Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:30

«Biz Dağlıq Qarabağ məsələsinin həlli üçün bütün imkanlardan istifadə edə bilərik»


İQTİSADİ ARTIM 9 FAİZ


«Azərbaycan 2009-cu ildə bütün çətinliklərə baxmayaraq, uğurlu inkişafı davam etdirmişdir. 2009-cu ildə ölkəmizdə iqtisadi artım 9 faizdən çox olmuşdur. Bu, böhranlı ildə çox böyük göstəricidir. Bütün bölgədə yaşanan böhran və bölgədə müxtəlif istiqamətlərdə aparılan islahatlar hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır».

Prezident İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqına təbrikində belə deyib.

İNFLYASİYA 2 FAİZDƏN AŞAĞI


O bildirib ki, ölkədə inflyasiya 2 faizdən aşağı səviyyədədir: «Yəni, iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyədədir. Bütün bunlara biz sizinlə bərabər düşünülmüş siyasət aparmaqla, islahatlar aparmaqla buna nail ola bilmişik. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanın bu istiqamətdə - iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etdi və bunu bəyan etdi. 2009-cu ildə Dünya İqtisadi Forumu – çox mötəbər beynəlxalq təşkilat - Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq gördü. Azərbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir».

SON 6 İLDƏ 800 MİNDƏN ÇOX YENİ İŞ YERİ


Prezident deyib ki, 2009-cu ildə bütün planlar, nəzərdə tutulmuş bütün tədbirlər icra edilib: «Regionların inkişafı sürətlə davam etdi. Son 6 il ərzində Azərbaycanda 800 mindən çox yeni iş yerləri açılmışdır. Bütün bölgələrdə canlanma vardır, abadlıq, quruculuq işləri aparılır. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair ikinci proqram icra olunur. Bu proqram çox müfəssəl proqramdır və proqramın icrası nəticəsində, demək olar ki, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapmalıdır».

İlham Əliyev bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafı üçün gözəl şərait vardır: «Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar».

Ölkənin xarici siyasətinə toxunan dövlət böaşçısı «bu istiqamətdə çox vacib addımların atıldığını» deyib: «Azərbaycanla dost olmaq istəyən ölkələrin, bizim strateji tərəfdaşlarımızın sayı artır».

Cənab Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində çox fəal iş getdiyini bildirib:

«Deyə bilərəm ki, 2009-cu ildə məsələnin həlli üçün çox vacib addımlar atılmışdır. Artıq bütün dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər problemin hansı yollarla həll olunması haqqında öz iradələrini ortaya qoyurlar. Çox sevindiricidir ki, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqe üstünlük təşkil edir. Yəni ki, məsələ öz həllini beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bizim həmişə ortaya qoyduğumuz prinsiplər məhz bunlardır.

DAĞLIQ QARABAĞ HEÇ VAXT MÜSTƏQİL ÖLKƏ OLMAYACAQ

Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir, olmayıbdır və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaqdır, Azərbaycanın razılığı olmadan bu, mümkün deyildir. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq bütün imkanları - həm siyasi, həm iqtisadi, həm diplomatik, həm başqa imkanları - işə salaraq, bu məsələni tezliklə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə qayıda bilsinlər».

Prezident bununla bərabər Azərbaycanın öz hərbi potensialını da gücləndirdiyini vurğulayıb:

TORPAQLARI İŞĞALDAN AZAD ETMƏK ÜÇÜN BÜTÜN İMKANLARIMIZ VAR


«Bu, bizim suveren hüququmuzdur və biz bu hüquqdan istifadə edirik. Nəzərə alaq ki, Azərbaycan ordu quruculuğu prosesini daxili imkanları hesabına aparır. Təbii ki, bu, bizim daxili işimizdir. Azərbaycan Ordusu son illər ərzində böyük və uğurlu yol keçmişdir. Bu gün ordumuz qarşıda duran bütün vəzifələri icra etməyə qadirdir. Torpaqları işğaldan azad etmək üçün bütün imkanlarımız vardır. Həm döyüş qabiliyyəti, həm vətənpərvərlik ruhu, həm silah-sursat baxımından imkanlarımız genişlənir. Azərbaycanda müdafiə sənayesi artıq dörd ildir ki, fəaliyyət göstərir və bu istiqamətdə böyük uğurlar əldə etmişik. Bizim hərbi potensialımız gündən-günə artır və artacaqdır. 2010-cu ildə bu məqsədləri təmin etmək üçün əlavə böyük vəsait nəzərdə tutulur. Biz Dağlıq Qarabağ məsələsini, Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün bütün imkanlardan istifadə edə bilərik».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG