, astma xəstəliyi var, tez-tez təngnəfəs olur, “Aerozol”dan istifadə edir.

2-ci MƏHBUS – 30-32 yaşlarında, narkoloji xəstədir, həmişə qaşınır, qıvrılır, ağrıdan əzab çəkdiyi hiss olunur.

3-cü MƏHBUS – 33-35 yaşlarında, xarakterik cəhəti çox siqaret çəkməsidir.

DƏLİ – gənc görünsə də, yaşı müəllifə məlum deyil. Vacib cizgiləri tez-tez sifətini əcayib formalara salması, anlaşılmaz əl-qol hərəkətləri etməsidir.
1-ci hissədəki dekorasiya. Radiodan ətrafa “Qubanın ağ alması” mahnısının sədaları yayılır. DƏLİdən başqa hamı hərəkətdədir. DƏLİ ayaq üstə radionu qulağına dayayıb. Digər üçü stolun üstündə süfrə açırlar. “Onu bəri elə”, “Bax bunu burdan qoysaq yaxşıdır”, “Şirniyyatı ortaya”, “Sokları bura qoy” və s. bu qəbildən replikalar eşidilir. Tədricən radiodakı musiqinin səsi azalır, amma tam kəsilmir.

2-ci MƏHBUS: Bilirsən, nə çatmır, ay ağsaqqal?

1-ci MƏHBUS: Qədeş, mən nə bilim, yenə ürəyindən nə keçir?

2-ci MƏHBUS: Yenə də bax da. Bir yaxşı-yaxşı fikir versən bilərsən.

1-ci MƏHBUS (zəndlə süfrəyə baxır, mənalı şəkildə deyir): Hə, bildim, bildim! Ay səni, xətakar... O soku, dedim axı, burdan qoy.

2-ci MƏHBUS: Deyirəm də, stolun bəzəyi ceyran südüdür. Xüsusilə də Yeni İl süfrəsində, şampan şərabının əvəzi yoxdur. Ala, bu çörəyi də yerləşdir ora.

1-ci MƏHBUS: İnşaallah, gələn il azadlıqda, evində-eşiyində süfrəyə ceyran südü də qoyarsan, şampan da.

2-ci MƏHBUS: Ağsaqqal, söz sözü çəkər, Yeni İl dedin, yadıma düşdü. (3-cü MƏHBUSa) İntellegent, bayaq yaman filosofluq eləyirdin. (Ağzıma bir dilim kolbasa atır) Əla kolbasadır. Hə, deyirdin ki, Yeni İl nə bilim, itkidir-filandır, ömrümüzdən gedir. Biz isə onu təmtəraqla qeyd edirik. Al, bu qatığı da qoy dolmanın yanına. Dolmanı ki isti-isti yemədin, nə ləzzəti. Hə, amma demədin ki, niyə insanlar bu itkini təntənəylə qeyd edirlər. Hər halda bunun da bir səbəbi olmamış olmaz.

1-ci MƏHBUS (əllərini böyürlərinə söykəyib kənardan stolu seyr edir): Hə, əladır. Əsl bayram süfrəsi. Keçin, keçin oturaq. (DƏLİyə) Sən də o radionu qoy bir tərəfə, keç otur.

2-ci MƏHBUS: Ağsaqqal, imkan ver, sualıma cavab versin də.

1-ci MƏHBUS: Nə deyirəm, cavab versin də. Əvvəl bir oturaq, sonra. Ancaq şərtimiz şərtdir, Yeni İl gələnə qədər süfrəyə əl uzatmırıq.

DƏLİ: Aton rəhmətlik! Mənə nə?!

DƏLİ radionu söndürüb çarpayılardan birinin üstünə qoyur. Dördü də stolun ətrafında oturur.

2-ci MƏHBUS: Hə, intellegent, səndən səs çıxmadı. Nədi görəsən bu təntənənin səbəbi?

