Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:00

Vətəndaş cəmiyyətinə xüsusi maneə


Qubad İbadoğlu
Qubad İbadoğlu
Azərbaycanın Qeyri-Hökumət Təşkilatları prezident İlham Əliyevin QHT-lərin fəaliyyəti ilə bağlı 2009-cu il dekabrın 25-də imzaladığı fərmanı fəaliyyətləri üçün problem sayır.

İqtisadi Tədqiqatlar Mərkəzinin başçısı Qubad İbadoğlu deyir ki, fərmanın tələbləri xarici donorlarla işləyən QHT-lərin işinə xüsusi maneədir:

«BANKLAR QRANTLARIN ALINMASINDA PROBLEMLƏR YARADACAQ»

«Yeni qaydalara görə, bundan sonra QHT-lər bank əməliyyatları aparmaq üçün qrant layihələrinin əslinin notarial qaydada təsdiq olunmuş variantını Ədliyyə Nazirliyinə təqdim etməli, nazirlik isə onu təsdiq etməlidir. Məsələ ondadır ki, xarici donorlarla işləyən bir sıra QHT-lər bu layihələri on-line bağlayırlar. Bu səbəbdən heç də hər zaman layihələrin əsli QHT-lərdə olmur. Prezident fərmanını əsas gətirərək bundan sonra banklar qrantların alınmasında problemlər yaradacaq».

«ReAL» İctimai Birliyinin həmtəsisçisi İlqar Məmmədov isə hakimiyyətin bu addımının siyasi xarakter daşıdığını və ölkədə vətəndaş cəmiyyətinin bütünlüklə sıradan çıxarılmasına yönəldiyini düşünür:

«Azərbaycanda bir sıra QHT-lərə cinayətkar ünsürlər kimi baxılır. Adını hesabatlılığın artırılması, terrorizmə qarşı mübarizə tədbirləri qoyub QHT-lərin məhvinə yönələn addımlar atırlar. Heç kim hesabatlılığın əleyhinə deyil. QHT-lər onsuz da maliyyə orqanlarına hesabatlar verirlər».

«BU, BEYNƏLXALQ KONVENSİYALARA ZİDDİR»

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli də hesab edir ki, qərar hakimiyyətin mövqeyini dəstəkləməyən QHT-lərin sıradan çıxarılmasına yönəlməklə yanaşı, həm də Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara ziddir:

Ənnağı Hacıbəyli
«Qanunlar mütləq qaydada Azərbaycanın qoşulduğu konvensiyalara uyğunlaşdırılmalıdır. Bu sərəncam isə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı Avropa Konvensiyalarının pozulduğu üçün Konstitusiya Məhkəməsində araşdırılmalıdır».

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynli deyir ki, Azərbaycan tərəf belə absurd təkliflərlə xarici donorların yerli qurumlarla işləmək marağını da azaltmağa çalışır:

«Avropada, ABŞ-da əgər bir sənəd blankda tərtib olunubsa, onun möhürlənməsinə heç bir ehtiyac duymurlar. Azərbaycanda isə qrant layihələrinin təsdiqi zamanı bütün hallarda hər iki tərəfin möhürü tələb olunur. Rəsmilər vətəndaş cəmiyyətinin inkişafı üçün yeni-yeni maneələr yaratmaqla cəmiyyətin demokratikləşməsinə çalışan qüvvələri birdəfəlik məhv etməyi planlaşdırır».

Yerli QHT-lərlə işləyən xarici donor qurumlardan USAID-ın Azərbaycan nümayəndəliyinin başçısı Skott Teylor deyir ki, QHT-lərin bununla bağlı narahatlığını məktubla prezident İlham Əliyevə çatdırmağa hazırdır.

Azərbaycanda bir sıra layihələrə donoroluq edən «Soros» Fondunun Azərbaycan üzrə icraçı direktoru Fərda Əsədov da qurumun vətəndaş cəmiyyətinin inkişafına problem yaradan məqamların aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu bildirir.

ŞURA SONRA MÜNASİBƏT BİLDİRƏCƏK

Azay Quliyev
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də deyir ki, artıq şuranın narazılıqlardan xəbəri var:

«Bir sıra yerli QHT-lər məsələylə bağlı Şuraya müraciət ediblər. Şuranın yanvarın 15-nə planlaşdırılan toplantısında keçiriləcək müzakirələrdən sonra məsələyə münasibət açıqlanacaq».

Yerli QHT-lər isə Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin işini yenidən bərpa ediblər. İqtisadi Tədqiqatlar Mərkəzinin başçısı Qubad İbadoğlunun sözlərinə görə, 9 nəfərlik işçi qrup artıq görüləcək tədbirlərin müəyyənləşdirilməsinə başlayıb. 2009-un yayında yaradılmış bu komitə QHT qanununa onların xaricdən maliyyələşməsinin qarşısını alan dəyişiklikləri əngəlləyə bildi.
XS
SM
MD
LG