Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:19

Yardımsız qalan rayonlarda çörək qıtlığı


Elektrik enerjisi olmadığından əksər çörək bişirmə müəssisələri fəaliyyətini dayandırıb

Elektrik enerjisi olmadığından əksər çörək bişirmə müəssisələri fəaliyyətini dayandırıb

Qasırğanın cənub rayonlarına vurduğu ziyan hələ də aradan qaldırılmayıb. Səbəb də dövlət səviyyəsində yardımların edilməməsidir.

YARDIM OLUNMALIYDI…

Qasırğanın daha çox ziyan vurduğu Lerik rayon mərkəzinə elektrik enerjisinin verilməsi hələ də bərpa olunmayıb. Rayon icra hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov yardımların hansı səbəbdən gecikdirildiyini bilmir. Deyir əslində indiyə qədər bu yardımlar olunmalıydı.

«Artıq gecdir, qasırğadan sonra da qar yağıb. Vətəndaşlar da öz hesablarına və rayon icra hakimiyyətinin daxili imkanları hesabına müəyyən işlər görürlər. Amma hələ heç bir yardım olunmayıb».

BİR TƏRƏFDƏN DƏ QAR YAĞDI

Habil Məlikov deyir ki, onlar təbii fəlakətdən dərhal sonra yardım üçün Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Hazırda Fövqəladə Hallar Nazirliyindən gələn 70 nəfərlik briqada işə başlasa da, yardımlar olmadığından dam örtükləri dağılan xəstəxanalar, məktəblərlə bağlı hər hansı bir iş görmək mümkün deyil. Komissiya sədrinin sözlərinə görə, ötən gecə yağan qar vəziyyəti bir qədər də çətinləşdirib.

«78 orta məktəbə, 13 uşaq bağçasına, üç xəstəxana və iki həkim məntəqəsinə ziyan dəyib. Heç bir köməklik göstərilmədiyinə görə, daxili imkanlar hesabına ordan-burdan bir təhər düzüb-qoşuruq».

ASTARADA ÇÖRƏK QITLIĞI VƏ QİYMƏT ARTIMI

Cənub rayonlarının icra hakimiyyətlərindən yardımla bağlı Nazirlər Kabinetinə müraciət etdiklərini deyirlər
Təbii fəlakətdən ciddi ziyan çəkən Astara rayonunda isə çörək qıtlığı yaranıb. Müxbirimiz Müstəcəb Məmmədovun verdiyi məlumata görə, elektrik enerjisi olmadığından əksər çörək bişirmə müəssisələri fəaliyyətini dayandırıb. Elə bu səbəbdən də həm də çörəyin qiyməti bahalaşıb.

«Şəhərdə elektrik enerjisinin olmaması çörək qıtlığı yaradıb. Çünki əsas çörək bişirmə müəssisələri rayon mərkəzində yerləşir. Bu baxımdan da mağazalar çörəyin qiymətini 10 qəpik bahalaşdırıb. 20 qəpiklik çörək indi olub 30 qəpik».

Müstəcəb Məmmədovun sözlərinə görə, hələ ki rayon rəsmiləri fəlakətin aradan qaldırılmasıyla məşğul olduqlarından çörək qıtlığı və bahalaşmayla bağlı hər hansı bir iş görülmür. Sadəcə elektrik enerjisinin verilməsindən sonra vəziyyətin normallaşacağını bildirirlər.

XƏSARƏT ALAN VARMI?


Müxbirimizin dediyinə görə, eyni vaxtda İranın Azərbaycanla sərhəd rayonlarında da təbii fəlakət olmasına baxmayaraq artıq problemlər aradan qaldırılıb və İran tərəfi Astara gömrük keçid məntəqəsinə elektrik verilməsini bərpa edib.

İndiyə qədər insanların xəsarət alması ilə bağlı məlumatlar açıqlanmasa da bölgə müxbirimiz xəbər verir ki, Astaranın Məscidməhlə kəndində küləyin aşırdığı ağacın altında qalan bir qadın ağır vəziyyətdə Bakıya xəstəxanaya çatdırılıb.

Cənub rayonlarında təkcə çörək qıtlığı yox, həm də informasiya qıtlığı yaranıb. Lerik şəhər bələdiyyəsinin sədri Güləddin Şahverənov deyir ki, külək rayondakı teleqüllənin bir hissəsini əydiyindən və elektrik enerjisi olmadığından ölkədə və dünyada baş verənlərdən xəbərsizdilər.

Bələdiyyə sədri rayonun kəndlərinə elektrik enerjisinin verilməsinin 10-15 gündən tez mümkün olacağına inanmır.

YARDIMLAR NİYƏ YUBANIR?

Cənub rayonlarının icra hakimiyyətlərindən yardımla bağlı Nazirlər Kabinetinə müraciət etdiklərini deyirlər. Nazirlər Kabinetinin mətbuat xidmətindənsə AzadlıqRadiosuna bildirdilər ki, yardımla bağlı onlara müraciət olunması, bununla bağlı hansısa qərarların qəbul edilməsi və ümumiyyətlə nə qədər adamın zərər çəkməsindən xəbərsizdilər.

İqtisadçı Qadir İbrahimli hələ də təbii fəlakətdən ziyan çəkənlərə yardımlar edilməməsini mənfi hal sayır. Onun sözlərinə görə, əslində indiyə qədər yardımlar olunmalı və dəyən zərər aradan qaldırılmalı idi. İqtisadçı düşünür ki, yardımların hələ də edilməməsi hadisənin qeyri-iş günlərində baş verməsi, ya da ki, yeni ilin büdcəsinin icrasına başlanmaması ilə bağlı ola bilər.
XS
SM
MD
LG