Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:16

Seçicilər seçilməyənlərdən üz döndərirlər


«Əvvəllər də var idi, amma bu şəkildə olmamışdı, bu seçkidə saxtakarlıq lap ağ oldu»
«Əvvəllər də var idi, amma bu şəkildə olmamışdı, bu seçkidə saxtakarlıq lap ağ oldu»
Şəkidə bələdiyyə seçkilərində qalib gəldiklərini iddia edənlər seçildiklərini sübut eləmək üçün onlara səs verənlərin imzalarını toplamağa başlayıblar. Şəki 115 saylı 2-ci kənd seçki dairəsindən namizəd olmuş Bakıxan Qəribov deyir ki, başqa yolları qalmayıb. Dairə Seçki Komissiyasından Mərkəzi Seçki Komissiyasına qədər etdikləri çoxsaylı müraciətlərə cavab almadıqlarından belə bir üsula əl atmağa məcbur olublar:

- İndi bizə səs vermiş insanların imzalarını toplayırıq.

Bakıxan Qəribov deyir ki, problem ondadır ki, verilən səsləri qoruya bilmədikləri üçün camaat onlara salam belə vermək istəmir:

«DOĞURDAN CAMAAT ÇOX PİS OLUB»

- Doğurdan camaat çox pis olub, hər məclisdə, toyda, yasda, hər əsgər qonaqlığında deyirlər ki, axı belə olmamışdı. Əvvəllər də var idi, amma bu şəkildə olmamışdı, bu seçkidə saxtakarlıq lap ağ oldu.

Qonşu kənddən olan bir YAP-çı namizədi DSK-ya çağırıb şikayətilə maraqlandıqlarını deyən Bakıxan Qəribov, ona da növbə çatacağını gözləyir:

- İndi mən də gözləyirəm ki, nə vaxtsa bizi də çağırıb, şikayətimizlə maraqlanarlar.

«PREZİDENTƏ VƏ MSK-YA ETDİYİMİZ MÜRACİƏTƏ CAVAB GÖZLƏYİRİK»

Salyan rayonunun Arbatan kənd bələdiyyəsinə namizəd olan Vüqar Əliyev deyir ki, üç namizəd seçkidən bir gün sonra səsvermədəki qanun pozuntuları barədə Mərkəzi Seçki Komissiyasına müraciət edib və komissiyadan onların şikayətlərinə baxıldığı barədə bildirilib. Vüqar Əliyev deyir ki, bundan başqa saxtakarlıqlarla bağlı prezidentə teleqram da göndəriblər:

Sabirabaddan olan YAP-çılar MSK qarşısında seçki saxtakarlıqlarına etiraz edirlər, 26 dekabr 2009
- Ümumiyyətlə, rayon ərazisində seçicilərin səslərinə olan hörmətsizlik, saxtakarlıq, polis polkovnik-leytenantının məntəqəyə gəlib məntəqə sədrilə komissiya üzvlərini aparması, hamısını müraciət məktubunda yazmışıq.

Vüqar Əliyev deyir ki, hələ səsvermədən əvvəl namizədlərə olunan təzyiqlərlə bağlı edilən müraciətlərə də normal baxılmayıb. Onun sözlərinə görə, YAP-çı namizədə təzyiq edən sahə müvəkkili cəzalandırılmaq əvəzinə Arbatan kəndindən başqa bir kəndə eyni vəzifəyə göndərilib:

- Çox maraqlıdır ki, namizədlər şikayət etmişdilər ki, burda cinayət tərkibi var. Amma polis qanunları bu şəkildə pozduğuna görə, ona müəyyən cəza verilməli olduğu halda bizə DSK-dan verilən məlumatda deyilir ki, həmin polisin iş yeri dəyişdirilib və ona tövsiyə olunub ki, bir də belə işlərlə məşğul olmasın.

Arbatan kəndinin sahə müvəkkili Yeni Azərbaycan Partiyasından olan namizədə təzyiqlər etmişdi ki, o namizədliyini geri götürsün. DSK şikayətçilərə verdiyi cavabında həmin polisin cəzalandırıldığını bildirsə də, Salyan rayonun polis rəisi AzadlıqRadiosuna bu yerdəyişmənin seçkilə bağlılığını təkzib eləmişdi.

Vüqar Əliyev deyir ki, onların həm MSK-ya, həm də prezidentə ünvanladıqları müraciətlərin hər birinin arxasında qanun pozuntusuna yol verildiyini təsdiqləyən konkret faktlar durur. Həmsöhbətim deyir ki, əgər onların müraciətləri araşdırılmasa, onlar da seçicilərin kimə səs verdiyini sübut edəcək sənədləri toplayacaqlar.

MSK NARAHATLIĞA ƏSAS GÖRMÜR

Mərkəzi Seçki Komissiyasından isə daxil olan şikayətlərin diqqətlə araşdırıldığını deyirlər və hər hansı narahatlığa əsas görmürlər.

MSK-nın katibi Natiq Məmmədov seçki şikayətlərinin az və çoxluğu barədə bir söz deməsə də, daxil olan bütün müraciətlərin diqqətlə araşdırıldığını bildirir. Onun sözlərinə görə, elə bayram günləri MSK-nın tam tərkibdə işləməsi də şikayətlərin araşdırılmasıyla bağlıdır. Rəsmi nəticələrin təxminən 18 gün müddətinə elan olunması gözlənilir. Bu baxımdan da cənab Məmmədov şikayətlərin araşdırılması üçün hələ vaxt olduğunu deyir.
XS
SM
MD
LG