Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48
Azadlıq Radiosuna göndərdiyi bu əsəri Samir Sədaqətoğlu bir neçə ay qabaq yazıb, amma birinci təəssüratınız o ola bilər ki, deyəsən mən bu əsəri əvvəllər oxumuşam axı. Bu da təbii sayıla bilər. Çünki pyes Azərbaycan ədəbiyyatı üçün də, dünya ədəbiyyatı üçün “daimi olan bir mövzu”dadır.
Kim dəli, kim ağıllı? Kim sağ, kim ölü?

Məcnun dəliydi, yoxsa onu anlamayan cəmiyyət? Kefli İsgəndər dəliydi, yoxsa Şeyx Nəsrullaha inananlar?

Bu pyesdə də sual belə qoyula bilər. Kim pak, kim günahkar? “Obyekti” əlindən alınıraq türməyə atılan biznesmen, yoxsa onu şərləyən polis rəisi? Qarabağda döyüşüb kontuziya almış dəli məhbus, yoxsa onu dostunun üzünə durğuzmaq istəyən müstəntiq?

S.Sədaqətoğlu redaktoru olduğu "Sənət" qəzetində çap olunan "Avropa və biz" (müəl. Rafiq Tağı) məqaləsinə görə dini ədavəti qızışdırmaqda ittiham olunub həbs edilmiş, sonradan əfv olunmuşdu.

"HƏBSXANADA BAYRAM" (Pyes)

1-ci hissə

Birinci pərdə

İştirak edirlər:

1-ci MƏHBUS – 55-60 yaşlarında, astma xəstəliyi var, tez-tez təngnəfəs olur, “Aerozol”dan istifadə edir.

2-ci MƏHBUS – 30-32 yaşlarında, narkoloji xəstədir, həmişə qaşınır, qıvrılır, ağrıdan əzab çəkdiyi hiss olunur.

3-cü MƏHBUS – 33-35 yaşlarında, xarakterik cəhəti çox siqaret çəkməsidir.

DƏLİ – gənc görünsə də, yaşı müəllifə məlum deyil. Vacib cizgiləri tez-tez sifətini əcayib formalara salması, anlaşılmaz əl-qol hərəkətləri etməsidir.
Səhnə qaranlıqdır. Radioyla konsert verilir. Diktorun səsi: “Əziz dinləyicilərimiz! Sizi Yeni İl bayramı münasibətilə təbrik edir və bayram konsertimizə başlayırıq. Oxuyur Xalq artisti Alim Qasımov.

Xalq mahnısı “Yaralıyam dəymə””. Musiqinin tempinə uyğun səhnə tədricən işıqlanmağa başlayır. Biz səhnədə həbsxana kamerasını görürük. Kameranın hər iki yan divarı tərəfdə ikimərtəbəli məhbus çarpayıları və yatağı.

Ortalıqda dəmir stol və oturacaqlar var. Səhnənin dərinliyində dəmir qapı və qapının üstündə eni və uzunu eyni olan kiçik barmaqlıq var. Biz qapını yalnız sezə bilirik.

Barmaqlıq isə işıq haləsinə büründüyü üçün aydın şəkildə görünür. 3-cü məhbus ikinci qatdakı çarpayısında əllərini başının altında qoşalayaraq arxası üstə uzanıb.

Onun yatmış yaxud oyaq olduğu bilinmir. 1-ci məhbus yan tərəfdə yerləşən aşağı qatdakı çarpayısında əyləşib asta-asta təsbeh çevirir. 2-ci məhbus səhnə boyu o baş – bu başa addımlayır.

Dəli üzü zala lal-dinməz dayanıb. Arabir nəsə danışırmış kimi əllərilə qəribə hərəkətlər edir. Qəfildən 3-cü məhbus çarpayısından yerə sıçrayır.

3-cü MƏHBUS: Bəsdi! Bəsdi daha! Söndürün bu radionu!

Əsəbi şəkildə stolun üstündəki radionu söndürür.

DƏLİ (Qorxmuş və çaşqın halda): Yox, yox! Vallah, billah, mən eləməmişəm.

Mən heç nə eləməmişəm! Mən yandırmamışam radionu. Öz canımçün, heç qulaq da asmırdım. Nəyimə lazımdı? Nəyimə lazımdı e, mənim? Sakitcə dayanmışam burda. Radio çox lazımdı mənə?

Gələn-gələn mənim üstümə düşür: “Genə nə oyun çıxartmısan, genə nə oyun çıxartmısan?” Bax, deyirəm, mən heç bir oyun-zad çıxartmamışam. Heç bir oyun-zad çı-xart-ma-mı-şam.

1-ci MƏHBUS (təsbehi ucadan şaqqıldadaraq): Vəssalam! İşimiz-gücümüz var da. Bu dəli yenə başladı. Axşamatan baş-qulağımız gedəcək.

DƏLİ: Deyirəm də, niyə inanmırsız? Mən eləməmişəm. Mən heç bir oyun-zad çıxartmamışam!

2-ci MƏHBUS (qəfildən addımlamağını saxlayaraq): Ayə, sənə deyənmi var, nəsə eləmisən. Sus da barı! Nətəhər adamsan sən?

DƏLİ: Adam? Yox, mən adam deyiləm.

3-cü MƏHBUS: Bəs, nəsən sən?

DƏLİ: Mən ? Mən ha? Mən azad insanam. Özüm də heç nə eləməmişəm.

1-ci MƏHBUS (istehzayla): Fikir eləmə, qədeş, görünür elə, bizim içimizdə ən azadı sənsən.

DƏLİ: Bax, əhsən sənə! Bircə sən başa düşdün .

Dəlidən başqa hamısı gülür.

1-ci MƏHBUS (çarpayıdan qalxaraq stolun arxasındakı oturacağa əyləşir): Yaxşı, yaxşı. Gəl otur burada !

DƏLİ (oturacağa sarı addımlaya- addımlaya öz-özünə danışırmış kimi): Deyirəm də, mən eləməmişəm, mən heç nə eləməmişəm. Heç bir oyun-zad çıxartmamışam.

1-ci MƏHBUS: Yaxşı, sizə nə olub? Keçin oturun da. Bu gün bayramdır axı. Bir söhbət eyləyək, görək başımıza nə gəlir.

