Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:45

Avropa Birliyi demokratiya, yoxsa xristian ittifaqıdır?


Devid Kronin Britaniyanın “Guardian” qəzetindəki məqaləsində xatırladır ki, Türkiyə üzvlük üçün hələ 22 il qabaq Avropa Birliyinə müraciət edib.

Amma üzvlük danışıqları formal olaraq 2005-ci ildə başlasa da Türkiyənin Avropa Birliyinin tamhüquqlu üzvü olması perspektivi heç üfüqdə də görünmür.

Üzvlük danışıqlarında irəlıiləyiş çox azdır. Əsas səbəb Kiprin gələcəyi ilə bağlı sualların açıq qalmasıdır.

Ciddi problemlərdən biri də Türkiyədə insan haqları ilə bağlı vəziyyətin hələ də tam düzəlməməsidir.

Düzdür, məsələn, Türkiyədə vaxtilə dövlətin 1 milyondan çox ermənini qırmasını deyən Orxan Pamuka qarşı cinayət işi ləğv edilib.

Bundan başqa Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar atılıb.

Amma Ankara hələ də müxalif səslərə qarşı təqibləri davam etdirir. Bu yaxınlarda kürdlərin Demokratik Toplum Partiyası da Konstitusiya Məhkəməsi tərəfindən bağlanıb.

Amma Devid Kronin hesab edir ki, nə Fransa prezidenti Nikola Sarkozinin, nə də Almaniya kansleri Angela Merkelin Türkiyənin Avropa Birliyinə qəbul edilməsinə qarşı çıxması insan haqları problemləri ilə bağlı deyil.

Onlar əsas səbəbi dilə gətirmirlər. Məsələnin kökündə o dayanır ki, Avropa Birliyi müsəlman ölkəsini öz sıralarına üzv qəbul etməyə hazır deyil.

Müəllif hesab edir ki, Türkiyəyə qarşı belə münasibət irqçilik kimi yozula bilər.

O yazır ki, düzdür, rəsmi olaraq Avropa Birliyinin institutları müxtəlifliyi dəstəklədiklərini iddia edirlər. Amma birliyin ən nüfuzlu liderləri arasında “yazılmamış bir anlaşma” var ki, birlik əsasən xristian ittifaqı olaraq qalmalıdır.

Avropa Birliyinin yeni prezidenti Herman van Rompuy belə arzularını açıq şəkildə dilə gətirən azsaylı birlik rəsmilərindəndir. (Bu, onun yeni vəzifəyə gətirilməsindən xeyli əvvəl olub).

O demişdi:

"İndi Avropada qüvvədə olan bəşəri dəyərlər həm də xristianlığın təməl dəyərləridir. Türkiyə kimi böyük İslam ölkəsinin birliyə qəbul edilməsi ilə həmin dəyərlərin gücü azala bilər”.

Rompuy bunu 2004-cü ildə Belçika parlamentindəki çıxışında demişdi.

Məqalə müəllifi yazır:

“Mən bir xristian olaraq (hərçənd dindar sayıla bilmərəm) əmin deyiləm ki, Rompuyun haqqında moizə oxuduğu xaçpərəstlik dəyərləri başqa bir dinə sitayiş edənlərin üzünə qapı çırpmağı əsaslandıra bilər.

Əgər məsələn, qolf klubu kimisə üzvlüyə qəbul etməməklə bağlı belə bir qərar versəydi, onu hüquq bərabərliyi haqqında qanunları pozmaqda günahlandırıb məhkəməyə verərdilər.

Avropa Birliyinin sözdə demokratiyalar birliyi olduğu bildirilir.

Amma birliyə hansısa dövlətə qarşı dini zəmində ayrı-seçkilik siyasəti yürütmək icazəsi niyə verilməlidr?”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG