Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

İslamçıların qəzəbinə tuş gəlmiş qəzet nəşrini bərpa edir


3 il qabaq «Avropa və biz» məqaləsində İslam dini və Məhəmməd peyğəmbəri təhqir etdiyi iddia olunan, rəhbəri və yazarı həbs edilən “Sənət” qəzeti yanvarın 15-də nəşrini bərpa edir.

Qəzetin bir müddət qabaq həbsdən çıxmış rəhbəri Samir Sədaqətoğlu Azadlıq Radiosuna deyib ki, onlar bundan sonra dini məsələlərə həssaslıqla yanaşacaqlar və «Avropa və biz» tipli yazılara öz səhifələrində yer verməyəcəklər.

“Çalışacağıq ki, ümumiyyətlə dini məsələlərə qarışmayaq. Qoy o məsələ ilə dindarlar və dini qəzetlər məşğul olsun.

Biz əvvəldən də mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində yazan qəzet olmuşuq. Bundan sonra da işimizi bu yöndə davam etdirəcəyik”.

S.Sədaqətoğlu deyir ki, xeyli vaxt idi ki, qəzetin nəşrini bərpa etməkdə çətinlik çəkirdilər. İndinin özündə də qəzeti hələ ki yalnız ayda bir dəfə çap etməyə maddi imkanları çatır.

“Bu onunla bağlıdır ki, bizə maddi dəstək vermək istəyən adamlar o hadisədən sonra qəzetdən bir qədər uzaqlaşdılar. O vaxt biz abunə kampaniyası da aparırdıq, o imkanları da itiridik.

Belə fikir formalaşmışdı ki, guya biz dinə qarşı çıxan qəzetik. İnsanlar bizə bir qədər ehtiyatla yanaşırdılar.

İslamçı etirazçılar "Sənət" qəzetinin yazarlarının mühakimə olunduğu məhkəmənin qarşısında. 4 may 2007
Amma indi qəzetin nəşrini bərpa etməklə həm də cəmiyyətə bir mesaj vermək istəyirik ki, biz heç də dinlə məşğul olan qəzet deyilik.

Sadəcə, Azərbaycan ədəbiyyatını təbliğ etmək, dünya ədəbi xəritəsində Azərbaycanın da yerinin olmasını istəyirik”.

“Azərbaycanın məşhur yazıçıları dindən, xurafatdan, cəhalətdən yazıblar. Onlara da yer ayırmayacaqsız?” sualının cavabında “Sənət” qəzetinin rəhbəri deyib ki, “Yenə də Axundovu, Mirzə Cəlili, Sabiri nəşr eləməyə hazırıq.

Klassiklərimizi çap edəcəyik, amma sırf dinlə məşğul olmayacağıq”.

2007-ci il mayın 4-də Sabail Rayon Məhkəməsinin hökmüylə «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu dörd il, bu nəşrin yazarı Rafiq Tağı isə üç il həbs cəzası almışdı.

Samir Sədaqətoğlu və Rafiq Tağı Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə - irqi, milli və dini ədavəti qızışdırmaqda ittiham edilmişdilər.

Həmçinin bax

Rafiq Tağı ən son hekayəsini Azadlıq Radiosuna göndərdi

Türkiyənin fəxr etdiyi Azəri rəssamları tanıyırsızmı?
XS
SM
MD
LG