Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:36

Tahir Cəfərov: «Çəkdiyim şəkilləri Qorbaçovun stolunun üstünə qoydular...»


Tanınmış fotoqraf Tahir Cəfərov

Tanınmış fotoqraf Tahir Cəfərov

Azərbaycan tarixinin ən şanlı tarixlərindən birinin ildönümünə sayılı günlər qalıb. Hər il 20 yanvar ərəfəsində o günləri videonun, fotonun və sadəcə gözün yaddaşına köçürənlər yada düşür. Tanınmış fotoqraf Tahir Cəfərov da bu tarixi yaşadanlardandır. İldönümü astanasında köhnə dostumuzu aradıq və kefini sorduq. AzadlıqRadiosuna 20 Yanvarda çəkdiyi şəkillərlə təşrif buyuran Tahir bəydən hətta atüstü müsahibə də aldıq.

S.İ.: Tahir bəy, xoş gördük. 20 yanvarın 20 illiyinə qədər yaşadıq...

T.C.: Bəli, ildönümüdür. Bilirsiniz ki, mənim 20 yanvarda çəkdiyim şəkillər var. İllərdir ki, bu şəkillər barədə mətbuatda, radio-televiziyada danışıram, istəyirəm ki, hamı görsün onları. Amma hamıya göstərə bilmirəm.

S.İ.: Axı, məncə ötən il sərginiz olmuşdu...
T.C.: Bəli, keçən il İstiqlal muzeyində bir sərgi təşkil olundu. Ondan başqa mənə heç bir dəstək verən, kömək edən olmadı. Axı, bu çox böyük vəsait tələb edən işdir. Heç deyən yoxdur ki, ay Tahir müəllim, gəlin sizə kömək edək, 20 yanvarın 20 illiyinə bir sərgi təşkil edək, qoy hamı görsün ki, biz nələrdən keçmişik, həmin gün necə risk etmişik.

S.İ.: Tahir bəy, 20 yanvarda nə qədər şəkil çəkmişdiniz?
T.C.: 200-dən çox şəklim var. Səhər saat 6-dan başlamışam çəkməyə, gecəyə qədər çəkmişəm. Demək, hər kadra 3-4 dəqiqə vaxtım gedib. 3-4 kadr çəkib qaçmışam. Çünki güllə atırdılar. Şəxsən mənim çəkdiyim şəkilləri M. Qorbaçovun stolunun üstünə qoyurdular albom şəklində. İki gün sonra 7 albom düzəltdim. Xarici ölkələrə də göndərdilər o albomları. Azərbaycan üçün çox xidmətlər göstərən mötəbər bir şəxsə verdim, o da hər yerə göndərdi...Amma indi öz ölkəmizdə təbliğ edə, göstərə bilmirəm şəkilləri. Hamı deyir, sən allah, təşkil elə! Mən necə təşkil edim?

S.İ.: Kim təşkil etməlidir ki? Sizcə, niyə dövlət maraqlı deyil sizin şəkilləri sərgiləməyə?
T.C.: Nə qədər deyirəm, heç kim yaxın durmur. Hamı da bilir ki, Azərbaycanda bu mövzuda ən çox şəkil məndədir. Bu işlə məşğul olanlar anlamalıdırlar ki, bu təbliğatdır, reklam deyil. Məsələn, mən istəyirəm, yanvarın 20-də gedim sərhəd qoşunlarına, göstərim şəkilləri. Böyük məmnuniyyətlə bu işi öz üzərimə götürürəm. Amma sərgi salonlarının hamısı deyir ki, çap elə, gətir. Mən o qədər pulu hardan alım?

S.İ.: Tahir bəy, bir şəkli sərgiləmək neçəyə başa gəlir?
T.C.: Təxminən, bir şəklə çərçivəsi ilə birlikdə 10 manat xərc lazımdır. Ötən il İstiqlal muzeyindəki sərgidən sonra onlara 50 şəkil, çərçivəsi ilə birgə bağışladım. Özüm də fəxr elədim bu işimlə. Yadınızdadırsa, keçən il “Can Bakı” proqramında da dedim ki, Dovlət Arxivinə çoxlu şəkil bağışlamışam..

S.İ.: Bəli, yadımdadır. 20 yanvarla bağlı hazırladığımız verilişdə dediniz...
Tanınmış fotoqraf Tahir Cəfərov «Can Bakı»da Sevda İsmayıllının qonağıdır
T.C.: Milyona yaxın kadr verdim. Heç “sağ ol” da demədilər. Demədilər-deməsinlər, bir parça kağız da göndərmədilər...Məsələn, Xocalı sərgisini mən Bakıda 8 yerdə göstərdim. Özüm çap elətdirmişdim. Böyük məbləğdə vəsait xərcləmişdim. Ancaq sərgi təşkil etdiyim yerlərdən bir arayış ala bilmirdim. Arxitektura İnstitutundakı sərgidən sonra rektorla təsadüfən söhbət etdik, qayıtdı ki, bu sənin şəkillərindi? Yəni heç adımı da bilmirdilər. Mən demirəm ki, ayağıma düşüb xahiş eləsinlər. Xeyr! Borclarıdır, məndən tələb eləməlidirlər! Təkrar edirəm: Borclarıdır məndən tələb etsinlər! Mən də o tələb əsasında neqativləri verərəm çap eləsinlər. Öz hesablarına çap eləsinlər!

S.İ.: Kəsəsi, Tahir bəy, ürəyinizdən nə keçir?
T.C,: Mən yenə də, 20 yanvarla bağlı hər şey etməyə hazıram. İstərdim ki, bu sərgiləri həm Vətəndə, həm də xarici dövlətlərdə göstərilsin. Daha çox dünyanın görməsini istəyirəm. Onsuz da hamımız o qara günləri görmüşük. Amma heç qara da deməzdim. O günlər bizim tariximizin şanlı səhifələri, qırmızı günləridir. Biz o günlərlə fəxr etməliyik. Çünki 19-20 yanvar Sovet hökumətini dağıtdı. Biz öz vətənimizi, öz azadlığımızı qoruduq. Tankın qabağında dayanmışdıq. Nəyə görə? Azadlıq yolunda! Elə o müqavimət SSRİ-ni yıxdı. Primakov da burda idi, Yazov da. Gördülər ki, xalqın qabağında dayanmaq olmaz! Sağ olsun o adamlar ki, meydana gəlmişdilər. Meydanda 2 milyona yaxın adam vardı. Bütün dünyaya yayıldı da. Tomas Qoldts, Ruri Pek (20 yanvar hadisələrini lentə alan xarici jurnalistlər-S.İ.) yadınızdadır yəqin...

S.İ: Yaxşı yadımdadır. İkisi ilə də bağlı veriliş hazlırlamışıq. Ruri Pekin ruhu şad olsun. Tomas Qoldtsa uzun ömür arzulayırıq. Sizə də təşəkkür edirik. Həm 20 Yanvarda güllələrin altında çəkdiyiniz şəkillərə görə, həm bu şəkilləri AzadlıqRadiosuna təqdim etdiyinizə görə, həm də müsahibəyə görə! Var olun.

T.C.: Sağ olun ki, qiymətləndirirsiniz.

Şərhləri göstər

XS
SM
MD
LG