Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:35

Etirazçı YAP-çılar cəzalandırılır


YAP üzvlərinin MSK qarşısında etiraz aksiyası, 26 dekabr 2009

YAP üzvlərinin MSK qarşısında etiraz aksiyası, 26 dekabr 2009

Seçkinin nəticələrinə etiraz edən YAP-çılar partiyadan çıxarılıb, bəzilərinə töhmət verilməsi davam edir.

YAP-IN NİZAMNAMƏSİNİ POZANLAR

Bələdiyyə seçkilərindən bu günə qədər təkcə Sabirabad rayonunda beş YAP-çıya töhmət verilib, 10 nəfər də partiyadan uzaqlaşdırılıb. YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev deyir ki, cəzalandırılanlar hamısı partiyanın nizamnaməsini pozanlardır:

«Partiyanın ali orqanı - İdarə Heyəti var, o qərar qəbul edib və 261 nəfər partiya üzvünün namizədliyinin irəli sürüb. Amma bundan əlavə bəziləri partiyanın qərarlarına zidd çıxaraq namizədliklərini veriblər. Belə insanlara dəfələrlə xəbərdarlıq olunmasına, partiyanın qərargahına dəvət edilmələrinə baxmayaraq onlar buna əməl etməyiblər və partiyanın İdarə Heyəti bu insanlar haqqında qərar qəbul edib».

Rayonun Şəhriyar kəndindən namizədliyinin irəli sürən Məmmədəli Abdullayev YAP-dan çıxarılan 10 nəfərdən biridir. Amma deyir onun partiyadan çıxarılması yalnız ədalətli seçki keçirilməsini tələb etməsilə bağlı olub. Məmmədəli Abdullayev deyir o əvvəlcə YAP-ın siyahısına salınsa da 10 gün sonra nəyə görəsə adı siyahıdan çıxarılıb. YAP icra katibi Əli Əhmədova vurduğu teleqramlara isə hər hansı cavab gəlməyib, ona görə də namizədliyini müstəqil şəkildə irəli sürüb.

DEMƏK MƏN ƏDALƏTİ TƏLƏB EDİRƏMSƏ, ONDA YAP-A LAZIM DEYİLƏM

Məmmədəli Abdullayev deyir seçki günü ən çox səs toplamasına baxmayaraq onun adı seçilənlər içərisində olmayıb. Bu baxımdan da müxtəlif yerlərə müraciət etməyə başlayıb. Elə bundan sonra ona partiya sıralarından çıxarıldığı barədə məktub gəlib:

«Mən haqqında Əli Əhmədova şikayət yazdığım Natiq Quliyev mənə qarşı qərəzli mövqe tutub, deyir gətir partiya biletini ver. Mən də seçki məsələsi olduğuna görə dayanıb durmuşam. Demək mən ədaləti tələb edirəmsə onda YAP-a lazım deyiləm».

Sabirabad YAP-çıları Bakıda seçkilərin nəticələrinə etiraz edirlər, 5 yanvar 2010
Məmmədəli Abdullayev partiyanın icra katibi Əli Əhmədova YAP-ın yerli təşkilat sədrindən şikayət etsə də, partiyanın Siyasi Şurasının üzvü Bəxtiyar Sadıqov müstəqil şəkildə namizədliklərini verən YAP-çıların cəzalandırılacağı ilə bağlı xəbərdarlığı hələ seçkidən qabaq səsləndirmişdi:

«Mən belə hesab edirəm ki, seçkilərdən sonra elə partiya üzvlərinin hərəkəti hər ərazi təşkilatında müzakirə olunmalı və onlar haqqında müəyyən ölçü götürülməlidir ki, növbəti dəfə belə hallar olmasın».

ƏDALƏT BƏRPA OLUNMASA…

Amma Məmmədəli Abdullayev belə bir cəzalandırmanın ədalətsizlik olduğunu deyir. Deyir sona qədər mübarizə aparacaq, ədalət bərpa olunmasa ölkədən baş götürüb gedəcək:

«Bu ədalət olmasa götürəcəyəm balalarımı gedəcəyəm İran sərhədinə, qoy canım qurtarsın. Belə çıxır ki, kim ədalət tələb edirsə onun bileti əlindən alınmalı, o adam məhkəmə qarşısında durmalıdır. Ən çox səsi mən toplamışam, 30-40 səs toplayanlar seçilib mən qalmışam qıraqda. Bu boyda ədalətsizlik olmaz axı. Araşdırın əgər hansısa günahım varsa mənə istənilən cəza verilsin».

«YAP MƏN HEÇ VAXT XEYİR VERMƏYİB, BƏLKƏ ÇIXSAM XEYİR GÖRƏRƏM»

Amma töhmət almayan, partiyadan çıxarılmayanlar YAP-çılar arasında da narazılar var. Belə partiya üzvlərindən Bəxtiyar Ələkbərov deyir ki, o bu seçkilərdən sonra dəhşətə gəlib və indi onun üçün YAP-da qalmaqla, qalmamağın heç bir fərqi yoxdur:

«Əgər bu partiya doğrudan da yaxşı partiyadırsa, onda qoy yaxşıları seçsin də, niyə pisləri seçir. Mən 10 il bələdiyyədə olmuşam, həmişə də məni xalq seçib, YAP yox. Bir də ki, YAP mən heç vaxt xeyir verməyib, bəlkə çıxsam xeyir görərəm».

«Zerkalo»-«Ayna» qəzetlərinin şərhçisi Rauf Mirqədirov YAP-çıların etirazları daha çox yerli səviyyədə gedən mübarizə hesab edir. Qaldı ki, ayrı-ayrı hakim partiya üzvlərinin cəzalandırılmasına Rauf Mirqədirov deyir ki, bu mərkəzdən idarə olunan cəzalanma daha çox digər partiya üzvlərinə xəbərdarlıqdır, partiya daha geniş miqyasda bu kimi addımlarla qarşılaşmasın.

Şərhləri göstər

XS
SM
MD
LG