Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:00

Ünvanlı sosial yardımın verilməsi bərpa olunur


- Yetimçiliklə körpə uşaq saxlayıram, dədəsi yoxdur, özüm də işləmirəm. 5 aydır ünvanlı sosial yardım ala bilmirəm. Gedirəm, deyirlər «vaxtı çatanda alacaqsan».

Bunu Təranə Nəsirova deyir. Onun kimi Azərbaycanda on minlərlə ailəyə neçə aydır ünvanlı sosial yardım verilmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yardımın dayanmasını ilk günlərdə «texniki problemlərlə» əlaqələndirsə də, sonradan yeni məqamlar üzə çıxdı.

İqtisadçıların ehtimal etdiyi büdcə kəsiri öz zərbəsini yoxsul təbəqəyə endirdi. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki,
Hadı Rəcəbli
ötən il ünvanlı sosial yardım alanların sayı 30 faiz artıb, ona görə də nəzərdə tutulan yardım ötən oktyabrdan qurtarıb.

QEYRİ-QANUNİ YARDIM ALANLAR VAR


Hələ bir müddət əvvəl Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirirdi ki, büdcədən ünvanlı sosial yardıma ayrılan 125 milyon manatın yarısı mənimsənilir. Onun fikrincə, yardım alanların siyahısının açıqlanmaması da durumu göstərir. Nazirlik isə bunu vətəndaşların istəyi ilə əlaqələndirmişdi.

Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev ünvanlı sosial yardımın bəzən qeyri-qanuni şəkildə verildiyini təsdiqləyir:

- Belə faktlar olacaq. Çünki subyektiv amillər də çoxdur. İnsan kateqoriyasının sayı nə qədər çox olsa, bu qədər qeyri-qanuni ünvanlı sosial yardım alanların da sayı olacaq.

ÜNVANLI SOSİAL YARDIMIN İXTİSARI QANUNSUZDUR


«Ünvanlı sosial yardım üçün pul vəsaitinin qurtarması fikri «Büdcə sistemi haqqında» qanuna ziddir» - İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti, iqtisadçı Samir Əliyev bu fikirdədir. O hesab edir ki, müdafiə xərclərinə daxil olan yardımın ixtisar olunması dövlətin öz öhdəliyini yerinə yetirməməsi deməkdir:

- 2009-cu ilin 9 aylıq yekunlarına görə, gözlənilən xərclər 20 faiz azaldılıb – bütün xərc maddələri üzrə. Qanunvericiliyə görə, müdafiə olunan xərclər ixtisar edilə bilməz. Əgər dövlət bu xərcləri də ixtisar edibsə, bu, qanun pozuntusudur.

Musa Quliyev
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildirib ki, ünvanlı sosial yardım bərpa olunan kimi 4-5 ayda yığılıb qalan vəsaitin hamısı vətəndaşların hesabına köçürüləcək.

YANVARIN SONLARINDAN SOSİAL YARDIM VERİLMƏYƏ BAŞLANACAQ


Ünvanlı sosial yardımın nə zaman bərpa olunacağına gəlincə, Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev deyir ki, yardım bu aydan bərpa olunur:

- Yanvarın sonlarından verilməyə başlanacaq və düşünürəm ki, artıq arakəsmələr olmayacaq. Ümumiyyətlə, hökumətin strateji məqsədi ünvanlı sosial yardım alanların sayının ilbəil azaldılması və sosial reabilitasiyaya cəlb olunanların artırılmasıdır.

Bu il dövlət büdcəsində ünvanlı sosial yardımlar üçün 180 milyon manat nəzərdə tutulub. Musa Quliyev deyir ki, əgər vəsait azlıq etsə, may ayında büdcəyə baxılanda məbləğ artırıla bilər. Digər tərəfdən, gələn aydan az təminatlı vətəndaşların sosial reabilitasiya proqramı da işə düşəcək. Məqsəd yardım alanların sayının azaldılması və məşğulluğun artırılmasıdır.

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən başlanıb. Azərbaycanda ünvanlı sosial yardım alanların sayı təxminən 700 mindir. Onların 20 faizi aztəminatlı ailələr kateqoriyasından çıxıb.
XS
SM
MD
LG