Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:48

Neft kəməri əvəzinə kanalizasiya borusunu parladıblarmış


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə radikal dini təmayüllü dəstə yaradaraq, beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə və digər bir sıra ağır cinayətlərdə ittiham olunan 31 nəfər Azərbaycan vətəndaşının məhkəməsi davam edir. Məhkəmə iclasına hakim Azər Orucov sədrlik edir.

Rəşid Mustafayev ifadə verib. O, ifadəsində göstərib ki, 1998-ci ilə qədər Azərbaycanda hərbi xidmətdə olub. 1999-cu ildə Çeçenistana gedib: 2001-ci ildə Abxaziyada və Pankisidə rus hərbçilərinə qarşı döyüşüb. Dəstənin başçısı Azər Misirxanovla Pankisidə tanış olub. 2001-ci ildə Azər Misirxanovla birlikdə Azərbaycana qayıdıb. Sərhədi keçəndə Azər Misirxanov həbs edilib, Rəşid Mustafayev Azərbaycana keçə bilsə də, qısa müddətdən sonra qanunsuz silah gəzdirməkdə təqsirləndirilərək həbs olunub.

2006-cı ildə həbsdən çıxandan sonra ruslara qarşı döyüşmək üçün yenə də Çeçenistana gedib: «2007-ci ildə Çeçenistanda «Əbu-Valid»in dəstəsində rus qoşunlarına qarşı hərbi əməliyyatlarda iştirak etdim». Təqsirləndirilən şəxs məhkəmədə bəyan edib ki, rus ordusuna qarşı döyüşməyinə peşman deyil və növbəti dəfə də həbsdən buraxılandan sonra rus ordusuna qarşı döyüşəcək.

AND İÇDİ Kİ, «ƏBU-BƏKR»DƏKİ PARTLAYIŞDAN XƏBƏRİ YOXDUR

Təqsirləndirilən şəxs «Əbu Bəkr» məscidini partlatmaqda təqsirləndirilən Samir Mehdiyevin ölkədən çıxarılmasına köməklik etməsindən də danışıb. Məhkəmənin nəzərinə çatdırıb ki, Samir Mehdiyevi radikal dindarlardan olan və Çeçenistanda rus hərbçiləri tərəfindən əməliyyat zamanı qətlə yetirilən İlqar Mollaçiyevin dəstəsinin üzvü kimi tanıyıb. «Əbu Bəkr» məscidindəki partlayışdan sonra ondan xahiş edib ki, Azərbaycandan çıxmağına köməklik göstərsin. «Samir deyirdi ki, istintaq orqanı bu hadisəni onun üstünə yıxmaq istəyir. And içirdi ki, hadisəni o törətməyib. Məni inandırandan sonra qərara gəldim ki, ölkədən çıxmasına köməklik göstərim».

NEFT KƏMƏRİ ƏVƏZİNƏ KANALİZASİYA BORUSU

Təqsirləndirilən şəxsə verilən ittihamlardan biri Bakı-Novorosiysk neft boru kəmərinin partladılması ilə bağlıdır. Lakin Rəşid Mustafayev bu hadisədə iştirak etmədiyini bildirib:

«Bu barədə plandan xəbərim var idi, partlayıcı qurğunun hazırlanmasında da iştirak etmişəm. Ancaq özüm əməliyyatda iştirak etməmişəm. Sadəcə, plan həyata keçəndən sonra bu plana nəzarət edən Asim Əmikişili mənə zəng eləyib dedi ki, partladılan neft kəməri yox, kanalizasiya borusu imiş».

Məhkəmə prosesi davam edir.
XS
SM
MD
LG