3-cü MƏHBUS: Hər şeyin səbəbi olduğu kimi, bu təmtərağın da öz səbəbi var. Ona görə biz Yeni İli, doğum gününü xüsusi təntənəylə qeyd edirik ki, hər birimizin içində bir təsəlli, bir ümid var. Təsəllimiz odur ki, guya bütün ağrı-acımız, problemlərimiz arxada qoyduğmuz ildə qalır. Sevinir, şadlanırıq ki, canımız bütün çətinliklərdən qurtulacaq daha.

Ümidimiz isə odur ki, qarşıdan gələn il bizə uğur gətirəcək. Nə qədər yerinə yetməmiş arzumuz, istəyimiz, məqsədimiz varsa, hamısına qarşıdan gələn ildə qovuşacağıq. Bütün ümidlərimiz doğrulacaq, bütün arzularımız həyata keçəcək. Mənasız və mənasız olduğu qədər də ümidverici bir təsəlli. Xam xəyal. Utopiya. Öz-özünü aldatma. Dəhşətli və kədərli bir riyakarlıq.

DƏLİ: Aton rəhmətlik!

3-cü MƏHBUS (siqaret yandırır): Bir də, neyləyəsən axı? Bəyəm başqa bir yol, çarə varmı?

DƏLİ: Nə bilim əə... Mənə nə?! Özüm də heç bir oyun-zad çıxartmamışam.

2-ci MƏHBUS: Əşşi, mən deyirəm də, sözümü qəribçiliyə salırlar. İncimə, intellegent, ata canı, səni düz eləyib tutublar.

1-ci MƏHBUS: Bayaq da sənə dedim, bu əziz gündə belə nöş danışırsan.

2-ci MƏHBUS: Əşşi, bunun bu ağılnan çöldə nə işi ola bilər?

1-ci MƏHBUS: Çöldəkilərin hamısı ağılsızdı bəyəm?

DƏLİ: Aton rəhmətlik!

1-ci MƏHBUS: O ağıllı, bu dəli. Onda bu kontuziyanı bura niyə salıblar?

2-ci MƏHBUS: Ağılları olsa, heç onun kimi oğulu damlıyardılar? Məsələn, mən kiməm ki? Heç kim! Narkomanın biri. Xəstə. O isə niyə o günə düşüb, niyə kontuziya olub? Ona görə ki, döyüşüb, vətəni uğrunda, torpaq uğrunda. Əsgər olub e, əsgər. Yoxsa mən? Kimə lazımam axı?

DƏLİ: Nə bilim əə... Mənə nə?! Mən heç bir söz demirəm. Heç bir oyun-zad da çıxarmamışam.

3-cü MƏHBUS: Yaxşı-yaxşı, qurtarın görək.

PAUZA

1-ci MƏHBUS: Görəsən saat neçədir? Yeni İlə çox var?

2-ci MƏHBUS: Hələ 3-4 saat qalır.

1-ci MƏHBUS: Bəs indi neyniyək? Vaxtımızı necə öldürək?

2-ci MƏHBUS: Necə yəni neyləyək? Bayaqdan bizi danışdırırsan, indi də özün de görək, sən kimsən, nəçisən?

İşıq sönür. Əvvəlcə təsbeh dənələrinin ahəngdar səsi eşidilir. Sonra işıq yanır və biz ön səhnədə 1-ci MƏHBUSu görürük. Daha doğrusu, işıq şüası öncə təsbeh çevirən əli işıqlandırır, bundan sonra 1-ci MƏHBUS görünür.

1-ci MƏHBUS (monoloqu boyu tez-tez təngnəfəs olur, öskürür, “Aeorzol” istifadə edir): Qədeş, mənim nə uşaqlığım olub, nə də gəncliyim. Ömrüm elə həbsxanalarda, türmələrdə keçib. Nə yaşım vardı ki, birinci dəfə cinayət törədəndə. 15 yaşın içindəydim. Beynim qan çanağıydı. Qoşulmuşdum lotu-potuya. Məktəbdən, dərsdən yayınırdım. Qolumun zoru olsa da, bircə qram da olsun ağlım yox idi.

Dünya-aləm vecimə deyildi. Atam türmədən təzəcə çıxmışdı. Məni bu pis-pis yollardan çəkindirməkdənsə, fikrimi-zikrimi məktəbə, dərsə-kitaba yönəltməkdənsə, əksinə, bu şərəşür əməllərimi təqdir edir, yeri gəldi-gəlmədi, elə hey məni tərifləyirdi. Ay özündən deyən oğul belə olar, özünü tanıyan igid elə olar. Filan-peşməkan. Bu cür söhbətlərlə bir az da beynimi qızışdırır, bir qədər də yolumdan sapdırırdı məni.

O lənətə gəlmiş uzaq dövrlərdən yaddaşımda yalnız bircə işıqlı xatirə qalıb. Düzdü, qədeş, belə söhbətləri eləmək bir az yaxşı deyil, amma yeri gəlib, deyirəm. Qonşu məhəllədə bir qız yaşayırdı. İndinin özündə də baş aça bilmirəm, necə olmuşdu ki, mən onu o vaxtacan görməmişdim. Bəlkə də görmüşdüm, fikir verməmişdim. Anlaya bilmirəm, haçan gördüm onu, haçan tanıdım onu, haçan ürəyimə yol tapdı o. Bir də o zaman ayıldım ki, ay dadi-bidad, vurulmuşam bu müxənnət qızına. Əməlli-başlı ağlımı itirmişdim. Yerə-göyə sığmırdım. Dəli-divanə idim. Hətta o qızın xətrinə bir çox əməllərimə də son qoymuşdum.

Düşünürdüm ki, nəsə bir pis iş görsəm, gedib qulağına çatar, yaxşı düşməz. O müxənnət oğlunun qızına görə hər şeyə hazır idim. Öl desə ölərdim, qal desə qalardım. Həə, şair necə deyib: “Məhəbbət bir bəladır ki, giriftar olmayan bilməz...”.

Üstümü unnu görüb, adımı dəyirmançı qoymayın. Mənim də özümə görə belə-belə mətləblərdən bir az başım çıxır. Əlqərəz, günlərin bir günü eşitdim ki, qızın qonşusunda cılız, cürəbbəz, soxulcana oxşayan bir açkarik var. Nəsə bunları tez-tez bir yerdə görürlər. Nə bilim, kitabxanaya gedirik, məktəbdən gəlirik, bir yerdə dərs hazırlayırıq...

Kəsdim bu gədənin qabağını, alə, açkarik, yığışdır özüvü dedim. Adam dilində başa saldım ki, ya bir kərəmlik kitabxanaya-filana getməyi tərgizsin ya da özünə başqa yol yoldaşı tapsın... (Öskürür “Aerozol” qəbul edir) Boğuldum, nəfəsim kəsildi...

Qədeş, denən bu söhbətlərin bir xeyri oldumu?! Yox, Ətağa. Elə bil sözü daşa deyirsən. İkinci dəfə kəsdim bu açkarikin qarşısını.

Ala, maygülü, dedim, mənim qabağımda xod gedirsən? Belə oğlan hələ anasından olmuyub, sən hardan pırtdıyıb çıxmısan? Keçən kərəm sənə adam dilində başa saldım, qandırdım axı, bir də səni o qızın böyründə-başında görmüyüm. Alə, Həmədan eşşəyi, özüvü o yannığa qoyubsan ya məni lox hesab eliyirsən, sözümü saya salmırsan. Pah atonnan, sən bir gədədəki ürəyə bax e... Başdadı üstümə xoruzdanmağa.

İntellegent, sən mənim canım, incimə e mənnən, bu kitab-zad oxuyannar həqiqətən də başdan bir az o söz olur e... Qayıdasan mənə ki, özünüzü yığışdırın, nə bilim, tərbiyəsiz-tərbiyəsiz danışmayın.

Bu mənim şəxsi işimdir, özüm bilərəm, kimnən kitabxanaya gedərəm, kimnən məktəbdən gələrəm. Bir də ki, o qız sizin tayınız deyil, biz çoxdan sözləşmişik, məktəbi bitirəndən sonra evlənəcəyik. Nə bilim, filan-peşməkan.