2-ci MƏHBUS (hələ də o tərəf-bu tərəfə addımlayır): Əşşi, ağsaqqal, sən də qoy görək, mənim canım ağrıyır burda. Az qalır içim- içalatım sıyrılıb çıxa. Bütün damarlarımda qan donub elə bil, hərəkət eləmir. Başım zoq-zoq zoqquldayır, partlayır ağrıdan. Bu da təzə çıxdı, yox bir, bilməmişdik, türmədə də bayram olacaq.

DƏLİ: Nə bilim əə... Mən heç nə deməmişəm.

1-ci MƏHBUS (2-ci MƏHBUSa): Necə yəni, türmədə nə bayram? Bayram elə hər yerdə bayramdı. İstəyirsən həbisxanada ol, istəyirsən azadlıqda – evdə, metroda, təyyarədə, dəxli yoxdu. Bu, Yeni İldi, sən istəsən də, istəməsən də, qarşılasan, qarşılamasan da, həyatına daxil olacaq. Mütləq boyunda-buxnunda, sifətində, saçında, ömründə nəyisə dəyişəcək. Sənin deməyinlə deyil ki.

2-ci MƏHBUS: Nəyi dəyişəcək axı?

1-ci MƏHBUS: Çox şeyi. Bax, sən hal-hazırda həbsxanadasan. Yeni ildə isə azadlığa çıxa bilərsən. Bu, xırda işdir bəyəm?

2-ci MƏHBUS: Ölmə eşşəyim, ölmə, yaz gələr, yonca bitər, hə?

3-cü MƏHBUS (siqaretini söndürərək): Ağsaqqal, sənin dediklərinə heç bir iradım yoxdur. Sən Allah, düz başa düş, intəhası, mənim bu Yeni İldir, ad günüdür, bunlar haqqında öz fikirim var e. Hələ azadlıqda olarkən belə münasibətlərlə hansısa məclisdə yığışardıq. Mənə söz veriləndə, öz tostumda da bu fikirləri deyərdim. Bax, bu Yeni ildir, doğum günüdür, adamlar bunları çox böyük təmtəraqla, xüsusi məclislərlə qeyd edirlər. Kimisi evdə, kimisi restoranda. Baxır da, hərə öz imkanına görə. Yemək-içmək, çal-çağır, şadlıq, şadyanalıq.

1-ci MƏHBUS: Pah, belə də olmalıdır da. Burda pis nə var ki?

3-cü MƏHBUS: Yox ey, ağsaqqal, axı burda bir incə məsələ də var.

Bu zaman 2-ci MƏHBUS da addımlamağını saxlayaraq maraqla qulaq asır.

DƏLİ: Bax, hamınız görürüsüz də, mən heç nə demirəm. Sonra heç kim mənə deməsin ki, genə nə oyun çıxarmısan.

2-ci MƏHBUS: Əşşi, sən də ha... bir sakit ol görək.

DƏLİ: Nə bilim əə...

1-ci MƏHBUS (3-cü MƏHBUSa): Hə, intellegent, sən danış görək, o nə incə məsələdi elə.

3-cü MƏHBUS: Bu gün Yeni İl gəlir, düzdü? Yaxud ad günümüzü qeyd edirik. Lap əla! Amma heç kimin ağlına gəlmir ki, buna kədərlənmək, təəssüflənmək lazımdı.

1-ci MƏHBUS: Kədərlənmək niyə?

3-cü MƏHBUS: Bu dəqiqə izah eləyim. Olub da, yəqin çoxumuzda olub. Bir də görürsən, hardasa, necəsə cibimizdən bir abbası düşüb itib. Oturduğumuz yerdə başlayırıq vurnuxmağa. Ora baxırıq, bura baxırıq, tapa bilmirik. Başlayırıq təəssüflənməyə. Fikirləşirik ki, görəsən harda salıb itirmişik bu andıra qalmışı. Belə baxanda, mahiyyəti nədi ki, bir abbasıdı da. Amma heyifsilənirik, təəssüflənirik. İtkidi axı. İtki pis şeydi. Necə olsa, adama təsir eləyir. İstəyirsən, bir abbası itir, bir milyon itir ya da istəyirsən yaxın bir adamını, əzizini itir. Fərqi yoxdur, itki itkidi. Yandıracaq səni. Elə hey bu barədə düşünəcək, təəssüflənəcəksən. Görəsən, necə oldu, fikrim hardaydı ki, salıb itirdim o bir abbasını. Ancaq hər Yeni İl gələndə, hər təvəllüd gününü qeyd edəndə adamın heç ağlına da gəlmir ki, əslində, o, ən qiymətli bir şeyi itirir. Elə bir şey ki, dünyada heç vəhclə onu qazanmaq, geri qaytarmaq mümkün deyil. Ömrünün daha bir ili. Həyatın bir il azalır, gücün, qüvvən, təravətuin daha bir il müddətinə tükənir. Daha bir il qocalığına, nə bilim, ömrünün sonuna, axırına, ölümünə yaxınlaşırsan. Həyatda o qədər arzuların, ümüdlərin, məqsədlərin var ki, hələ heç yel olub yanından ötməmisən. Amma nə faydası, itirə-itirə gedirsən. Hələ bu azmış kimi, bunu xüsusi bir təmtəraqla, təntənəylə qeyd də eləyirsən. Keyfin ala buludda, sevincinin həddi-hüdudu yox...

1-ci MƏHBUS: Hə, qədeş, ağlabatan söhbətdi, sən düz deyirsən.

DƏLİ: Nə bilim əə...

2-ci MƏHBUS: Əşşi, düz də deyib qoydun? Biz bisavad adamlarıq, qandığımız qrafa yox, hardan biləciyik belə-belə şeyləri

3-cü MƏHBUS (siqaret yandırır): Adamlar belədi də, bir abbası itirəndə min yerə vurnuxurlar, ancaq bilə-bilə ki, ömürlərinin daha bir ili əldən çıxdı, veclərinə də olmur. Üstəlik, sevinir, məxsusi qeyd də eləyirlər.

1-ci MƏHBUS (3-cü MƏHBUSun əlindəki siqaretə işarə edərək): Qədeş, sən yaman çox çəkirsən. Canına ziyandı axı. Özü də belə bir yerdə. Havası yox, filanı yox. Nəmişlik, rütubət.

DƏLİ (əllərini qaldırıb göstərir): Bax, görürsüz, mən siqaret-zad çəkmirəm ha... İndidən xəbərdar eləyirəm, sonra mənə heç kim deməsin ki, genə nə oyun çıxartmısan.

3-cü MƏHBUS: Ağsaqqal, bu siqaret olmasa, bağırım çatlayar burda, bir gün də dözə bilmərəm.

1-ci MƏHBUS: Maqadandan beləsinə gəzmişəm. Cavanlığımda mən də sənin kimi fikirləşirdim. Gecə-gündüz: püf-püf, püf-püf. Siqareti-siqaretə calayırdım, paravoz kimi tüstülədirdim. Cavanlıq belədi də, bədən sağlam, orqanizm möhkəm. Heç vecinə də olmur. Amma vaxt ötür, yaş keçir, görürsən ki, yoox, heç də belə deyilmiş. Canın sözünə baxmır, gərək zamanında onu qoruyaydın. Axırı da belə. Bu lənətə gəlmiş astmanı tapmağıma səbəblərdən biri də elə bu soyxaya qalmış siqaret oldu.

DƏLİ: Mənə nə? Heç bir oyun-zad çıxartmamışam ki? Vəssalam, şüttamam!

3-cü MƏHBUS: Bilirsən, ağsaqqal, tutaq ki, sənnən razılaşdım. Hər dəfə deyirsən ki, ömrünün çoxu türmələrdə keçib. Düzdü?

1-ci MƏHBUS: Həri qədeş, həri.

DƏLİ: Özüvüz bilərsiz. Düzdü, əyridi, mənə nə?

2-ci MƏHBUS (hirslə dəliyə): Əşşi, sən də dayan görək, bu intellegent yenə nə deyir də...

3-cü MƏHBUS: Deməli, bizə baxanda həyat təcrübən qat-qat çoxdu. Ona görə də icazə versən, sənə bir sual verərdim.

DƏLİ: Bəri başdan sizə deyirəm, məni bu işə qatmayın. Kim kimə sual verər, cavab verər, mənə nə?

1-ci MƏHBUS: Ona baş qoşma. Sən sualını ver, görüm nə deyirsən.

3-cü MƏHBUS: Söz yox ki, dostu-düşməni bizdən yaxşı tanıyarsan.

1-ci MƏHBUS: Nöşün ki, belə də, özümə görə.

3-cü MƏHBUS: Həyatda heç dostun olubmu?

1-ci MƏHBUS: Harda? İçəridə yoxsa çöldə?

3-cü MƏHBUS: Məsələn, çöldə.

1-ci MƏHBUS: Olub, niyə olmayıb ki.

3-cü MƏHBUS: Aton rəhmətlik.

DƏLİ: Aton rəhmətlik!

3-cü MƏHBUS: İndi, de görüm, neçə illər ki, türmələrdə olmusan, onlardan biri gəlib səni axtarıbmı?

DƏLİ: Aton rəhmətlik!

2-ci MƏHBUS (1-ci MƏHBUSa sevincək halda): Hə, nə dayanmısan, cavab ver də görüm.

PAUZA

1-ci MƏHBUS (xeyli fikirləşir, kədərlə): Yox, gəlmədilər. Namərdlərin heç biri bircə dəfə də olsun gəlib yoxlamadı, axtarmadı məni.

DƏLİ: Nə bilim əəə... Aton rəhmətlik.

3-cü MƏHBUS: Bax görürsən ki. Həə, fikir eləmə, ağsaqqal, dostların hamısı belədi. Hamısı...

PAUZA

DƏLİ (astadan): Hamısı...


QISA PAUZA

3-cü MƏHBUS: Dar günün, çətin günün dostu-filan, bunlar gəlişi gözəl sözlərdir. Başqa heç nə.

1-ci MƏHBUS: Qədeş, doğrusu xoşum gəlir, sən belə yaxşı-yaxşı danışırsan. Amma bir işdə var, axı biz də kiminsə dostuyuq.

3-cü MƏHBUS: Etiraz eləmirəm. Dedim axı, dostların hamısı. Bəzisi demədim ki? Həə, vaxt gəlir, dostların hamısı üz döndərir, adamı atıb gedir. Yalnız birindən başqa. Sən onu atmasan, o, heç zaman səni atmaz.

2-ci MƏHBUS: O, kimdi ki?

DƏLİ: Mənə nə? Aton rəhmətlik!

PAUZA

3-cü MƏHBUS: Həə, o, belə, bir az gülməli çıxmasın, bax, bu siqaretdi (Bir qədər susduqdan sonra qutudan bir siqaret götürərək alışdırır). Yaxşı günündə də, pis günündə də səninlə bir yerdədir. Həmişə. O vaxta qədər ki, sən onu atasan, sən ondan üz döndərəsən (Siqaretdən dərin bir qullab alır, gözləri yol çəkir). Çünki o, cansız əşyadır. Hissiz, duygusuz... Əşya...

2-ci MƏHBUS: Əşşi, afərin sənə! Sən lap filosofmuşsan ki! (Gülərək) Səni elə yaxşı eləyib tutublar. (Siqaret yandıraraq) Lap siqaret çəkməyim gəldi.

DƏLİ: Mən heç nə demirəm. Mənə nə?

1-ci MƏHBUS (2-ci MƏHBUSa): Elə niyə deyirsən?

2-ci MƏHBUS: Əşşi, bu çöldə qalsaydı, bu cür söhbətlərlə çoxunun başını ağrıdardı.

DƏLİ: Nə bilim əə, özüvüz bilərsiz. Mən ancaq oxuya bilirəm.

1-ci MƏHBUS (DƏLİyə işarə edib gülümsəyərək): Öz aramızdı, bu kontuzya da biziynən əməlli-başlı məzələnir ha. Bunun bilmədiyinə qurd düşər.

DƏLİ: Oxumaq istəyirəm e. Oxuyum? Nə olar, qoy oxuyum da.

2-ci MƏHBUS: Əşşi, saxla görüm, nə oxumaq. Canım çıxır burda.

DƏLİ: Nə olar, nə olar e? Cəmi bir ağız. Qoy oxuyum da. İstiyirəm axı.

2-ci MƏHBUS: Bax, xortdanları çağıraram ha! Sakit dur yerində!

DƏLİ yazıq-yazıq, yalvarıcı halda boynunu bükür.

3-cü MƏHBUS: İşiniz olmasın onnan. Qoy oxusun, ürəyini boşaltsın.

DƏLİ: Aton rəhmətlik!

DƏLİ əvvəl muğam oxumağa başlayır. İşıq azalır, alatoranlıq. İşıq şüası dəlinin üstünə düşür. O, Asta-asta ön səhnəyə addımlayır.

DƏLİ: Əziz dostum məndən küsüb incidi,
O gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm.

Biz DƏLİnin çiyinlərinin tədricən silkələndiyini görürük. Sonda o, hıçqıra-hıçqıra ağlamağa başlayır. Səhnə tam aydınlaşır.

2-ci MƏHBUS: Əşşi, buna görə deyirdim də. Başladı yenə zır-zıra. Zalım oğlunun səsinə söz yox, bir bu ağlamağı olmaya.

1-ci MƏHBUS: Neyləsin, o da belə bədbaxtdı da.

3-cü MƏHBUS (Dəliyə tərəf gedərək onu qucaqlayır, özüylə birgə stola sarı gətirərərək, oturacaqda yanında oturdur): Ağlama, kişisən axı, ağlama. Nə var burda e, ağlamalı? Tezliklə burdan çıxacaqsan, gedəcəksən evinizə. Yaxşı da, ağlama. Səni burda çox saxlaya bilməyəcəklər. Bir səhvdi olub. (İnamsız halda) Mən inanıram ki, bizim hamımız tezliklə azadlığa çıxacağıq. (Şövqlə) Ən birinci də sən! (Tam inamsız halda) Deyirlər bu gün bayram münasibətilə amnistiya veriləcək. Hə, danışdıq? Daha ağlama. Di sakit ol da, kiri, ağlama. (Hiss olunur ki, özü də kövrəlib) Yaxşı da, bəsdi... ağlama...

PAUZA

2-ci MƏHBUS var-gəl edir. Tədricən hərəkətləri daha da becidləşir.


2-ci MƏHBUS: Hə, ağsaqqal, bayaqdan yaman bayram-bayram deyirdin. Nə oldu bəs? Həə? De görüm, nə oldu sənin bayramın? Budu sənin bayramın? De də, de!

1-ci MƏHBUS: Sən də yaxşı görək. Nə olub ki, bizim bayramımıza? Ona qəti fikir verməyin, dedim axı, bədbaxtdı da yazıq. (Bir qədər əsəbi) Bayram-zad nə qanır o. Onu tutub bura salanın Allah evini yıxsın. (Öz-özünə danışırmış kimi) Bayram bayramdı da. Hamımızın bayramıdı. Cinayətkarın da, günahsızın da. Ağıllının da, dəlinin də. Hakimin də, müttəhimin də. Nə olsun? Nə olub ki, bizim bayramımıza? (2-ci MƏHBUSa) Gəl, gəl, keç otur burda. Lap ürəyim sıxıldı. Qoy bir azda mən “tasovkalayım”.

2-ci MƏHBUS (gəlib oturur): Əşşi nə bilim e... Mənə nə? (Qəfildən sanki nəsə hiss edib gülür) Deyəsən, mən də yavaş-yavaş ağlımı itirirəm.

1-ci MƏHBUS: Aton rəhmətlik!

2-ci MƏHBUS: Görürsən, deyirəm də, axırda hamımız dəli olacağıq burda

DƏLİ-dən başqa hamısı gülür.

DƏLİ (heyrətlə onlara baxır): Bax, mən heç nə demədim ha. Sonra deməyin, genə nə oyun çıxarmısan.

Əvvəlcə addım səsləri və açar topasının cingiltisi eşidilir. Sonra şaqqa-şaraqla səhnənin dərinliyindəki qapının ortasında yerləşən nəfəslik bayır tərəfdən açılır.

NƏZARƏTÇİNİN SƏSİ: Muştuluğumu kim verəcək? Gəlin görək, evdən sovqat var! Bayram sovqatı!

3-cü MƏHBUS qapıya yaxınlaşır. Əvvəlcə bayırdan ona bir kağız uzadırlar. Sonra o, kağıza baxaraq şeyləri qəbul edir.

NƏZARƏTÇİNİN SƏSİ (şeyləri içəri ötürə-ötürə): Əcəb kefdəsiniz bu gün. Nuş eləyin bu təamlardan, şellənin özünüzçün. Nə qulağınızadı ki, işıq pulu vermirsiz, qaz pulu vermirsiz. Nə uşaqlar əyin-baş istəyir, nə arvad baş-qulağınızı dəng eləyir. Yeyib-içib yatırsız. Necə deyərlər, burda mənəm, bağdadda kor xəlifə.

3-cü MƏHBUS: Burda siqaretdən çatmır axı?

NƏZARƏTÇİNİN SƏSİ: Əşşi, indi nədi, odu da.

3-cü MƏHBUS: Bax, burda qeyd olunub: təndir çörəyi 7 ədəd. Ama ikisi çatmır.

NƏZARƏTÇİNİN SƏSİ: Sən Allah, yaxşı. Bu bayram günündə nə yaman xırdaçılıq eləyirsən.

3-cü MƏHBUS: Xırdaçılıq deyəndə ki...

NƏZARƏTÇİNİN SƏSİ: Səninki iş olmadı ha, yaman uzatdın. Əsas mənim muştuluğumu ver görüm.

3-cü MƏHBUS: Gözlə də bir azca, hövsələn olsun. (Qəbul etdiyi sovqatdan xırda sellofan torbaya siqaret, meyvə, şirniyyat və s. yığaraq bayıra ötürür) Bu da sənin müştuluğun. Bizimkiləri gördünmü? Bir söz demədilər?

NƏZARƏTÇİNİN SƏSİ (bu dəfə əsəbi): Yox, heç kəsi görmədim. Cəld ol, kağızı imzala, qaytar. İşim başımdan aşır.

3-cü MƏHBUS: Bu saat imzalayıram. (Kağızı imzalayır. Nəfəslikdən bayıra boylanır) Dəqiq heç kimi görmədin də?

NƏZARƏTÇİNİN SƏSİ (zəhmli tonla): Dedim axı yox! Bir az əldən iti ol. Tələsirəm!

3-cü MƏHBUS: Al, bu da kağız. Deyirsən heç nə demədilər?

Nəfəslik şappıltıyla bağlanır. Açar şaqqıldayır. Tədricən addım səsləri və açar topasının cingiltisi uzaqlaşır. 3-cü MƏHBUS qapının qarşısında bir qədər lal-dinməz başını əlləri arasına alaraq çömbəlib oturur. Sonra ayağa qalxaraq ləng hərəkətlərlə pay-püşü daşıyıb stolun üstünə yığır. Yenə başı əlləri arasında çarpayılardan birinə əyləşir.

1-ci MƏHBUS: Bu nəzarətçi tayfası min ildi ki, belədir. İstədiklərini alana qədər ilan dili çıxarırlar. Necə ki, istədiklərini əldə elədilər, o dəqiqə dəyişirlər, qarşılarındakını heç adam yerinə belə qoymurlar.

PAUZA

1-ci MƏHBUS: Buqələmün köpəkoğlu!

DƏLİ (stolun üstündəkilərə işarəylə): Bu nədi belə? Yenə bayramdı?

2-ci MƏHBUS: Əşşi, sənə nə var e, gündə sovqat gəlsə, səninçün bayramdı.

DƏLİ: Bax, mən heç nə demədim ha. Özüvüz dediz ki, bayramdı. Mənlik burda heç bir şey yoxdu. (Sevincək halda əllərini bir-birinə çırpır) Urraa, bayramdı!

3-cü MƏHBUS (çarəsiz halda): Lənət olsun belə həyata!

DƏLİ: Aton rəhmətlik.

2-ci MƏHBUS (çımxıraraq): Əşşi, sən də mumla görək.

DƏLİ: Mən heç nə deməmişəm, mənə nə?

2-ci MƏHBUS (ucadan, hirslə): Mumla dedim, axı!

3-cü MƏHBUS (qəzəblə qışqırır): Bəsdirin! (Qalxıb yumruğunu stola çırpır) Bəsdirin dedim sizə!

QISA PAUZA

3-cü MƏHBUS (çarəsiz və kövrəlmiş halda): Xahiş edirəm sizdən, bir hovur sakit durun. Bir azca! Xahiş edirəm...

UZUN PAUZA

DƏLİ (pıçıltıyla): Nə bilim əəə...

PAUZA

1-ci MƏHBUS (addımlamağını saxlayaraq stola yaxınlaşıb saxta sevinclə): Həə, bu lap yaxşı oldu. Bu bayram sovqatı lap yerinə düşdü. Axşama əla bir bayram süfrəsi açacağıq. (Əliylə DƏLİnin kürəyinə şappıldadır) İndisə, sən gəl kömək elə, bunları buradan yığışdıraq. Sən ağıllı balasan axı. Ağıllı bala... (DƏLİ ilə birgə masanın üstündəkiləri bir-bir masanın altına yığırlar). Axşam tərəfi yaxşı bir bayram süfrəsi bəzəyəcəyik. (DƏLİyə) Eləmi, ağıllı bala? Oturarıq, belə yaxşı-yaxşı bayramımızı qeyd eliyərik. Düzdü, hə, ağıllı bala?

DƏLİ: Aton rəhmətlik! Mənə nə?

1-ci MƏHBUS: Necə yəni sənə nə? Bayram hamımızındı da, (bir qədər əsəbi) hamımızın...

PAUZA

DƏLİ: Nə bilim ee...

Musiqi.

1-ci MƏHBUS: Gəlin bir söhbət eləyək də... Mənim əla bir təklifim var. Onsuz da Yeni İlin gəlişinə hələ bir neçə saat qalır. Ona görə də, məsələn, belə bir iş eləyək. Həyatımızı, başımıza gələnləri danışaq. Görək bir kimik, nəçiyik, niyə bura düşmüşük? Həm darıxıb eləmərik, həm də vaxt gəlib keçər.

PAUZA

1-ci MƏHBUS: Hə, nə oldu? Kimdən başlayaq?

DƏLİ: Mənə nə? Sonra deyərsiz ki, genə nə oyun çıxartmısan.

1-ci MƏHBUS (2-ci MƏHBUSa işarə ilə): Məsələn, bəlkə elə səndən başlayaq.

2-ci MƏHBUS: Əşşi, ağsaqqal, qoy oturmuşuq. Nə danışacağam e, mən. Guya bilmirsiz? Narkomanam da.

1-ci MƏHBUS: Yox ey, sən danış görək, necə oldu ki, narkoman oldun? Anadan ki, narkoman doğulmamısan? Səni bu içə nə vadar elədi? Niyə bu yola düşdün axı?

İşıq azalır, səhnə alatoranlaşır. İşıq şüası 2-ci MƏHBUSun üstünə düşür. Artıq o, ön səhnədədir. Digər 3-nün yalnız silueti sezilir və aradabir replikaları eşidilir.

2-ci MƏHBUS (monoloqu boyu arabir o yan-bu yana addımlayır): Mən ata-anamın gözlərinin ağı-qarası yeganə övladlarıydım. Nə bacım var, nə qardaşım. Özüm də valideynlərimin necə illik həsrətindən sonra dünyaya gəlmişəm. Ata-anam məndən ötrü canlarını belə əsirgəməzdilər. Nə arzum, nə istəyim olsa, yerinə yetirərdilər. Atam imknalı adam idi. Pula pul deməzdi. Gecə-gündüz fikri-zikri, ürəyi-göbəyi yanımda idi. Bəlkə də onu həyata bağlayan, yaşadan, ona yaşamağa ruh-güc verən yeganə varlıq mən idim (Əli ilə alnını döyəcləyir, acı-acı gülümsünür). Bəlkə də niyə? Bunun belə olduğu sonradan tam sübuta yetdi. Qərəz, ömrümün ən şirin xatirələri uşaqlığımla bağlıdı. Mən həyatımın ən gözəl günlərini o illərdə yaşadım. Eh, dünyada nə gözəl var imiş... Hər həftənin bazar günü atam məni də özü ilə bərbərxanaya aparardı. Əvvəl-əvvəl bu mənə çox qəribə gəlirdi. Bir həftə ərzində adamın saçı nə qədər arta bilər ki, onu kəsdirməyə ehtiyac da olsun. Bunu anama söyləyəndə, o mənə izah elədi ki, atam iş adamıdı, bütün günü müxtəlif insanların, cəmiyyətin içində olur. Ona görə də o, daima təmiz, səliqəli, gümrah görünməli, davranışı-hərəkətləri ilə başqalarına da nümunıə olmalıdı. Nəsə, sözüm onda deyil. Biz hər dəfə bərbərxanaya daxil olanda oradakılar atamı çox nəzakətlə, hörmətlə qarşılayardılar. Bəziləri o dərəcədə yaltaqlanardı ki, bu hətta mənim də uşaq nəzərlərimdən yayınmazdı. Yalan danışmağın nə mənası. Bütün bunalar mənə ləzzət verərdi. Düşünürdüm ki, mənim atam hamıdan güclü, qüvvətlidi. Hamı ondan çəkinir, hörmət edir, etiram bəsləyir, hətta yeri düşəndə yaltaqlanırlar da. Mən atamla fəxr edirdim... Sonra biz dəlləkxanadan evə qayıdır, birlikdə duş qəbul edirdik. O mənimlə duşun altında oynayır, qucağına alır, qıdıqlayır, min bir oyundan çıxırdı. Görünür, bizim hay-küyümüz, qəh-qəhəmiz hamamdan evə keçirdi ki, anam hamamın qapısını taqqıldadır, “Bəsdirin, nə hay düşüb belə, oralar sürüşkəndi, yıxılarsınız, tez yuyunub çıxın, evdə nə qədər istəsəniz oynayarsız” deyirdi... Eeehhh...

PAUZA

Sonra biz növbənöv mürəbbəylə limonlu çay içərdik...

QISA PAUZA

(Siqaret yandırır) Sonra mən, atam və anam şəhərə çıxardıq. Atamın xidməti maşınında mövsümdən asılı olaraq ya əvvəl dənizkənarı bulvara ya da birbaşa restorana gedərdik. Sanki bütün şəhər atamı tanıyırdı. Görən-görən, tanıdığı hər bir kəs ona hörmət-izzətlə ehtiram göstərirdi. Mən bütün hisssiyatımla duyurdum ki, anam da atamla fəxr edir, qürur duyur.

QISA PAUZA

Eeehhh... Nə gözəl günlər idi.

DƏLİNİN SƏSİ: Əşşi nə bilim eee...

QISA PAUZA

2-ci MƏHBUS: Yalnız bir dəfə... (bir əlini sıxıb yumruğunu o biri əlinin içinə vurur) ...birçə dəfə... Mən... atamın kimdənsə çəkindiyini, hətta həmin adama yaltaqlandığını gördüm... Biz restorana daxil olduq və salondakı masalardan birinin ətrafına yığışmış o dörd nəfəri gördük. Bir yekəpər, yekəqarın, boynuyoğun kişi, boy-buxunda heç də ondan geri qalmayan dodaqları qıpqırmızı boyalı ənlikli-kirşanlı bir xanım və iki uşaq: bir qız, bir oğlan. Böyüklü-kiçikli dörüdünün də sir-sifətindən harınlıq yağırdı. Atam onları görən kimi sanki bizi unutdu. Tələsik onlara yaxınlaşdı. Əli sinəsində, tez-tez baş əyə-əyə xeyli onlarla söhbətləşdi, danışdı, güldü... Yox, gülmürdü, irişirdi... Hə, hə, irişirdi. Onlarsa atama çox saymazyana yanaşırdı. Atam o iki uşağın üzündən-gözündən öpür, saçlarını sığallayıdı. Buna baxmayaraq, onlar da öz böyükləri kimi atama qarşı biganəydilər. Sanki atamdan çimçəşirdilər. Mənim atamsa, hətta onlara da yaltaqlanır, irişirdi. Uşaqların anası – həmin o ənlikli-kirşanlı xanım qıpqırmızı boyalı dodaqlarını elə büzmüşdü ki, sanki atam insan deyil, nəsə əcayib bir məxluqdu ya da hansısa çarəsi tapılmayan xəstəlik daşıyıcısıdı... İlahi, adam nə qədər özündənrazı, müştəbeh ola bilər... Anam yavaşca mənə söylədi ki, o kişi atamın rəisidir...

QISA PAUZA

O gün getsin, gəlməsin... Yediyim-içdiyim boğazımdan keçmirdi. Özümə də, atama da nifrət eləyirdim. Demək, hamısı yalanmış. Deməli, mən aldanmışam. Heç də atam bu dünyada hamıdan güclü-qüvvətli deyilmiş. O qıpqırmızı boyalı dodaqlar indi də gözlərimin önündədir. Mənə elə gəlir ki, o dodaqların qırmızısı boya deyil, atamın sınmış, məhv edilmiş qürurunun qanıdır.

QISA PAUZA

...Və bir də mən atamı onu saya salmayan, adam yerinə qoymayan o harın uşaqlara o cür irişdiyinə görə günü bu gündə bağışlaya bilmlrəm.

DƏLİNİN SƏSİ: Eeeh, nə bilim əəə...

1-ci MƏHBUSUN SƏSİ: Sonra...

2-ci MƏHBUS: Hm, sonra... Sonra həmişə atamdan güclü, onun qürurunu sındıra biləcək insanlardan intiqam almaq xəyalıyla yaşadım.

QISA PAUZA

14-15 yaşım vardı. Belə xülyalarla yaşadığım günlərin birində məhlə uşaqlarından biri mənə yanaşdı. “Nə yaman fikirlisən?” deyə soruşdu. “Dərdi-qəmi unutmağın, dünyanın bütün keyflərini çəkməyin açarı məndədi” söylədi. Xeyli belə-belə söhbətlər elədi... Və mən ilk dəfə narkotik qəbul etdim. Doğurdan da, bu, əsl həzz idi. Sanki ayaqlarım yerdən üzülmüşdü, göyün yeddinci qatındaydım, elə hey belədən-belə uçur, uçurdum... Hamı, hər şey məndən aşağıda idi... Dünyanın yeğanə sahibi-mütləqi mən idim. Bütün harınlaşmış, müştəbeh rəisləri, onların idbar, dodaqları qıpqırmızı boyalı harın xanımlarını, özündənrazı harın uşaqlarını ürəyimin istəyincə cəzalandırırdım... Mən hamıdan güclüydüm...

PAUZA

Səhərisi gün... o keyfi yenidən yaşamaq istədim. Həmin məhlə uşağına yaxınlaşdım. Bəs, belə-belə dedim. O, iynəni damarıma keçirəndən sonra tədricən, aram-aram ayrı bir aləmə düşdüyümü hiss edirdim. Bu elə bir ləzzət idi ki, adam heç qadınla olanda belə həmin həzzi ala bilmir. Yenə bütün dünya ayaqlarım altında idi. Biz həmin məhlə uşağı ilə bir-birimizə baxır, nəyə güldüyümüzü bilməsək də, elə hey gülür, gülürdük.

PAUZA

Üçünçü gün isə bədənim ağrıdan qıvrılırdı. Sanki orqanizmimdə nəsə çatışmırdı. Ağrıdan qovrula-qovrula yenə həmin oğlanı tapdım. “Bir şey təşkil elə, ölürəm”, dedim. “Hardan təşkil eləyim, - dedi, - pul lazımdı, pul”. Cibimdə nəyim vardı verdim. Necə ki, iynə damarıma keçdi, sanki ağrılarım da qeybə çəkildi, canın sütləşdi, rahatlandı. Belə-belə, oldum narkoman. Əvvəl-əvvəl ağrılardan qurtulmaq üçün gündə bir dəfə, sonralar gündə iki dəfə, bəzən hətta üç dəfə narkotik qəbul edirdim. Daha heç bir həzz filan yox idi. Sadəcə, canımı ağrılardan qurtarmaq istəyirdim. Pul olmayanda evdən nəsə oğurlayırdım. Təki bu lənətə gəlmiş ağrıladan qurtulum... Və günlərin bir günündə də məni həbs elədilər. Həm nakotik istifadəçisi, həm də alqı-satqısı ilə məşğul olan şəxs kimi. Halbuki, mən yalnız narkotik istifadəçisi idim. Xəstə idim. Özümə zorla tapırdım, alqı-satqısı ilə necə məşğul ola bilərdim ki. Amma kimə deyirsən, müstəntiqlərə bunu sübut eləmək mümkündümü? Beləcə, birinci dəfə üç il yarım iş aldım. Cəzamı çəkərkən elə türmədəcə bir mərdiməzarla sözüm çəp gəldi. Vurdum öldürdüm onu. Başqa yolum da yox idi. Əgər mən onu cəhənnəmə valis eləməsəydim, o vurub öldürəcəkdi məni. Cəzamı daha 3 il 6ay artırdılar.

PAUZA

Həbsxanada olanda bir dəfə atam görüşümə gəlmişdi. Az qala tanımayacaqdım öz doğmaca atamı. İlahi, dərd, iztirab, əzab insanı necə də dəyişərmiş. Əvvəlki suxluğundan əsər-əlamət qalmamışdı. Saçları ağappaq ağarmış, gözlərinin altı torbalanmış, beli bükülmüş, qüruru sınmış, miskin bir məxluq. Öz-özümə nifrət edirdim. Sonralar türmədə olduğum 7 il müddətində atam bircə dəfə də görüşümə gəlmədi. Birinci cəza müddətimi başa vurub azadlığa çıxandan sonra məlum oldu ki, atamın bütün bu baş verənlərə ürəyi dözməyib, iki dəfə infarkt keçirərək dünyasını dəyişib. Nə xeyri, soruş bir əməllərimdən əl çəkdimmi? Yenə də köhnə hamam, köhnə tas. Yenə də başladım narkotik qəbul etməyə. Yenə də həbs olundum. Bu dəfə azadlığa çıxanda məlum oldu ki, anam da başına gələnlərə tablamayıb, dünyasını dəyişib.

Bu zaman bir qadın və bir kişi silueti səhnə boyu addımlayaraq çıxıb gedir.

Hər şey əldən çıxdı. O xoşbəxt çağlar, ata-anamla birgə yaşadığımız o bəxtəvər günlər, valideynlərimin illərlə qəpik-qəpik yığdığı bütün var dövlət, hər şey, hər şey əldən çıxdı. Ata-anamın canı da getdi, malı da. Hamısı da mənim ucbatımdan. Mənim də axırım belə. Bu dəfə azadlığa çıxandan sonra özümə söz verdim ki, bir daha narkotikaya yaxın durmayacağam... Ancaq iradəm çatmadı. Verdiyim sözə əməl edə bilmədim. Düşündüm ki, cəmi bircə dəfə, cəmi bircə dəfə qəbul edim, sonra daha bu işlə məşğul olmaram. Fikirləşirdim ki, həmin o bir dəfə ilə yəqin bütün dərs-sərimi unudacaq, daha bir kərə ilk dəfə yaşadığım o hissi duyacağam. O-bu yenə hər şey təkrarlanmağa başladı. Qohum-qardaş da məndən üz döndərdi. Bomj halına düşdüm. İndi yenə burdayam. Mən xəstəyəm, xəstə. Məni həbs etmək yox, müalicə eləmək lazımdı. Hə, yaxşı yadıma düşdü, bu dəfəki müstəntiqim bilirsiz kimdi? Həmin o oğlan. Atamın rəisinin oğlu. Mən onu görən kimi tanıdım. Müştəbeh baxışlarından, dibinə qədər harınlıq hissi işləmiş gözlərindən tanıdım onu.

QISA PAUZA

Sizə deyim, bütün narkomanların incə və qədim bir siyasəti var. Onlar eşələyir, axtarır, harda ki bir azca imkanlı bir ailənin uşağı var, tapırlar, salırlar onu tora. Belə olur da, birdə görürsən, tərbiyəli, nümunəvi, imkanlı bir ailənin üzvü narkoman olur. Hə, həmin gənci əvvəl şirnikləndirirlər. Bir necə günlük həzdən sonra bədəndə ağrılar başlayır. Və bu vaxt o köhnə narkomanlar başlayırlar tora saldıqları gənci zəli kimi yavaş-yavaş sormağa. Bütün bunların axırıdakı adamı həbsxanaya gətirib çıxarırır.

QISA PAUZA

Kim nə deyir deyisin. Mən bunu tam məsuliyyəti ilə bəyan edirəm: dünyada azadlıq həzzindən böyük, ləzzətli həzz yoxdu.

DƏLİNİN SƏSİ: Nə bilim əə...

Musiqi.

İşıq sönür. Yanır. Səhnə dəyişmir. Bu dəfə 2-ci MƏHBUSun yerində 3-cü MƏHBUSu görürük. Əvvəl o, bir necə dəfə spiçka çəkib siqaret yandırır. İşıq süası sonra onu tam işıqlandırır.

