Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:54

Vəkil Kollegiyadan çıxarılmasına dair iddianı qərəzli sayır


Yasamal rayon Məhkəməsində Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin vəkil Həzi Məmmədovun vəkillik fəaliyyətinə xitam verilməsinə dair iddiasına baxılır. Prosesə hakim Abbas Rzayev sədrlik edir.

Həzi Məmmədov məhkəmə iclasında cavabdeh qismində dindirilib. O, ifadəsində göstərib ki, Kollegiyanın intizam komissiyasının sədridir. Kollegiya sədri Azər Tağıyev onu vəkillik sahəsindəki problemlərlə bağlı prezidentə etdiyi müraciətə görə vəkillikdən uzaqlaşdırmaq istəyir: “Həm Vəkillər Kollegiyasının intizam komissiyasının sədri kimi, həm də bir vətəndaş kimi prezidentə müraciət etmişəm. Müraciətin məzmunu bundan ibarət olub ki, Kollegiyanın sədri Azər Tağıyev Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması üçün prezidentin 5 il əvvəl verdiyi sərəncama əməl etmir. Həmçinin Azərbaycan vəkilliyinin çətinliklərindən şikayət etmişəm. Bildirmişəm ki, ölkədə vəkillər üçün işləmək şəraiti yoxdur, vəkil dövlət hesabına hüquqi yardım göstərdiyi hər saat üçün 99 qəpiyə möhtacdır”.

Azər Tağıyev məhkəməyə yazdığı iddiada Həzi Məmmədovun səhhətinin vəkil kimi fəaliyyət göstərməsinə imkan vermədiyini göstərib.

Həzi Məmmədov 88 yaşındadır, 47 ildən artıq vəkil işləyib. O, məhkəmə ifadəsində göstərib ki, vəkil kimi fəaliyyət göstərmək üçün səhhətində heç bir problem yoxdur. Azər Tağıyevin məhkəmə iddiasında vəkilin yaş məsələsini qabartması isə onu vəkillikdən kənarlaşdırmaq üçün bəhanədir.

Məhkəmə iclası yanvarın 19-da davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG