Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:18

Yas mərasimində həbs edilən 10 nəfərin taleyindən xəbər yoxdur


53 yaşlı Çingiz Bəxtavər dekabrın 27-də iş yerində vəfat edib
Təbrizdə azərbaycanlı fəal Çingiz Bəxtavərin yas mərasimində həbs edilən 23 nəfərdən dördü girov müqabilində azadlığa buraxılıb. Doqquz nəfər həbsxanada olsa da, qalan 10 nəfərin taleyindən hələ də xəbər yoxdur.

Ötən gün girov müqabilində azadlığa buraxılan İbrahim Asimani deyir ki, Çingiz Bəxtavərin dəfn mərasimindən dönərkən 12 nəfərlə birgə həbs edilib. Həbs olunan gün hamı bir otaqda beton döşəmənin üstündə yatıb. Hərdən-bir onlara işgəncə də verildiyini bildirən İ.Asimani deyir ki, onlara böhtan atılırmış ki, guya ölkənin ali dini lideri haqqında hansısa təhqiramiz ifadələr işlədiblər.

İ.Asimani deyir ki, onunla birgə Məhəmmədriza Yusifi də azadlığa buraxılıb. Onun sözlərinə görə, 30 milyon tümən girov müqabilində İbrahim Fərəczadənin də yaxın vaxtlarda azadlığa çıxacağı gözlənilir.

Qalan azərbaycanlı fəallar - Hadi Mürtəza Salib, Əli Təhmtan, Riza Əbri, Huşəng Rizayi, Fərzin Əsgəri, Əli İmani, Yaqub Vücudi isə iki həftədən çoxdur ki, həbsdə saxlanılır.

Dekabrın 29-da Təbrizdə milli faəl Çingiz Bəxtavərin dəfn mərasimi mitinqə çevrilib və orada çıxış edənlər milli şüarlar səsləndiriblər. Mərasim zamanı 20-dən artıq azərbaycanlı fəal həbs edilib.

Həbs olunanların bəzilərinin ailələrindən AzadlıqRadiosuna verilən məlumata görə, onlara həbslərin səbəbi və həbs olunanların harada saxlanıldıqları barədə məlumat verilmir. Onların sözlərinə görə, xüsusi xidmət orqanları tərəfindən təzyiq və təqib olunurlar.

53 yaşlı Çingiz Bəxtavər dekabrın 27-də iş yerində vəfat edib. Həkimlər onun infarktdan dünyasını dəyişdiyini bildirirlər. Yaxınları isə Çingiz Bəxtavərin səhhətindən heç bir şikayətinin olmadığını əsas gətirərək ölümün müəmmalı olduğunu deyirlər.

Şərhləri göstər

XS
SM
MD
LG