Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:27

Təzad dolu Yeni il


Bəzi dindarlar Məhərrəm ayında bayram etməyi doğru saymayıblar
Bəzi dindarlar Məhərrəm ayında bayram etməyi doğru saymayıblar
- Yeni ildə gəzməyə getdim, sirkə getdim, Qız qalasına getdim, yaxşı keçdi yeni ilim...

Yeni ili necə keçirdiyi barədə danışan uşağın söhbətini həmyaşıdları həvəslə dinləyirdilər:

Bayramı həmişəki kimi evdə yalnız fişəng atmaqla qarşılayan uşaqların isə öz arzuları var.

- Mən istərdim ki, sirkə gedim, Kukla Teatrına gedim, Şaxtababanı görüm.

- Mən ən çox zooparka getmək istəyirəm, filləri görmək istəyirəm.

Valideynlər isə uşaqlarının bu arzularını gerçəkləşdirməkdə aciz olduqlarını deyirlər:

- Bizim də uşaqlar kimi televizorlarda görürlər, deyirlər ana bizi də apar. Neyniyək imkanımız yoxdur.

- Uşaqlar deyir ki, ay ana, bizi də apar bayram konsertlərinə bizim də elə imkanımız, pulumuz-paramız yoxdu ki, uşaqları aparaq.

«NƏ BAYRAMI İDİ Kİ ELƏ?»

2010-cu ilin gəlişini bakılıların bəzisi bol süfrə və əyləncə, bəziləri dolanışıq problemləri içində qeyd edib. Bəziləri isə heç qeyd etməyib. Bəzi dindarlar Məhərrəm ayında bayram etməyi doğru saymayıblar:

- Nə bayramı idi ki elə?

- Matəmlə əlaqəli elə də yaxşı, təmtəraqlı olmadı.

Şəhərin mərkəzində adətən qələbəlik olan restoranlar da bu bayramı qaz vurub qazan doldura bilmədiklərindən danışır.

RESTORANLAR GÖZLƏDİKLƏRİ GƏLİRİN HEÇ 40 FAİZİNİ DƏ ƏLDƏ EDƏ BİLMƏYİBLƏR


Mərkəzdə yerləşən restoranlardan birinin meneceri deyir ki, bu bayram gözlədikləri gəlirin heç 40 faizini də əldə edə bilməyiblər.

Metronun «Gənclik» stansiyasının yaxınlığında yerləşən restoran sahibi isə heç Məhərrəm ayında bayram edib gəlir qazanmaq da istəməyib.

İqtisadçı Azər Mehtiyev deyir ki, orta statistik azərbaycanlı nə birinci restoran sahibinin müştərisidir, nə də ikincinin. Azərbaycan vətəndaşlarının əksəriyyətinin imkanı yalnız evdə bayram süfrəsi açmağa çatır. Halbuki, bir çoxları özlərinə heç bunu da rəva görməyiblər. Elə söhbətləşdiyimiz bakılılar da belə deyir:

«ADİ GÜNLƏRDƏN BİRİ OLDU BİZİM ÜÇÜN»

- Qaz baha, işıq baha, su baha və və s. Başqa ölkələrdə bayram qabağı hər şey ucuz olur. Bizdə isə əksinə.

- Heç biz bilmədik ki, Yeni il necə gəldi keçdi. Dolanışıq yoxdu, imkan yoxdu, hər şey baha. Adi günlərdən biri oldu bizim üçün.

- Şükür Allaha, keçirdik də.

- Bu bahaçılıqda təqaüdçü adamam. Necə keçirə bilərəm. Elə belə.

- Vallah ürəyim istəyən kimi olmadı. Həm də Məhərrəm ayına düşdü. Əvvəlki kimi yaxşı olmadı.

- Şöbə rəisi işləyirəm. Yeni ili adi gün kimi keçirdim. Yeni il keçirim uşaqlarım sonra ac qalsın?
XS
SM
MD
LG