Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:20
Yanvarın 3-də təbii fəlakətdən ziyan çəkmiş Astara, Lerik, Yardımlı rayonlarına yardımlar gəlməkdədir. Yardımlar əsasən tikinti materiallarından ibarətdir. Birinci növbədə inzibati binalar və məktəblər təmir edilir. Təmir-tikinti işlərini «Azəraqrartikinti» və «Azərenerji» səhmdar cəmiyyətlərinin tikinti birqadaları aparır.

Ziyan çəkmiş fərdi təsərrüfatlara da yardım edilməsinə başlanılıb. Fərdi təsərrüfatlara dəymiş ziyanı Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri evləri gəzərək müəyyənləşdirirlər. Adının çəkilməsini istəməyən Astara rayon sakininin dediyinə görə, nazirliyin nümayəndələri yardıma görə zərərçəkənlərdən pul tələb edirlər:

«Külək 3 ədəd şiferi aparıbsa 10 ədəd şifer də almaq olar. Bunun üçün əlin cibində olmalıdır. Açıq şəkildə yardım üçün bizdən pul tələb edirlər».

Təbii fəlakətdən ziyan çəkmiş Səyyarə Həsənova deyir ki, külək yaşadığı evin damından 5-7 şifer aparıb:

«İNANMIRAM Kİ, MƏNƏ KÖMƏKLİK ETSİNLƏR»

«Yüz dollar xərc çəkib damı düzəltdirdim. Bir neçə dəfə təbii fəlakətdən ziyan çəkmişəm, heç vaxt mənə köməklik etməyiblər, indi də inanmıram ki, mənə köməklik etsinlər».

Astara rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Məzahim Hüseynov isə bildirir ki, yardım üçün pul tələb edilməsi mümkün iş deyil. Onun sözlərinə görə, nazirliyin 7 əməkdaşı ziyan çəkmiş evləri gəzir:

KİMDƏNSƏ PUL TƏLƏB ETMƏK İNANDIRICI DEYİL

«Onlarla yanaşı yerli nümayəndələr də var. Bu qədər adamın arasında kimdənsə pul tələb etmək inandırıcı deyil. Bütün bunlar yalan söhbətdir. Ziyanla bağlı onlara müraciət edən hər kəsə yardım edilir».

M.Hüseynovun verdiyi məlumata görə, fərdi adamlar üçün 1700 ədəd dam örtüyü nəzərdə tutulub. Qasırğadan 100-ə yaxın adam ziyan çəkib. Bunların yarısına artıq yardımlar edilib.

Astarada 45 məktəbə ziyan dəyib, 10 məktəbin dam örtüyü tamamilə sıradan çıxıb.

Küləkdən ziyan çəkməyən inzibati binalarda da yardımın hesabına təmir işləri aparılır. Astara rayon İcra Hakimiyyəti binasının dam örtüyü tamamilə dəyişdirilir.

Şərhləri göstər

XS
SM
MD
LG