Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:30
Milli Məclisin Mədəniyyət Komitəsi vətəndaşların soyad sonluqlarının milliləşdirilməsilə bağlı konsepsiya hazırlayıb. Milli Elmlər Akademiyası ilə birgə işlənən konsepsiya Azərbaycan vətəndaşlarının soyadlarındakı «ov», «yev», «zadə» sonluqlarının milli sayılan «li», «oğlu», «gil» sonluqlarına dəyişdirilməsini nəzərdə tutur.

Həm özünün, həm də bütün ailə üzvlərinin soyadını bir neçə il öncə milliləşdirən deputat Pənah Hüseyn deyir ki, 1992-ci ildə prezident Əbülfəz Elçibəyin dönəmində soyad sonluqlarının milliləşdirilməsilə bağlı hüquqi aktlar imzalanıb. O zamandan vətəndaşlar həm öz soyad sonluqlarına düzəliş edə, həm də yeni doğulan övladlarına milli formada soyad yazdıra bilərlər:

«BU MƏSƏLƏDƏ VƏTƏNDAŞLARA AZADLIQ VERİLMƏLİDİR»

- Bu gün bu məsələni zəruri edən xüsusi amil görmürəm. Şəxs olaraq tərəfdarıyam ki, «ov», «yev» soyad sonluqları götürülsün. Ancaq bu məsələdə vətəndaşlara azadlıq verilməlidir. Bütün hallarda vətəndaşların soyad sonluqlarını inzibati yollarla dəyişdirməyə məcbur edilməsini doğru saymıram.

Soyad sonluğunu dəyişməyə tələsməyənlər sırasında politoloq Eldar Namazov da var. O deyir ki, konsepsiyanı hazırlayan komissiya üzvlərinin demək olar, hamısının soyad sonluğu «ov», «yev»lə bitir. Politoloq deyir ki, bu qərar yalnız tövsiyə xarakterli olmalı, vətəndaşlara zaman məhdudiyyəti qoyulmamalıdır:

«YAŞ PROBLEMİ VAR»


- İnsan haqları ilə bağlı bir yanaşma var ki, insanı məcbur etmək olarmı ki, o, soyadını dəyişsin? Burada yaş problemi var. Yaşlı, bütün şüurlu həyatını öz soyadı ilə fəxr eləyən 60-70-80 yaşlı insanlar var. Onlar üçün bu psixoloji yöndən daha ağrılı problemdir. Gənclər üçün bu daha ağrısız problemdir.

Eldar Namazov
Eldar Namazova görə, soyad sonluqlarının dəyişdirilməsi irimiqyaslı tədbirdir. Bu yalnız bir qərarla məhdudlaşa bilməz. Soyad sonluğunu dəyişən vətəndaş hər addımda köhnə soyadı ilə olan sənədlərin məhz ona məxsusluğunu sübut etmək məcburiyyətində qalmamalıdır. Namazova görə, dövlət bu məsələyə kompleks yanaşıb bütün qanunvericilik aktlarını qısa zamanda bir-birinə uyğunlaşdırmalıdır.

Konsepsiya müəllifləri «ov», «yev»i ruscadan gələn sonluqlar saydıqları kimi, «zadə»nin də fars kökənli olduğunu düşünür. Azərbaycanda tanınan şəxslər arasında da soyadı «zadə»ylə tamamlanan insanlar var. Onlardan biri – rejissor Mehriban Ələkbərzadə deyir ki, soyadını dəyişmək fikrində deyil. Çünki bu, onun soyadıdır:

«MƏN BU SOYADI NİYƏ DƏYİŞMƏLİYƏM?»

- Kimsə güman edir ki, «zadə»ni «li»yə dəyişmək gərəkdir, bu, onların öz işidir. «Zadə» soyad sonluğunu daşıyan kimsə, bunu heç zaman dəyişməz. Çünki bu zadəgan nəsli kimi varisliklə ötürülür. Mənim babam məşhur hakim idi – Abdulla Ələkbərzadə. Ondan öncəki babalarım da bu soyadı daşıyıb. Mən bu soyadı niyə dəyişməliyəm? Bu, mənim soyumun adıdır. Kim Cəfərov, Həsənovdursa, qoy dəyişib «li» sonluğu qoysun. Mən Ələkbərzadə olaraq qalacam.

Pəhah Hüseynin xatırlatdığı kimi soyad sonluqları ilə bağlı qərar 1992-ci ildən qüvvədə olsa da ölkəyə başçılıq edən şəxslərin çoxu soyadını dəyişməyib. Prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla rəsmilərin çoxu buna ehtiyac duymayıb. Müxalifət liderləri isə soyadlarını çoxdan dəyişib. AXCP-nin sədri Əli Kərimli, Müsavatın başqanı İsa Qəmbər, ADP lideri Sərdar Cəlaloğlu, AMİP lideri Etibar Hüsənli soyadlarını çoxdan milliləşdirib.

«ZORAKILIQ YOX, QANUN YOLU İLƏ»

«Rus imperiyası bizim soyadlarımızı əlimizdən alanda onu könüllü eləməmişdilər ki…»
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə bu məsələdə sərt tədbirlərin tərəfdarıdır. Onun sözlərinə görə, vətəndaşlarda milli şüur yerində olsaydı, 1992-ci ildən bəri ona verilən hüquqdan yararlanar, indi inzibati metodlara da gərək qalmazdı:

- Toplum etinasız, biganə toplum olanda, onun üçün milli məsələnin yerində olub-olmaması heç bir məna daşımayanda, orada problem hökmən qanun yolu ilə çözülməlidir. Zorakılıq yox, qanun yolu ilə. Rus imperiyası bizim soyadlarımızı əlimizdən alanda onu könüllü eləməmişdilər ki…Hamının soyadını zorla dəyişdirmişdilər. İndi də o uzun illər öncə yaranan və indiyə qədər davam edən problem zorla deyil, qanunla nizamlanmalıdır.

Sabir Rüstəmxanlı düşünür ki, vətəndaşa soyadını milliləşdirmək üçün seçim azadlığı verilərək bu məsələni birdəfəlik bəlli zaman çərçivəsində çözmək vacibdir.

Şərhləri göstər

XS
SM
MD
LG