Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Nalbandyan Qarabağ sülh danışıqlarında ciddi dəyişiklik gözləmir


Edvard Nalbandyan
Edvard Nalbandyan
BU CÜR MÜHARİBƏ ÇIXIŞLARINDAN NƏ ERMƏNİSTANDA, NƏ DƏ QARABAĞDA DAHA QORXMURLAR

«Azərbaycan 2010-cu ildə Qarabağ münaqişəsinin həllində qarşılıqlı güzəştlərə hazır deyil və Qarabağ xalqını hədələməkdə davam edir».

Bunu AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan Azərbaycan prezidentinin Yeni il çıxışını şərh edərkən deyib. O, əlavə edir ki, bu cür müharibə çıxışlarından nə Ermənistanda, nə də Qarabağda daha qorxmurlar.

Nalbandyan deyib ki, hazırda münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin fikirləri ilə Yerevanın fikirləri daha çox üst-üstə düşür:

«Vasitəçilər nə deyirlər? Onlar Ermənistanın dediklərini deyirlər ki, Qarabağ problemi beynəlxalq qanunlar, gücdən istifadə etməmə, öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, 56 ATƏT üzvü ölkəsinin ötən noyabrda Afina görüşündə də təsdiqlənib. Son dövrlər birinci dəfə idi ki, öz müqəddəratını təyinetmə prinsipi belə bir sənəddə qeyd edilirdi. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn əsas prinsiplərindən biridir. Əgər belə olmasaydı, indi BMT-nin 192 yox, yarandığı vaxt olduğu kimi, cəmi 51 üzvü olardı».

Eduard Nalbandyan Yerevanın mövqeyini təkrar edərək bildirib ki, Qarabağın statusunu, Qarabağın özünü idarəsini Qarabağ xalqının özü müəyyən etməlidir.

Ermənistanın Xarici İşlər naziri bildirir ki, yaxın vaxtlarda Qarabağ sülh prosesində çox ciddi irəliləmə gözlənilmir.

ANKARANIN ÜNVANINA HƏDƏLƏYİCİ BƏYANATLAR


Nalbandyan müsahibəsində Ankaranın ünvanına da hədələyici bəyanatlar səsləndirib. O deyib ki, əgər Türkiyə də Ermənistanla münasibətlərinin normallaşdırılmasını Qarabağ probleminə bağlamaqda davam etsə, olduqca ciddi risklərlə üz-üzə qalacaq. O, bir daha vurğulayıb ki, iki il öncə Yerevan Ankara ilə danışıqlara başlayanda Türkiyənin həmin ön şərtləri yox idi:

«Əgər belə şərtlər olsaydı, biz müzakirələrə başlamazdıq və proses də ilkin mərhələdə belə razılaşma ilə nəticələnməzdi. İndi də tərəflərdən hər hansı biri süni maneələr yaradarsa, o, bütün prosesin alt-üst olmasına görə cavabdeh olacaq».

Nalbandyan yada salır ki, keçən ay prezident Serj Sarkisyan açıq-aşkar Türkiyə ilə razılaşmalardan geri çəkilməyin mümkünlüyünü irəli srüb. Və əgər Ankara mahiyyəti başa düşülən bir müddətdə protokolları təsdiq etməsə, Yerevan sənədlərdən çıxmaq imkanını özündə saxlayır. Amma nazir Türkiyənin bu sənədləri təsdiq etməsi üçün konkret bir tarix də göstərməyib. O, yalnız bildirib ki, Qərb qüvvələri və Rusiya da Türkiyə-Ermənistan münasibətlərinin heç bir ilkin şərt olmadan qurulmasını istəyirlər:

«Əgər Türkiyə bundan geri addım atarsa, bu, təkcə Ermənistanla razılaşmanın ziddinə addım olmayacaq. Bu, daha çox Ankaranın beynəlxalq ictimai rəyə hörmət etməməsi olacaq. Ermənistan isə bu halda bir şey itirməyəcək, proses başlayanda nəyə malik idiksə, ona da malik olacağıq».

Nalbanyan hesab edir ki, protokollarda erməni soyqırımı iddiasını araşdıran birgə komissiyanın yaradılması haqqında müddəalar da Ermənistanın ziyanına deyil. Onun dediyinə görə, birgə komissiyanın məqsədi soyqırımının olub-olmadığını araşdırmaq yox, iki xalqın arasında qarşılıqlı anlaşmanın yaradılmasıdır.

Eduard Nalbandyan əlavə edib ki, Sarkisyan hökuməti Osmanlı imperiyası dövründə «erməni soyqırımı»nı tanıtmaq üçün öz kampaniyasını davam etdirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG