Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:21
Aslan Giziroğlu "İnsanın nağılı" (HEKAYƏ)

Biri vardı, biri yoxdu. Əslində heç nə yox idi. Tək var olan bir Allah idi. Bir də ki heç nə.

Nə zaman vardı, nə də ki məkan. Bu zamansız və məkansız bir gündə, əslində heç gün də yox idi,

Allah boşluqdan və heçnəsizlikdən bezdi. Əvvəlcə mələk adında varlıqlar yaratmağa başladı. Sonra nəsə bu varlıqların mövcudluğu da onun sıxıntısını aradan qaldıra bilmədi.

Kainatı yaratdı.

Sonra isə palçıqdan insan adında bir varlıq yaratdı, adını da Adəm qoydu.

Öz tənhalığını yada salan Allah Adəmin də tezliklə darıxacağını nəzərə alıb onun qabırğasından bir insan daha yaratdı, adını da Həvva qoydu.

Allah yeni yaratdığı varlıqların qarşısına bəzi qadağalar qoydu. İnsanın idrak gözünü bağladı. Bu gözün açılması üçün idrak ağacının meyvəsindən dadmaq kifayət idisə də, Allah insanlara bu meyvəni qadağan buyurmuşdu.

Tezliklə Allah öz yaradıcılıq uğuruna sevinməyə başladı, öz işinə o dərəcədə valeh oldu ki, artıq mələklər belə yadından çıxardı.

O ancaq insan haqqında düşünürdü və bir gün Şeytan adlı mələk Allahın bu ədalətsizliyinə dözmədi.

Ondan üz döndərdi. Bu Şeytan Allahla olan əlaqəsini artıq kəsmişdi. Bütün günü tək-tanha qalırdı, digər mələk dostlarından da üz döndərmişdi.

Günlərin bir günü Şeytan Adəm və Həvva ilə rastlaşdı. Şeytan bu varlıqlara görə Allaha nifrət etsə də, nədənsə, bu görüş zamanı nifrət deyil, sevgi hissləri yaranmağa başladı insana qarşı, Şeytan insana aşiq oldu.

Elə insan da bu görüşdən məmnun qaldı, amma heç bir tərəf ilk görüş zamanı dinib, danışmadı.

Növbəti günlərin birində Şeytan insanla qarşılaşdığı məkana gəldi.

Yaman darıxırdı, o, Allaha olan bütün nifrətini unutmuşdu artıq, Allah barəsində heç düşünmürdü də.

Fikrini ancaq və ancaq insan haqqında düşüncələrlə doldurmuşdu və indi də həmin yerdə oturub adlarını belə bilmədiyi Adəmlə Həvvanı düşünürdü.

Düşüncələr dəryasında üzdüyü zaman qəflətən səs eşitdi.

Bu səs Adəmin səsi idi, Adəm Şeytana səslənirdi, həm də pıçıltı ilə. Sanki Allah eşidər deyə ehtiyat edirdi. Amma hardan biləydi ki, bu, Şeytanın Allahdan qaçıb sığındığı məkan idi və bu məkanda Allahın qanunları işləmirdi, zamandan xaric bir məkan idi bu məkan.

Burda baş verənləri Allah nə görürdü, nə də ki, eşidirdi. İndi isə Allahdan gizli olan bu məkanda insanla Şeytan üz-üzə dayanmışdı.

Bu artıq insanla Şeytanın ikinci görüşü idi. Şeytan tək, insansa cüt idi. Amma Şeytan bunu hiss etmirdi.

Çünki o, insanı bütöv halda görürdü, Adəmi də, Həvvanı da bir bədəndə hiss edib, bir bədəndə görürdü. O, insana bu şəkildə aşiq olmuşdu. Bəlkə də, o, Adəm və Həvvanın ayrı-ayrı varlıqlar olduğunu bilsəydi, bu hisslərdən əsər-əlamət qalmazdı.

İkinci görüş də birinci görüş kimi sözsüz və danışıqsız keçdi. Buna baxmayaraq, yenə də qarşılıqlı anlaşma və rəğbət var idi bu iki varlıq arasında.İnsan və Şeytan - ikisi bir arada.

Allah gərək bu varlıqları ayrı-ayrı şəkildə deyil, bütöv bir tam halında yaradaydı.

Növbəti görüş artıq labüd idi.

Çünki artıq Addəmlə Həvva bütün günü Şeytan haqqında düşünürdülər. Fikirləşirdilər ki, görəsən nədən Şeytan Allahdan üz döndərib, nədən axı o, onu yaradana bu qədər nifrət edir, amma heç cür cavab tapa bilmirdilər.

Bu sual onların beynindən heç çıxmaq istəmirdi ki, istəmirdi.

Cürət edib Allahdan da soruşa bilmirdilər.

Fikirlər artıq onları üzməyə başladı və onlar Allahın qadağalarını yada salmağa başladılar. Nədən axı Allah onlara bu qadağaları qoymuşdu.

Bəlkə elə buna görə də Şeytan Allahdan üz döndərmişdir.

Bax bütün bu suallar növbəti görüşü şərtləndirirdi.

Müəyyən zaman keçdikdən sonra, əslində zaman yox idi və mövcud olmayan bir şeyin keçməsi mümkün deyildi və sadəcə bu zaman insanlar üçün var idi və onların beyinlərində olan bu zaman məfhumu idi keçib gedən, Allahdan gizli olan məkanda yeni görüş gözlənilirdi və bu görüş axır ki, baş verdi.

İnsanla Şeytan yenə görüşdülər, Allahın izni olmasa belə.

Bu görüş əvvəlkilərə nisbətən daha uzun çəkdi və Şeytan İnsana bir sürü şeylər anlatdı və sonda ona idrak ağacının meyvəsindən ərmağan etdi.

Adəmlə Həvva bu meyvədən dadan kimi Allaha üsyan etməyə başladılar.

Bunu görən Allah qəzəbləndi, onları cəzlandırmaq üçün Şeytanı parçalayıb Adəmlə Həvvanın cisminə keçirdi və onları həqiqətdə qovuşdurdu.

Axı Allah hardan biləydi ki əslində onların arzularını həyata keçirir.

Bütün bunlar Allahın hirsini soyuda bilmədi və o, yer adında böyük bir cisim yaradıb, Adəmlə Həvvanı onun üzərinə atdı və onları indi insanların meymun adlandırdığı varlıq şəklinə saldı.

Artıq insan yeni məkana düşmüşdü, hansı ki, bu məkanda o, Allahın iradəsinə qalib gələcək və əvvəlki vəziyyətinə qayıda biləcəkdi.

Çünki Allah insanı cəzaladırarkən səhvə yol vermişdi və bu səhv insanın inkişafına səbəb olmuş və nəticədə onun qələbəsinə yol açmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG