Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:56

«Qanun çıxarırlar, bəs nəynən dolanaq?»


Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişikliyə görə, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər

Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişikliyə görə, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər

«Arzum bu idi ki, mühəndis olum, hündür binalar tikim, alınmadı...»

Elvinin 14 yaşı var. Məktəbə gedəndə ilk arzusu mühəndislik, nə vaxtsa göydələnlər tikmək olub. Ancaq kiçik yaşda atasını itirən Elvin məktəbi atıb, 3 ilə yaxındır çayxanada çay paylayır. Qulağın hər cür söz eşitməsi mümkün olan bu mühit onu çox sıxır, amma məcburdu, çünki anasına və balaca qardaşına baxır:

«MƏNİM ARZUM OXUMAQ İDİ, ALINMADI»

- Anam nə qədər işləsin?

- Günə təxminən nə qədər qazanırsan?

- Olur da 6 manat, 7 manat.

- Bəs məktəbin?

- Məktəbdən icazə alıb işləyirəm. Mənim arzum oxumaq idi, alınmadı. Qanun çıxarırlar, bəs nəynən dolanaq? Elə ailə var ki, heç yerdən gəliri yoxdur.

Elvinin qazancı imkan verir ki, ailəsi heç kimə möhtac qalmasın. Amma qanunvericilikdə yetkinlik yaşına çatmayanların işləməsinə qoyulan qadağadan sonra Elvinin qayğıları artıb. Deyir ki, işlədiyi çayxanaya aidiyyəti qurumlar gəlib tapşırıq verir ki, onu işdən çıxarsınlar. Elvinin şadlıq evində çalışan yoldaşları da işlərini itirməkdən qorxurlar.

«15 YAŞINA ÇATMAMIŞ UŞAQLAR İŞƏ GÖTÜRÜLƏ BİLMƏZLƏR»


Elə Gəncə şəhər 7 saylı bölgə üzrə Əmək Müfəttişliyinin rəis müavini Rüstəm Rüstəmov da deyir ki, azyaşlı uşaqların əməyə cəlb olunması qanuna dəyişikliklərdən sonra yolverilməzdir. Ötən il Konstitusiyanın 17-ci maddəsinə edilən dəyişikliyə görə, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər:

Sahib Məmmədov
- Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən 2009-cu il «Uşaq ili» elan olunub. Uşaq ilinə aid tədbirlər planına əsasən ən əhəmiyyət kəsb edən məsələlərdən biri uşaq əməyinin qarşısının alınması və uşaq əməyinin pozulmasını araşdırmaqdan ibarət olub. Əmək Müfəttişliyi yerlərdə araşdırmalar aparır. Müşahidə edirik ki, ictimai yerlərdə, çay evlərində, bazarlarda avtoyuma məntəqələrində azyaşlıların əməyindən istifadə olunur.

«ÇOX LÜZUMSUZ YERƏ»


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə deyir ki, bu qadağa gərəksiz idi və belə süni qadağalar daha böyük fəlakətə yol aça bilər. Məsələn, işini itirən və sosial təminatı olmayan uşaq oğurluğa və ya başqa yollara əl atmağa məcbur qalır:

- Konstitusiyanın 17-ci maddəsinə dəyişiklik elədilər, çox lüzumsuz yerə. Məsələn, 15 yaşdan aşağı istedadlı uşaqlar var, rəssam, idmançı ola bilər. Bunun üçün qanun lazım deyildi, Əmək Məcəlləsi məsələni tənzimləyirdi.

Sahib Məmmədov deyir ki, dünyada uşaqların işləməsinə qadağa qoyulandan sonra həmin uşaqların özü və ailələrinin acından ölməsi müşahidə olundu. Azərbaycanda sosial durum o qədər ağrılı vəziyyətdə olmasa da, azyaşlılar sosial təminat ucbatından işlədiklərini deyirlər.

Azərbaycan Uşaq Birliyinin son monitorinqinə görə, ölkədə 60 faizə yaxın uşağın əməyi istismar olunur. Dünyada bu rəqəm 270 mindir.

Şərhləri göstər

XS
SM
MD
LG