Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:55

Seçki, yoxsa, təyinat?


Bakıda səsvermə, 23 dekabr 2009
Bakıda səsvermə, 23 dekabr 2009
Mərkəzi Seçki Komissiyasının (MSK) «Ümid» Partiyasından olan üzvü Akif Qurbanov 23 dekabr bələdiyyə seçkisi ilə bağlı qurumun yekun protokolunu imzalamayıb. O deyib ki, bu addımı seçkinin bütün mərhələlərində ciddi qanun pozuntularına yol verildiyi üçün atır. Partiyanın seçkinin nəticələri ilə bağlı bəyanatında da 23 dekabr bələdiyyə seçkisində hakimiyyətin total saxtalaşdırmalara yol verdiyi bildirilir.

«1989-CU İLDƏN BƏRİ ƏN ANTİDEMOKRATİK SEÇKİ»

Müxalifətçi Müsavat Partiyasının İcra Aparatının başçısı Arif Hacılı da rəsmilərin bələdiyyə seçkisinin yüksək səviyyədə keçməsilə bağlı dediklərini bölüşmür. Onun fikrincə, hakimiyyət bu seçkidə gerçək seçki keçirmək iradəsində olmadığını göstərib:

- 1989-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilər qarışıq bu seçkini ən antidemokratik, siyasi rəqabətin olmadığı bir seçki hesab edirəm. Bələdiyyələrin yetərincə səlahiyyətləri yoxdur, bələdiyyələr faktiki olaraq yerli özünüidarə funksiyalarını həyata keçirmir. Bu səbəbdən həm siyasi qüvvələr, həm də ümumilikdə cəmiyyət bu seçkiyə az maraq göstərdi.
Əli Kərimli
Başqa tərəfdən beynəlxalq birliyin bələdiyyə seçkisinə o qədər də diqqətlə yanaşmaması seçkinin sönük keçməsinə şərait yaratdı.

ƏLİ KƏRİMLİ «SEÇKİ»YƏ NİYƏ «SEÇKİ» DEMİR

AXCP sədri Əli Kərimli isə prosesi hətta «seçki» adlandırmağa da çətinlik çəkir. Çünki ötən seçkilərdən fərqli olaraq hakimiyyət heç bu dəfə çoxpartiyalılığı imitasiya belə etməyib, aşkar şəkildə təkpartiyalı seçki keçirib. Özü də məntəqələrdə deyil, kabinetlərdə:

- Prezident Adminstrasiyasından müəyyənləşdirilmiş rəqəmlər üzrə yerli komissiyalar protokolları saxtalaşdırdılar, öncədən nəzərdə tutulan adamları bələdiyyə üzvü təyin etdilər. Bu seçki, seçki prosesini gözdən salmağa yönələn, çoxpartiyalılığa zərbə olan seçki kimi xarakterizə olunmalıdır. Prosesi ölkədə təkpartiyalı avtoritar rejimin tam formalaşdırılmasına yönələn növbəti addım kimi qiymətləndirirəm.

SEÇİCİSİZ SEÇKİ

ADP sədri Sərdar Cəlaloğlu isə deyir ki, bu seçkidə həm də cəmiyyətin bütünlüklə siyasətdən kənarlaşdığını və apolitik duruma düşdüyünü müşahidə edib. Cəlaloğlunun dediyinə görə, hakimiyyət bundan yararlanıb seçkinin formal əlamətlərini də sıradan çıxarıb. Müxalifətin dağınıqlığı, beynəlxalq qurumların bələdiyyə seçkilərinə üzdən münasibəti isə hakimiyyətin saxtalaşdırma ssenarisini çox asanlıqla həyata keçirməsinə imkan yaradıb:

Sərdar Cəlaloğlu
- ADP hesab edir ki, bələdiyyə seçkisi baş tutmayıb. Azərbaycan qanunlarına görə, alternativsiz seçkilər seçki hesab olunmur. Partiya kimi bu seçkilərə yalnız YAP qatılıb. Bu, artıq seçkinin nəticələrinin etibarsız hesab edilməsi üçün qanuni əsas yaradır. Ən əsası isə seçici bu seçkiyə gəlməyib. MSK-nın təsdiq etdiyi siyahılar seçkinin nəticələri yox, yuxarılarda hazırlanan və öncədən bəlli olan siyahılar idi.

Bu səbəbdən ADP seçkinin nəticələrinin ləğvini və yeni bələdiyyə seçkisinin keçirilməsini vacib sayır.

«GET, SƏNİN SƏSİN BİZƏ GƏRƏK DEYİL»

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə 23 dekabr seçkisini Azərbaycanın seçki tarixində geriyə doğru addım adlandırır:

Sabir Rüstəmxanlı
- Bir sıra kəndlərdə, rayonlarda seçki keçirilmədi. İnsanların seçkiyə gəlməsinə mane oldular, millətin bir səsi var, o səsi də onun əlindən alıb dedilər ki, get, sənin səsinə bizim ehtiyacımız yoxdur. Seçkiyə 15-20 faiz seçici gəldi, bəzi məntəqələrdə qutular açılmadı, protokollar icra hakimiyyətlərində dolduruldu. Bu seçki obyektivlikdən uzaq seçki idi. Bələdiyyə seçkisi gözlənilən parlament seçkisi ərəfəsində insanların münasibətlərinin müəyyən edilməsi baxımından bir məşq ola bilərdi, ancaq bu fürsət əldən verildi.

MSK sədri Məzahir Pənahov isə düşünür ki, seçkidə bir neçə xırda qanun pozuntusu aşkarlanıb və onların aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülüb. MSK sədri ideal seçkiyə can atanları pessimizmə və depressiyaya qapılmamağa çağırıb:

«İDEAL OLSA , BİZ NƏ OLACAĞIQ – BİLİNMİR»

- Seçkilər sahəsində bizim uğurlarımızı görməmək mümkün deyil. Başqa məsələdir ki, çalışırıq ideal olaq. Bu hissdən heç vaxt qorxmaq gərək deyil. Ancaq bu hissi özümüzə qarşı işləyən faktora çevirməyə ehtiyac yoxdur. İdeal olmadı deyə pessimizmə qapılmaq, depressiyaya düşmək gərək deyil. İdeal heç vaxt olmayacaq. İdeal mümkün deyil. Hələ bilməz olmaz ki, ideal olsa, biz nə ola bilərik. Həyat dayana bilər. Çox şeylər ideal olsa, həyatın sonu olar.
XS
SM
MD
LG