Cin vurmadı təpəmə. Oduye, yapışdım bunu yaxasından, sən mənnən qoz-qoz oynayırsan, dedim. Alə, fisgirinkə, mənim bir sözümü iki eliyirsən? Nətəhər ilişdirdimsə ənginə, gördüm eynəyi, qoltuğundakı kitablar düşdü səpildi yerə.

Eynəyi yerə düşəndən sonra elə bir az gicəldi bu gədə. Çəkdim bunu məhşər ayağına, başladım üstünə çığırmağa. Alə, sən mənim qabağımnan su götürmək istəyirsən, sən kim olmusan belə ki, burnuvu mənim qabıma soxasan? Necə yəni özüm bilərəm, nətəhər yanı söz kəsmişik, evlənəciyik? Heç bilirsən sənin dilivi kəsib harava soxaram?

Gördüm yox e, müsəlman ki, müsəlman, tutduğunu buraxmaq istəmir. Qanmır ki, qanmır, mırıldanır elə özüyçün: sovet gəncinə xas olmayan bu hərəkətlər sizə baha başa gələr, siz çox tərbiyəsizsiniz, nə bilim, səviyyəsizsiniz, nəsiniz.

QISA PAUZA

Elə bil əcəl girrəmişdi zalım oğlunu. Qan vurub beynimə, hirsimdən boğuluram, az qalır nəfəsim kəsilə, yerə-göyə sığmıram, bütün bunlar azmış kimi, gədə bülbül kimi ötür mənimçün. Alə, oğraş, nə moizə oxuyursan, dedim. Nə sovet gənci, nə sovet əxlaqı, nə filan. Tüpürüm sənə də, sənin sovetinə də. Dərs keçirsən mənə, ağıl qoyursan başıma? Bura məktəb-zaddı bəgəm səninçün? Get-gedə coşurdum elə bil. Axır ki, səbrim tükəndi, dözmədim, saxlıya bilmədim özümü. Əl atdım cibimə, çıxartdım şoşkanı, nə təhər yeritdimsə bunun ürəyinin başına, bircə “Ayy ma-ma!” deyə bildi...

UZUN PAUZA

Zalım oğlu, əcəliynən çilingağac oynuyurdu elə bil. Dil boğaza qoymurdu. Barı bircə an sussaydı, bircə an... İndi hər şey ayrı cür olardı... Özünü də bədbaxt elədi, məni də...

PAUZA

Qədeş, hərdənbir, bilirsən, yadıma nə düşür? Mübahisə elədiyimiz vaxt mən ki onun yaxasından yapışmışdım e, bu zaman eynəyi düşmüşdü axı yerə. Bax, o səhnə tez-tez gözlərimin qabağına gəlir. Deməli eynək düşdü yerə, daşa ya nəyə çırpıldı bilmirəm, bir gözünün şüşəsi çilik-çilik oldu, o biri gözünün şüşəsinə çat düşdü. Bilmirəm nə sirdisə, o eynək həmin o vəziyyətdə heç olmasa, ayda bir dəfə yuxuma da girir...

PAUZA

(Gözləri yol çəkir) Sonra içəridə də birini öldürdüm... Sonra birini də...

PAUZA

Düz 20 ildən sonra bayıra çıxdım... Hər şey dəyişmişdi, hər şey... Şəhər də, məhəlləmiz də, adamlar da, evlər də, hətta ağaclar da... Mən bu azadlıqda özümü qərib, yad kimi hiss eləyirdim. Alışa bilmirdim, öyrəşə bilmirdim gördüklərimə... Təzə binalar tikilmişdi, yeni-yeni uşaqlar doğulub yekə kişi olmuşdu, tanıdıqlarımın bəzisi qocalmışdı, bəzisi dünyasını dəyişmişdi...

Bu mühitdə mən yad, qərib bir adam idim. Sanki tanımadığım bir şəhərə, ölkəyə düşmüşdüm. Bəzən türmə üçün elə darıxırdım ki...

Qarşıma ən dadlı, ən ləzzətli yeməkləri qoysalar da, nəfsim çəkmirdi, ürəyim istəmirdi. Burnumun ucu göynəyirdi türmə yeməyi üçün – balanda üçün. Vaxt olurdu, guya balanda hazırlayıram deyə, əlimə nə keçdi – kələm yarpağı, yerkökü qırığı, yarıçürümüş kartof, bir ovuc düyü, bir-iki ədəd makaronu bir qazana atır, yağsız, duzsuz qaynadır, sonra oturub ləzzətlə yeyirdim...

PAUZA

Cəmi iki ay idi ki, azadlıqda idim. Bilmirəm, türmə üçün darıxdığımdanmı, yoxsa həqiqətən o bir kəlmə “oğraş” sözünə gərəmi birini də o dünyalıq elədim... Nə az, nə çox, 15 il iş verdilər...

PAUZA

Düz 15 ilin tamamında çıxdım azadlığa. Gördüm, daha yaş da o yaş deyil. Cavanlığın, dəlisovluğun yeri deyil daha. Ömür keçib gedib. Mənimsə bu dünyada heç nəyim yoxdu. Nə ailə, nə uşaq. Yaxşı, tutaq ki, sabah başımı qoydum yerə, məndən sonraya bəs nə qalacaq? Axı, məndən də bir iz qalmalıdı bu dünyada ya yox? Belə qərara gəldim ki, nə olubsa, olub keçib, keçmişnən qurtarmaq lazımdı...

PAUZA


Bir qadın vardı, 40-45 yaşlarında. Tanış-biliş məsləhət gördü ki, onunla evlənim. Dedilər həyalı, ismətli zənəndi, əvvəlki əri əyyaşın biri olub, ona görə də ayrılıblar. Məxləs, evləndim bu qadınla.

QISA PAUZA

İlk vaxtlar hər şey qaydasındaydı. Aramızda heç bir söz-söhbət, narazılıq-filan yox idi. Sonra elə bil hardansa şübhə toxumu düşdü ürəyimə. Başladı qurd kimi içimi gəmirməyə.

Mənə elə gəlirdi ki, bu qadın yolunu azıb, xəyanət eləyir mənə. Düzdü, əlimdə heç bir dəlil-sübutum yox idi, amma nəyə görəsə elə hey fikirləşirdim ki, o məni aldadır. Siz də məni bağışlayın, qədeş, demək bir az yaxşı düşmür, hər necə olsa da, bu mənim halal-ümmət arvadım idi, bağlanmışdım ona...

Min cür kələk, pusqu qurdum. Ki bəlkə iş başında yaxalayam onu. Heç bir nəticə hasil olmasa da, ürəyimdəki şübhə toxumu yox olmaqdansa, günü-gündən daha da böyüdü. Belə-belə məsələ lap qəlizləşdi. Gündə-gündə mübahisə, dava, dalaş. Bir sözlə, mərəkə. Əlqərəz, axır ki, dözmədim, boğub öldürdüm onu.

PAUZA

Bu, beşincisiydi. Öldürdüyüm beşinci adam. Düz beş həyatın üstündən xətt çəkmişəm mən.

Bu zaman 5 adamın silueti səhnə boyu gəlib keçir.

Yadımda isə yalnız bir şüşəsi çiliklənmiş, digər şüşəsi isə çat vermiş bir eynək qalıb. Vəssəlam.

PAUZA

Belə-belə işlər... Görünür, mənim alnıma da kimsəsiz, həyansız bir şəkildə türmədə ölmək yazılıb. Bu dünyada heç bir nişanə qoymadan, izsiz-filansız ölmək...

Musiqi.

İşıq sönür.

Pərdə

Üçüncü pərdə

İşıq yanır. İştirakçıların dördü də stolun ətrafında əyləşib.

3-cü MƏHBUS: Fikir eləmə, ay ağsaqqal, hərənin bir cür taleyi var.

PAUZA

2-ci MƏHBUS (zarıyır): Canım ağrıyır. Ölürəm daha, ölürəm.