3-cü MƏHBUS: Mənim uşaqlığım olmayıb. Həyatımın ən gözəl çağları, ən şirin, unudulmaz xatirələri gəncliyimlə bağlıdı. Biz çox kasıb olmuşuq. Valideynlərimi çox erkən itirmişəm. Onları itirəndən sonra özümdən kiçik bacı-qardaşlarımın da qayğısını mən çəkməli olmuşam. Mən bilmirəm uşaqlıq nə olan şeydi. Onun sevinci, firavanlığı, xoşbəxtliyi, qayğısızlığı nə olan seydi, mən bilmirəm. Bir əlində valideynlərinin əli, o biri əlində rəngbərəng şarlar tutan, deyən, gülən, şadlanan, qayğısız, hər şeydən arxayın yaşıdlarıma həmişə qibtəylə, həsədlə baxırdım. Mən də uşaq idim. Bəs, mənim bütün bunlara haqqım çatmırdımı? Axı, niyə dünyada bərabərlik yoxdu? Niyə kimsə varlı, kimsə kasıbdı? Niyə biri çox işləyib az qazanır, o birisi isə az işləyib çox qazanır? Niyə biri ağa, biri quldu? Niyə biri qayğısız, rahat, firavan şəkildə ömrünün bütün çağlarının keyfini çəkir, o birinin isə heç yerli dibli uşaqlığı olmur? Niyə? Həə, bütün bunları düşünə-düşünə qarşıma məqsəd qoydum: mən dünyanı dəyişəcəyəm. Bütün haqsızlıqlara qalib gələcəyəm. Çalışdım, vuruşdum, min bir əzaba sinə gərdim. Həm özümdən kiçik bacı-qardaşımı böyütdüm, həm də əlləşib vuruşa-vuruşa, işləyə-işləyə özüm oxudum, ali iqtisadi təhsil aldım. Oxuyub qurtarandan sonra iş tapa bilmədim. Çünki mənim nə arxa-dayağım, nə də pul-param var idi. Yenə usanmadım, məqsədimdən dönmədim. İşlədim, işlədim, özümə kiçik bir biznes qurdum... Ev aldım... Evləndim... Dünyaya bir oğlum gəldi. O oğul bala öz gəlişi ilə hər şeyi - bütün ağrı-açılarımı, dərdi-sərimi unutdurdu. Mən indi sağlam, qayğısız, gənc və xoşbəxt bir ata idim. Artıq mənim həyatımın daha bir böyük, xoş, əvəzsiz mənası vardı: oğlum və ailəm... Deyir, sən saydığını say, gör fələk nə sayır...

PAUZA

(Siqaret yandırır) Yox, mən çox da böyük şirkət sahibi deyildim. Xırda bir ərazidə yerləşn kiçik bir şirkət idi. 25-30 nəfərin iş yeri... Sən demə, mənim bu balaca şirkətimin yerləşdiyi ərazidə çoxlarının gözü var imiş. Əvvəl, necə deyərlər, “elçilər”, vasitəçilər gəldi. Bəs, belə-belə, buranı sat bizə. Satmıram, dedim. Yox, gərək mütləq buranı satasan bizə, söylədilər. Oturduğun yerdə işə düşmək bax budu ha. Bildirdim ki, mənim heç nəyi, heç haranı satmaq fikrim-filanım yoxdu. Axı kim almaq istəyir buranı, soruşdum. Nəyinə lazım, mötəbər bir adamdı, dedilər. Nə isə, birinci cəhdləri alınmadı...

QISA PAUZA

İkinci cəhddə məlum oldu ki, müştəri rayonun polis rəisidir. Sən demə, rəisin oğlu bu ərazidə özüyçün kiçik idman zalı, sauna-filan tikdirmək istəyir. Siz nə danışırsınız, dedim, bura məndən savayı 25-30 nəfərin iş yeridi, 25-30 ailə buradan dolanır. Əl çəkmədilər, nə qədər istəyirsən, haqqını ödəyək, sat buraları, deyib durdular. Mənim də bir tərs damarım var, saldım inadıma, yox ki, yox dedim. Həm də burda bir qurur, ləyaqət məsələsi vardı. Digər tərəfdən isə mən ordakı boş ərazidə imkansız, kasıb, sahibsiz uşaqlar üçün gündə üç vədə yemək-içmək şərtiylə oxumağa, təhsil almağa, yaşamağa qanuni əsaslarla bir xeyriyyə fondu açmaq istəyirdim. Nə isə...

QISA PAUZA

Sonra rəisin adamları başladılar məni hədələməyə. Ay belə vurarıq, belə öldürərik, başına min oyun açarıq. Şikayət etmədiyim, müraciət eləmədiyim yer qalmadı. Nə faydası. Bütün şikayət ərizələrimi araşdırmaq üçün elə həmin rəisin üstünə yollayırdılar. Sonra yerli-yersiz yoxlamalar başladı. Bu gəldi, o getdi, o getdi, bu gəldi. Çox eşələdilər, çox axtardılar, heç bir qanun pozuntusu tapa bilmədilər. Axırı da belə... Bir fahişəni üzümə durğuzdurdular, şərləyib atdılar içəri...

PAUZA

(Siqaret yandırır, hiss olunur ki, əlləri əsir) Uzun illər ərzində min bir əzab-əziyyətlə qəpik-qəpik, kərpic-kərpic yığıb qurduqlarımı bircə günün içərisində yerlə-yeksan elədilər. İt də getdi, ip də getdi. Özüm də həbs olundum, ailəm başsız, yiyəsiz, neçə-neçə ailə isə işsiz, çörəksiz, ümidsiz qaldı...

UZUN PAUZA

(Qabarıq şəkildə siqaretin közərdiyini görürük) Oğlum hər an mənimlədir. Uzanıram, yatıram, dururam, bircə an olun belə onun siması gözlərimin önündən çəkilmir. Onun sevinc dolu, ümid dolu körpə gözlərini heç cür unuda bilmirəm... Mən necə də bəxtiyar idim... İşdən evə qayıdırdım... Xanımım gülər üzlə qapını üzümə açırdı... Oğlumu görən kimi bütün yorğunluğum canımdan çıxırdı... Oynayırdım onunla... atırdım... tuturdum... Sonra anası ilə birlikdə laylay deyib yatızdırırdıq onu...

Səhnənin önündə qucağında körpə olan qadın silueti görünür. Laylay səsi eşidilir.

Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
Laylay balam, a laylay,
Körpə balam a laylay.

3-cü MƏHBUS: O uzaq illərdə həmişə düşünürdüm ki, əgər Allah qismət eləsə, övladlarım olsa, onları qayğısız, firavan böyüdəcəyəm. Nifrət etdiyim, xatırlamaq belə istəmədiyim uşaqlığımda çəkdiyim əziyyətləri imkan vermərəm ki, onlar da çəksin. Fəqət, hər şey necə də arzularımın ziddinə oldu. Mən atasız böyüdüm, uşaqlığın nə olduğunu bilmədim... Görünür, oğlum da mənim taleyimi yaşayacaq...

Musiqi

Bayırdan mütəhərrik addım səsləri yaxınlaşır. Açar topasının cingiltisi eşidilir. Qapı şaqqıltıyla açılır.

NƏZARƏTÇİNİN SƏSİ (amiranə tonda): Durun! Gəzintiyə! Bir az cəld olun! (Ucadan gülür) Ha-ha-ha... Bayram gəzintisinə!

Pərdə

1-ci hissənin sonu

ƏSƏRİN DAVAMINI BURDA OXU

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG