Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

«Belə bir kredit normal şəraitdə verilməzdi»


«Birjalar olmadığı üçün təsiri ölçmək də olmur»

«Birjalar olmadığı üçün təsiri ölçmək də olmur»

«Mərkəzi Bankın ARDNŞ-ə verdiyi 750 milyon manatlıq kredit Azərbaycan iqtisadiyyatına böhranın təsiri ilə bağlı bir siqnaldır. Çünki belə bir kredit normal şəraitdə verilməzdi».

Şimali Dakota Universitetinin (Amerika) professoru Fariz Hüseynov AzadlıqRadiosunun «İşdən sonra» verilişinə belə deyib:

«Belə kreditlər müəyyən təhlükə siqnalları olduğu halda verilir. Təbii ki, neft şirkətinin hesabatlarına malik olmadığım üçün dəqiq rəqəmlər də deyə bilmirəm. Ancaq Mərkəzi Bankın rəhbərliyi həmişə çox ehtiyatlı, düşünərək addım atdığı üçün deyə bilərəm ki, hər halda bu borca kifayət qədər güclü ehtiyac olmasaydı, o bu vəsaiti verməzdi. Heç şübhəsiz ki, Mərkəzi Bankın bu addımı atmasına Dövlət Neft Şirkətinin ehtiyacı yaranmışdı».

Cənab Hüseynov hesab edir ki, Mərkəzi Bankın bu addımı düz idi. Çünki əgər neft şirkətinin başı üzərini qara buludlar alarsa, bu birbaşa digər sahələrə təsir edəcəkdi:

«Ümumiyyətlə, ölkə riskinin artması və bunun da bank sektoruna təsiri son nəticədə qayıdıb Mərkəzi Banka və beləliklə də ümumi bank sektoruna ziyan vura bilərdi. Bu isə bank sektorundan asılı məsələ deyil. Ümumiyyətlə iqtisadiyyatda gedən proseslər Azərbaycan iqtisadiyyatının neftdən asılılığından yaranır və hər halda bunun qarşısını almaq düzgün addım idi. Təbii ki, kreditin müəyyən şərtləri ilə bağlı müzakirə açmaq olar, amma Mərkəzi Bank ümumən düzgün qərar qəbul etdi bu krediti verməklə».

Bununla belə, Fariz Hüseynova görə, Azərbaycanda elə sahələr var ki, onlara beynəlxalq maliyyə böhranının necə təsir etdiyini müəyyənləşdirmək olmur:

«Təsirin bir sahəsi var ki, o qeyri-müəyyən bir qutuya bənzəyir. Böhranın həmin sahəyə necə təsir etdiyini bilmirik. Çünki Azərbaycanda birjalar yoxdur. Birjalar olmadığı üçün təsiri ölçmək də olmur. Qiymətli kağızlar birjası – birjanın müəyyən fundamental faktorları var ki, maliyyə sektorunda olmalıdır, o Azərbaycanda yoxdur. Və bunu biz istəyirikmi ki, Azərbaycanda olsun, mən hələ ki, bu istəyi görmürəm».

Şərhləri göstər

XS
SM
MD
LG