PAUZA

1-ci MƏHBUS: Nə isə... Saat neçə oldu görəsən... Yeni İlin gəlişinə nə qədər qalıb?

3-cü MƏHBUS: Hələ hardasa 2 saata yaxın vaxt var.

1-ci MƏHBUS: Neyləyək, bəlkə uzanaq bir az?

DƏLİ: Nə bilim əə...

2-ci MƏHBUS (zarıya-zarıya): Düz deyirsən, uzanaq bir az. Tablaya bilmirəm daha bu ağrılara.

DƏLİdən başqa üçüdə çarpayısına uzanır. Səhnə tədricən alaqaranlıqlaşır. İşıq şüası DƏLİnin üstünə düşür. O, ətrafına boylana-boylana, ayaqlarının ucunda asta-asta addımlayaraq ön səhnəyə gəlir.

DƏLİ
(pıçıltıyla): Nə bilim əəə...

PAUZA

(Arxaya boylanaraq) Yatdılar görəsən?

QISA PAUZA

Yanlarında bir kəlmə söz də demək olmur. O dəqiqə düşürlər adamın üstünə: genə nə oyun çıxartmısan? Nə bilim ə, guya mən nə oyun çıxardasıyam ki? Heç nə vecimə deyil. Mənə nə!

Elə bil hamı bir-birinin ağzına tüpürüb. Hamı eyni sözü təkrarlayır. Vallah, millətin başına hava gəlib. Dəlidi e, ipləmədi hamısı. O gün müstəntiq məndən nə soruşsa yaxşıdı? (Yamsılayır) “Hə, de görüm, nə oyun çıxartmısan?”

Nə bilim ə, dedim. Mənə nə, heç zad eləməmişəm dedim. Nə oyun, nə filan... Bu oyundu bəyəm, 10-15 düşmən əsgəri öldürmüşəm. Pah, bilməmişdik, guya çox böyük iş görmüşəm? Bu oyun-zad deyil e, deyirəm müstəntiqə, bu, müharibədi. Müharibəni ki, mən ha özümdən çıxartmamışam? Düşməndi, öldürmüşəm, əcəb eləmişəm!

Neyləyəydim, öldürməyəydim? Vuruşmayaydım? Gəlib bütün elimizi-obamızı zəbt edəydilər, viran qoyaydılar? Qızlarımızı-gəlinlərimizi əsir götürüb başlarına min cür oyun açaydılar? Sən nə danışırsan, ə, dedim müstəntiqə, başına hava gəlib sənin? Həyasızlığa bax e, sən adamda: mən bir saatdı buna bir kitablıq söz deyirəm, bu da arsız-arsız üzümə hırıldayır.

Nəyə hırıldayırsan, ə, deyirəm, teatr çıxardıram burda mən? Bunun nəyi oyun-zaddı, müharibədi e, bu, düşməndi, belə əlimin içindən gəlib, əcəb eləyib vurub öldürmüşəm. Bəs onlar mənim döyüşçü yoldaşlarımı öldürəndə yaxşı idi? Təsəvvür eləyirsiz bu zaman müstəntiq mənə nə dedi? (Bir qədər susur) Mənə nə?

PAUZA

Düz deyir də, ona nə...

QISA PAUZA

Hə də, Allah tərəfi baxanda, ona nə... Onun ki, yoldaşlarını, dostlarını qanına qəltan eləməyiblər. Onun ki, ən əziz sirdaşları yarasının qanı axa-axa qollarının arasında can verməyib. (Çəmkirir) Nə bilir ə, müharibə nədi, o! (Astaca) Elə yaxşı ki, müstəntiq olub, yaxşı ki, əsgər olmayıb o. Yoxsa, hamını meydanda atıb gedərdi. Allah özü çox əla bilir, kim müstəntiq olmalıdı, kim əsgər. Danışığına bax bir bunun! Düdük!

Güllə səsləri eşidilir. Sanki hansısa qızğın döyüşdə atışma gedir. Bir qədər sonra tədricən səslər səngiyib bitir.

Biz nə qədər itki verdik o döyüşlərdə. Dostlarımın yarıdan çoxu həlak oldu. Kim öldü, kim qaldı, heç bilirəm ki. O son döyüşdən cəmi 5-6-mız sağ çıxdı. Nə olsun ki, sağ çıxdıq?

Hansımız salamatıq ki, guya. Birimiz qolunu, birimiz ayağını, birimiz ağlını itirdi. Kaş hamımız öləydik orda. Belə yaşamağın nə mənası var indi? Həm dostlarımızı itirdik, həm özümüz şikəst olduq. Indi bizi insan belə saymır, lağa qoyub dolayırlar... (Bir qədər susur) Eeehhh...

Nə bilim əəə, nə bilim... Ciyərim yanır, elə oxumaq istəyirəm ki... İstəyirəm elə bir zəngulə vuram ki, bütün dünya silkələnsin...

PAUZA

Ama (arxadakılara işarə ilə) bunlar mənə deyir ki, müstəntiqin yanında oxuyub eləmə. Başını dik tut, o sənin heç atdığın dırnağa da dəyməz. əvvəl bunların sözünə çox da fikir vermirdim.

Mənə nə var. Keyfim harda istədi, orda da əlimi qoyub qulağımın dibinə oxuyasıyam. Şuşalı olasan, səsin olmasın? Ömür-billah belə iş ola bilməz. Sonra fikir verib gördüm bunlar pis adam deyillər, düz deyirlər. Mənim ki bu müstəntiqim var, hırnan-zırı ayıra bilmir. Beləsi nə bilir ki, muğam nədi, qəzəl nədi? Düdəmə!

QISA PAUZA

Görən, bu müstəntiq nə tayfasıdı belə? Görəsən, bütün müstəntiqlər, hakimlər bunun kimidi? Sən bir bunun danışdığı sözə bax! Mənə deyir ki, sənin döyüşdüyün taqım qanunsuz silahlı dəstə olub. Ə, deyirəm, müharibə qanunidi məyər? Nə qanunsuz dəstə, nə filan. Hardaydı deyirəm, düşmən üstümüzə gələndə sizin qanuni dəstələriniz?

Neyləyəydik, oturub gözləyəydik ki, gəlib qanımıza qəltan eləsinlər, nəslimizi kəssinlər? Necə ki, Xocalıda elədilər. Anlamır, qanmır e, it oglu it! Sonra başlayır məni dilə tutmağa. Səni həbsdən azad eləyərik, deyir, müalicə elətdirərik. Kontuziya-filan, bunlar boş şeylərdi, deyir.

Dünya o qədər inkişaf eləyib ki, hər cür xəstəliyə çarə var. Gəl, deyir, komandirinin üzünə dur. Yaz bura ki, o sizi tovlayaraq qanunsuz silahlı dəstə yaradıb, sonra da ermənilərlə işbirliyinə girib, satıb bütün torpaqları. Nə danışırsan, ə, deyirəm, ağlın yerindədi sənin? Birincisi, o mənim komandirim yox, döyüşçü dostum olub. İkincisi, hansı torpağı satıb, ə, o?

Kimdi ki o, torpaq sata bilə? O vuruşub, müharibədə canını qoyub. Torpağı satanlar çöldə-bayırdadı e, deyirəm, eyş-işrət içində yaşayırlar. Belə yaxşı oğulsan, get onların yaxasından yapış da!.. Kimə deyirsən, görür bir şey çıxmır, başlayır məni hədələməyə. Deyir, yazmasan, xortdanları çağıraram.

QISA PAUZA

(Ətrafa boylanır) Pah, guya qorxan var bunun xortdanlarından. (Bir qədər ehtiyatla) Çağırır çağırsın da...

PAUZA

(Qətiyyətlə) Onsuz da yalandan heç nə yazan deyiləm... Ondansa ölüm yaxşıdı! (Yenə də ehtiyatla) Bircə xortdanları çağırmasaydı... (Bir müddət susur) Nə bilim əəə...

Ətrafa boylanır. Bir qədər dinləyir. Sonra əlini qulağına dirəyib əvvəl muğam üstə Nəsiminin “Görmədim” rədifli qəzəlini, sonra isə “Qarabağ” mahnısını oxuyur. Sonda hiss olunur ki, ağlayır. Hıçqıra-hıçqıra işıq zolağının müşaiyətilə asta-asta, səntirləyə-səntirləyə addımlayaraq çarpayısına uzanır.

Musiqi.

İşıq sönür.

Pərdə

Dördüncü pərdə

Həzin musiqi sədaları eşidilir. Səhnədəki kamerada hər dörd məhbusun çarpayılarında uzanıb yatdığını görürük.

1-ci MƏHBUS (oyanır, çarpayısında oturur, əsnəyir, gərnəşir): Bu nədi, hamı yatıb ki? Saat neçədi? Görəsən, Yeni İlin gəlişinə nə qədər qalıb?

Ayağa qalxıb radionu yandırır. Radiodan diktorun səsi eşidilir: “Hörmətli dinləyicilər! Bir daha sizləri Yehi İl münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, bol-bol sevinc arzulayırıq. İndi isə səhər konsertimizə başlayırıq. Oxuyur Xalq artisti Qədir Rüstəmov...”

1-ci MƏHBUS: Necə, səhər konserti? Səhər açılıb məyər? (Stolun üstündə açılmış süfrəyə baxır) Bəs biz Yeni İli qarşılaya bilmədik? (Yoldaşlarını səsləyir) Ayə, qədeş, durun e, durun! Səhər açılıb e, oyanın! Yeni İl gəlib keçib, hamımız yatıb qalmışıq. Ayə, qalxın da, eşitmirsiz? Siznənəm e, oyanın!

2-ci və 3-cü MƏHBUS oyanırlar. Bir müddət key-key 1-ci MƏHBUSa baxırlar. Sonra hər üçü stolun ətrafına yığışır.

1-ci MƏHBUS (təəssüflə): İşə bax ey, necə hamımız yatıb qalmışıq! Birimiz də oyanmayıb e. Gör necə Yeni İlin gəlişini qaçırmışıq. Heç birimiz də oyanmayıb e? Bir gör, süfrə necə sahibsiz-yiyəsiz qalıb ortada? Hayıf, çox hayıf...

2-ci MƏHBUS: Yaman bayram-bayram deyirdin. Gördün, bu da sənin bayramın!

1-ci MƏHBUS: Nə gördün-gördün salmısan? Yatıb qalmayaydın da.

3-cü MƏHBUS: Yaxşı, yaxşı, kiriyin görək, səhər-səhər qanınızı qaraltmayın.

Hiss olunur ki, üçünün də ovqatı təlxdir.

1-ci MƏHBUS: Bu dəliyə bax e, belə də səhərəcən yuxu nədi bilmirdi. Bu xanəxərabın oğlu da yatıb qalıb e. Bir fikir ver, oyanmaq da istəmir.

DƏLİyə sarı gedərək əvvəl onu dümsükləyir, sonra isə silkələməyə başlayır.

1-ci MƏHBUS: Dur, dur görüm! Ayrı vaxt heç yatmırsan. Dur, sənnənəm! (Üzü üstə uzanmış DƏLİni arxası üstə çevirir) Dur görüm! (Dəhşət içində) Bu nədi, buna nə olub belə? (Qəfildən qapıya sarı qaçaraq bağıra-bağıra yumruqlarıyla qapını döyəcləyir) Açın, açın, tez olun, qapını açın! Köməyə gəlin! Köməyə gəlin! Dəli ölüb! Ölüb!!! Ölüb... (Ağlayaraq qapının önündə diz üstə çökür).

İşıq sönür. Radiodan bayram haqqında veriliş verildiyini eşidirik. Tədricən radionun səsi uzaqlaşaraq eşidilməz olur.

Pərdə

S O N

28 mart – 08 aprel, 2009-cu il

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG