Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:11

Heydər Əliyevə sui-qəsddə təqsirləndirilən polis rəisi


Yanvarın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Abşeron Rayon Polis Şöbəsinin sabiq rəisi Məmmədəli Əliyevin məhkəmə başlayıb.

Məhkəmə iclasına Kəraməy Əliyev sədrlik edir. Bugünkü iclasda prokuror ittiham aktını elan edib. İttiham aktına görə, Məmmədəli Əliyev Hacımurad Sadəddinov və Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında növbə üzrə köməkçi işləmiş Faiq Mirzəyevlə cinayət əlaqəsinə girib. 1994-cü ilin sentyabrın 21-dən 22-nə keçən gecə təcridxanadan qaçmış Rəhim Qazıyevi, Əlikram Hümbətovu, Baba Nəzərlini və Arif Paşayevi Yasamal rayonu ərazisində qarşılayaraq onların Xırdalan qəsəbəsi ərazisində gizlənmələrini təmin edib.

«ƏLİYEVƏ QARŞI TERROR PLANI MOSKVADA HAZIRLANIB»

Prokurorun elan etdiyi ittiham aktında daha sonra göstərilir ki, Məmmədəli Əliyev 1994-1995-ci illərdə hakimiyyəti ələ keçirmək məqsədilə planlaşdırılmış sui-qəsdlərin qarşısı alındıqdan sonra cinayət məsuliyyətindən yaxa qurtarmaq qərarına gəlib. Bu məqsədlə də ölkədən qaçıb. 1996-cı ildə Ayaz Mütəllibov, Şahin Musayev, Rəhim Qazıyev, OMON-nun Qazax rayon bölməsinin rəisi Elçin Əmiraslanov və digər şəxslərlə cinayət əlaqəsinə girərək prezident Heydər Əliyevi öldürməklə hakimiyyəti ələ keçirmək üçün terror planlarının hazırlanmasında fəal iştirak edib.

Dəstə üzvləri terror planını Moskvada hazırlayıblar. Məmmədəli Əliyev terror planının həyata keçirilməsi üçün silahlı birləşmələr yaradaraq Dağıstana gəlib. Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) narazı əməkdaşlarını ətrafına toplayıb. Elçin Əmiraslanovun rəhbərliyi altında həmin silahlı dəstənin üzvləri Arif Kazımov, Səfa Poladov, Natiq Əhmədov, Ramazan Əhmədov və digər şəxslərdən ibarət qrupla Balakən rayonu ərazisinə keçiblər.

Sərhəddən qaçaqmalçılıq yolu ilə küllü miqdarda odlu silah, döyüş sursatı və partlayıcı maddələr gətiriblər. Həmin il dekabr ayının əvvəlində Elçin Əmiraslanov Arif Kazımov, Səfa Poladov, Namiq Eyyubov və digər şəxslər eyni vaxtda prezident sarayına və digər vacib dövlət orqanlarına basqın edərək, prezidenti fiziki cəhətdən məhv etmək və hakimiyyəti ələ keçirmək planı həyata keçirmək üçün Bakıya gəlib. Lakin həmin vaxt planları baş tutmayıb.

«ƏLİKRAM TUTULANDA BİLDİM Kİ, VƏZİYYƏT PİSDİR»

İttihama görə, dəstə üzvləri apardığı müzakirələrdən sonra prezidentin xarici səfərdən qayıdan zaman təyyarəsinin vurulmasını həyata keçirmək istəyiblər. Lakin həmin gün hava şəraitinin pis olması dəstə üzvləri planlarını həyata keçirə bilməyiblər.

Məmmədəli Əliyev məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilib. O, ifadəsində MTN-dən qaçırılan şəxslərin Moskvaya aparılmasında özünü təqsirli bilib. Lakin hakimiyyəti ələ keçirməsində və prezidentə sui-qəsddə təqsirli olmadığını deyib. İttihamın bu hissəsini cəfəngiyat adlandırıb:

«Müdafiə Nazirliyinin keçmiş idarə rəisi Murad Sadəddinov qayınatamın bağ qonşusudur. Rəhim Qazıyevi də Müdafiə Şurasından tanıyırdım. Binəqədidə rəis müavini idim. Əlimə silah düşəndə gətirib şuraya verirdim. M. Sadəddinovun atasının yasında o, mənə dedi ki, MTN-də Rəhim Qazıyevi, Baba Nəzərli və Arif Paşayevi öldürmək istəyirlər, onlar qaçacaqlar. Sən onları gizlətməlisən. Axşam onları Ceyran kafesinin yanına gətirdilər. Mən maşını sürdüm, Onları götürüb Xırdalana gətirdim. Əlikram Hümbətovu Lənkərana yola saldıq. O biriləri isə qaldı. Əlikram Hümbətov tutulanda bildim ki, vəziyyət pisdir, mən qaçdım».

«ÖZÜM ÖLKƏYƏ QAYITMASAYDIM, MƏNİ TUTA BİLMƏZDİLƏR»

Məmmədəli Əliyev ifadəsində göstərib ki, ittihamdakı raket söhbəti də uydurmadır. Onun sözlərinə görə, həmin bağ evində MTN əməkdaşları dəfələrlə axtarışlar aparıblar və nəinki raket, heç raketin hissəciyini də tapmayıblar: «Mən Heydər Əliyevi vurmaq istəməmişəm. Bu ittiham quramadır».

Məmmədəli Əliyev ifadəsinin sonunda məhkəmənin nəzərinə çatdırıb ki, həbsinə qədər ki son vaxtlarını Dağıstanda yaşayıb. Tanışı Cavanşir Piriyevin öldürülməsi məsələsinə görə Azərbaycana qayıdıb və həbs olunub: «Əgər özüm Azərbaycana qayıtmasaydım, məni indiyə kimi də heç kəs tuta bilməzdi».
Məhkəmə iclası yanvarın 18-də davam edəcək.

Adları çəkilən şəxslərdən Elçin Əmiraslanov, Səfa Poladov, Arif Kazımov və digərləri bir neçə il əvvəl mühakimə olunaraq ömürlük həbs cəzasına məhkum ediliblər.
XS
SM
MD
LG